“O olmasın, bu olsun” filmi 1956-cı ildə ekranlara çıxarıldı. Doğrudur, dahi Üzeyir bəyin 1910-cu ildə yazdığı bu operettanı ekranlaşdırmaq cəhdi əvvəl də olmuşdu. İlk dəfə 1918-ci ildə Baqram Papazyan ilə S.Lakka filmi çəkməyə cəhd edirlər. Çəkilişlərə Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında başlanır. Lakin film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.
Xalq artisti, kinorejissor Hüseyn Seyidzadə böyük həvəslə bu operettanı ekranlaşdırmağa başlamış və onu böyük uğurla başa çatdırmışdı. Filmə ssenarini Sabit Rəhman yazmışdı. Ancaq filmin yaranma prosesində bir sıra çətinliklər meydana çıxmışdı.
Ən çətin olan aktyor ansamblının seçilməsi idi. Əvvəla, operettanın tamaşasında məşhur aktyorlar iştirak etmişdilər. Məsələn, elə teatrda Məşədi İbadı Mirzəağa Əliyev ifa etmişdi. Rejissor bu rolda da onu çəkməyi qərarlaşdırmışdı. Lakin çəkiliş təzə başlamışdı ki, aktyor qəflətən vəfat etdi. Sonradan Ələsgər Ələkbərov, Mirzə Babayev də bu rolda sınaqdan keçirildi. Filmin quruluşçu operatoru Əlisəttar Atakişiyev Gənc Tamaşaçılar Teatrına gəlib film üçün aktyor seçmək istəyərkən Əliağa Ağayevi bəy, Əhməd Əhmədovu isə hambal rolunda görmüşdü. Elə oradaca hambal rolunu ifaçısını qəqiqləşdirə bilmişdi, Əliağa Ağayevi isə Məşədi İbad roluna sınaq çəkilişlərinə dəvət etmişdi. Doğrudur, bu rola çox aktyorlar dəvət olunmuşdusa da, rejissor nəhayət ki, Əliağanın üzərində dayanmışdı. Ən ciddi problem filmin gənc qəhrəmanları üçün aktyor seçimi idi. Sərvər roluna ilk sınaqdan keçirilən Rəşid Behbudov oldu. Lakin qrim ustasının məsləhəti ilə bu rola Hüseyn müəllim ilk dəfə “Görüş” filmində çəkilmiş, ixtisasca həkim olan Arif Mirzəquliyevi çəkməyi qərara aldı. Gülnaz roluna isə uzun illər M.F.Axundzadə adına Milli Kitabxanada çalışmış Tamara Gözəlovanı seçdi.
Amma məsələ bununla qurtarmadı. Film coxpersonajlı olduğundan digər qəhrəmanların ifaçılarını da müəyyənləşdirmək lazım idi. Haqlı olaraq bu filmi Azərbaycanın məşhur aktyorlarının qalereyası da adlandırırlar. Yaxşı ki, rejissor bu qədər görkəmli aktyorlarımızı bir filmdə toplaya bilmişdi. Bəziləri iddia edirlər ki, filmin bu qədər müvəffəqiyyət qazanmasının səbəbi də elə bu məşhur aktyorların filmdə iştirakıdır və müəlliflər elə buna görə belə bir yola əl atmışlar. Ancaq burada bir məsələni də unutmaq olmaz. Belə ki, ən yaxşı aktyorlar Üzeyir dühasının məhsulu olan belə bir əsərdə rol almağı özlərinə şərəf bilirdilər. Digər tərəfdən isə, rejissor bu sənət ustalarını ekranda yaşatmaq istəyirdi. Bu gün həmin sənətçilərlə ekranda qarşılaşanda adam həqiqətən fəxarət hissi keçirir. Bir baxın, kimlər çəkilib bu filmdə: Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Adil İsgəndərov, Mustafa Mərdanov Münəvvər xanım Kələntərli, Barat xanım Şəkinskaya, Lütfəli Abdullayev...daha kimlər, kimlər...
Hələ məşhur xanəndə Xan Şuşinskinin ürəkləri riqqətə gətirən şaqraq səsini demirəm. Onun qonaqlıq səhnəsində “Kürd-Şahnaz”ı, Tükəzban İsmayılovanın “Segah” muğamlarından ifa etdikləri parçalar hər dəfə ekrandan səslənəndə adam daxili bir rahatlıq tapır.
Məlumat üçün bildirək ki, bu kinolent Azərbaycanın ilk rəngli bədii filmidir.
Ekranlara çıxarıldığı ilk illərdən film artıq dünyanın bir sıra ölkələrində uğurla nümayiş etdirildi. Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd Kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: “O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq , Yuqoslaviya,Yaponiya, Avstriya, ABŞ İsveçrə və Macarıstana satılıb”. Daha sonralar film 10 ölkəyə satıldı.
O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun böyük ustadı Rac Kapur onu Hindistana dəvət etmişdi: “Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”.
Hüseyn Seyidzadə Hindistana getmədi, ancaq Azərbaycanda çox dəyərli filmlər yaratdı. “O olmasın, bu olsun” ona əsl mənada şöhrət gətirdi. Həmişə deyirdi ki, Üzeyir bəyin heç olmasa, bir əsərini ekrana gətirdiyimə görə özümü xoşbəxt sayıram.
Bu əsər, doğrudan da, dünyanı dolaşdı. Onu İranda da, Rusiyada da, Avropa ölkələrində də sevdilər. Bu, əslində, Üzeyir bəy sənətinin əsl mənada təntənəsi idi. Gələn il filmin 60 illik yubileyi keçiriləcək. Çox təəssüf ki, onun yaradıcılarının, demək olar ki, əksəriyyəti aramızda yoxdur.
Amma onları yaşadan, xalqın xatirəsində əbədiləşdirən Üzeyir dühasından yaranan “O olmasın, bu olsun” filmi var.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.