Bakıda yəhudilərin “Roş-Ha-Şana” bayramı qeyd edilib

Bakıdakı Dağ yəhudiləri icmasının nümayəndələrinin və qonaqların iştirakı ilə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib.

“Roş-Ha-Şana” bayramı günü yəhudilər sinaqoqa gedir, növbəti gün isə hamı bir-birini bayram münasibətilə təbrik edir. Bakıdakı bayram gecəsini 200-dən artıq icma üzvü və qonaqlar birgə keçiriblər.

Bayram tədbirində Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini oxuyub.

Təbrikdə bildirilir ki, yəhudi icması ölkəmizin ictimai-siyasi və mədəni həyatında özünəməxsus koloriti ilə seçilir və hazırda Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir. Hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən “Roş-Ha-Şana”  bayramı yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir.

Dağ yəhudiləri sinaqoqunun ravvini Avraam Yaqubov vurğulayıb ki, yeni ilin şirin keçməsi üçün almanı bala batırıb yeyirlər. Bayram süfrəsində məhz bu gün üçün nəzərdə tutulan müxtəlif ərzaq növləri olur. Süfrəyə üzüm şirəsi, göy-göyərti, bal, nar, alma, xurma, qızardılmış balıq qoyulur. Süfrə ətrafındakılara paylanan nar dənələri isə insanların çoxalması arzusu ilə izah edilir.

Qeyd edilib ki, “Roş-Ha-Şana” insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibadət etməklə mənəvi saflığa qovuşmağa çağıran bir mərasimdir. Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Tanrı insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksinlər. Yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun (şofar) bir neçə dəfə səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən bayram “Yom-Kippur” adlanır. “Roş-Ha-Şana” bayramından 10 gün sonra qeyd olunan  “Yom-Kippur” oruc tutmaqla müşayiət olunur.

Artıq dördüncü ildir ki, Bakıdakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə icmanın üzvlərinə bayram sovqatı paylanılır. Bu il də “Roş-Ha-Şana” bayramı ərəfəsində 300 ailəyə bayram paketi təqdim olunub.

Bayram toplantısında İsrailin Azərbaycandakı səfiri Dan Stav, Milli Məclisin deputatı Yevda Abramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov və başqaları iştirak ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında