Yeni kitab. Şəms və Mövlana

Bu yaxınlarda "Nurlan" nəşriyyatında tanınmış şərqşünas alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin "Şəms və Mövlana" adlı yeni kitabı çapdan çıxmışdır. Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında məqalələr, eləcə də onların yaradıcılığından tərcümələr daxil edilmişdir.
Məqalələrdə Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salınmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirilmiş, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhi verilmişdir.
Kitabda yer almış və orijinaldan edilmiş tərcümələr Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Həmin tərcümələrdən birini oxucuların diqqətinə çatdırırıq.

{nl}

Ovucda dəyirman daşı
Mövlana buyurdu: Seyid Bürhanəddin Mühəqqiq danışırdı ki, birisi onun yanına gəlib söylədi: "Sənin tərifini filankəsdən eşitdim". Seyid Bürhanəddin dedi: "Hələ bir söylə görüm, o filankəs kimdir və onun səviyyəsi varmı ki, məni tanısın və tərifləsin. Əgər o, məni sözümlə tanıyıbsa, deməli, məni tanımayıb, çünki bu söz qalmayacaq, bu hərf və səs qalmayacaq, bu dodaq və ağız qalmayacaq - bütün bunlar keçici təzahürlərdir. Əgər əməlimlə tanıyıbsa, yenə də eləcə. Amma əgər mənim zatımı (mahiyyətimi) tanıyıbsa, o zaman məni tərifləyə bilər və həmin tərif mənə aid olar".
Buna uyğun bir hekayət var: Deyirlər, bir padşah öz oğlunu gizli elmləri bilən insanlara tapşırmışdı ki, ona nücum, rəml və sair elmləri öyrətsinlər. Oğlan korafəhm və kütbeyin olmasına baxmayaraq, həmin elmləri öyrənib tam bir ustad oldu.
Bir gün padşah oğlunu imtahan etmək üçün ovcunda bir üzük gizlədib dedi: "Gəl söylə görüm, ovcumda nə var?" Oğlan dedi: "Sənin ovcundakı şey girdədir, rəngi sarıdır, ortası deşikdir, özü də mədəndən çıxarılır". Padşah söylədi: "İndi ki, əlamətlərini düzgün tapdın, onda hökm elə görək, belə bir şey nə ola bilər". Oğlan cavab verdi: "Gərək ki, dəyirman daşı". Padşah dedi: "Axı ağlı heyran qoyan bu qədər dəqiq əlamətləri bilik və təhsilin gücü ilə söylədin, niyə bircə bunu anlamadın ki, dəyirman daşı ovuca sığışmaz?!"
İndi zəmanəmizin alimləri də elmdə tükü-tükdən seçirlər, özlərinə aid olmayan şeyləri dəqiqliklə bilir, bütün cəhətləri ilə dərk edirlər, amma onlara mühüm və hər şeydən yaxın olanı, yəni özlərini kənara qoyublar, öz-özlərini tanımırlar. Hər şey barədə halal-haram hökmü verib deyirlər ki, o caiz deyil, bu halaldır, o haramdır. Amma özlərinin halal ya haram, caiz yaxud qeyri-caiz, təmiz yoxsa natəmiz olduqlarını bilmirlər. Halbuki bu ortası deşiklik, sarılıq və girdəlik təzahürlərdir, oda atınca, bütün bunlar qalmaz, mahiyyət qalar və cəmi əlamətlərdən təmizlənər. İstənilən kəs barədə elm, əməl və söz baxımından söylənən əlamətlər də həmçinin, o şəxsin cövhərinə aid deyil, halbuki bütün bunlar yox olandan sonra qalan odur. Onların (alimlərin) göstərdiyi əlamətlər də belədir, yəni bütün bunları deyərlər, şərh edərlər, axırda da hökm verərlər ki, ovucdakı dəyirman daşıdır. Çünki əsas şeydən xəbərləri yoxdur.

{nl}

Təqdim etdi: İbrahim NİZAMİOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında