Azərbaycan milli mətbuatının ən uzunömürlü dövri nəşri olan “Xalq qəzeti”nin (1991-ci ilin avqustunadək “Kommunist” adı ilə nəşr olunmuşdur) ilk nömrəsinin çapdan çıxmasından 96 il keçir. Bugünədək qəzetin 27990 sayı işıq üzü görmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatın fəaliyyəti üçün yaratdığı demokratik şəraitdən istifadə edərək “hümmət”çilərin 1919-cu il avqustun 29-da buraxdıqları qəzetin ardıcıl, gündəlik fəaliyyəti, əslində, 1920- ci ilin aprelində bolşeviklərin çevriliş yolu ilə hakimiyyəti ələ keçirməsindən sonra— aprelin 30-dan başlanmışdır.
İlk nömrənin 1919- cu ildə çıxması əsas götürülərək 1929-cu ildə “Kommunist” qəzetinin 10 illik yubileyinin təntənəli surətdə keçirilməsi barədə qərar qəbul olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra onun parlamentinin gündəlik qəzetinin— ilk milli rəsmi nəşr olmuş “Azərbaycan” qəzetinin kollektivi işdə saxlanılmaqla (redaktor istisna olmaqla) onun bazasında “Kommunist” qəzeti fəaliyyətə başlayır. Hakim kommunist rejiminin basqı və qadağalarına baxmayaraq milli demokratik mətbuatımızın yetirmələri, jurnalistikamızın sonrakı nəsil davamçıları ilk 45 illik milli qəzetçilik təcrübəsini, milli dövlətçilik yaddaşının qorunması ilə bağlı səylərini bu nəşrin fəaliyyətində davam etdirmək üçün nə mümkündürsə etmişlər. Bu işdə əvvəllər “Azərbaycan” qəzetində çalışmış, milli məfkurə daşıyıcıları olan ziyalılar, publisistlər daha fəal rol oynamışlar.
Xalq Daxili İşlər Komissarı vəzifəsində çalışmış Həmid Sultanov 1922-ci ildə “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin Rusiyaya daşınıb aparılması və əvvəllər bunun müqabilinə Bakıya ərzaq adı altında boş vaqonlar gətirilməsi barədə yazı çap etdirdiyinə görə vəzifəsindən azad edilmiş və həbs olunmuşdu. Gizli müsavatçı-publisist Mirzəbala Məmmədzadə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi mülahizələri ilə çıxış etmişdi. Təəssüf ki, “Kommunist” qəzetinin bu milli təmayülünü S. Kirov, L. Mirzoyan kimi yad simaların rəhbərlik etdikləri, Ə. Qarayev kimi milli hisslərdən məhrum yerli kadrlardan dəstək alan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi daim qamçılamışdı. “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə yüksək səviyyədə ciddi tədbirlər görülmüşdü.
O dövrdə qəzetdə çalışan milli varlığa bağlı ziyalılar qəzetin milli-xəlqi istiqamətini qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edirdilər. Təəssüf ki, 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov Moskvaya aparıldıqdan sonra qəzetin nisbi sərbəstliyinə də son qoyulmuş, redaksiya yuxarının direktivləri və sərt nəzarəti altında fəaliyyət göstərməli olmuşdu. Bütün bunlara baxmayaraq, “Kommunist” qəzeti 1920-30-cu illərdə həyata keçirilən mədəni inqilab, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi proqramlarına Azərbaycanda ideya-siyasi təminat yaradılmasında, adamların quruculuq işlərinə səfərbər edilməsində fəal rol oynamışdı. Savadsızlığın ləğvi, qadın azadlığı kimi hərəkatlarda da “Kommunist” qəzeti kütlələrə dəyişdirici təsir göstərmişdi.
Qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların keçirilməsində informasiya-təbliğat ruporu olmuşdu. Bir sözlə, Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı o illərdə “Kommunist” qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz idi.
Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbi idi. Ümumiyyətlə, uzun onilliklər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə çıxarılmışdı. Onun ideya-siyasi və peşəkarlıq səviyyəsi sahə və bölgə dövri nəşrləri üçün örnək kimi qəbul olunmuşdu. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxil olmuşdur.
Müasir qəzet üslubu, əsasən, “Kommunist” qəzetinin səhifələrində cilalanıb-zənginləşmişdir. Ərəb əlifbasından istifadə edən ölkələr arasında ilk mexaniki mətnyığan linotip maşın 1925-ci ildə ABŞ-da “Kommunist” qəzetinin sifarişi ilə hazırlanmışdır. Yaponiya kommunistlərinin lideri Sen Katayama o dövrdə SSRİ-yə səfəri zamanı Bakıya gələrkən redaksiyada olmuş və sonralar qəzetə xaricdən müxbirlik etmişdi. Mətbuat sahəsində çalışan məşhur tərcüməçilər uzun illər “Kommunist” qəzetində formalaşmışlar. Respublikada fəhlə-kəndli müxbirlər hərəkatının və professional jurnalist təhsilinin əsasını qoyanların da bir qismi “Kommunist”in təcrübəli işçiləri olmuşlar. Belə faktların sayı kifayət qədər çoxdur.
1937-38-ci illərin repressiyası qəzetin əməkdaşlarından da yan keçməmişdir. Qəzetə redaktorluq etmiş Ə. Qarayev, R.Axundov, B. Talıblı, H.Cəbiyev, tanınmış yazarlar X. İbrahim, F. Ağazadə, qəzetlə əməkdaşlıq edən neçə-neçə yazıçı-şair millətçi damğası ilə qətlə yetirilmişlər. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan Ü.Hacıbəyli, M.S. Ordubadi, S.Vurğun, Mir Cəlal, S.Rüstəm, R. Rza, M. İbrahimov kimi yazıçı və şairlər uzun illər öz yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmış, onun sağlam yöndə inkişafını təmin etmişlər. Bu nəslin istedadlı nümayəndələri II Dünya müharibəsi illərində və sonrakı onilliklərdə öz aktual çıxışları ilə qəzeti xalq həyatı ilə yaxınlaşdırmış, onun nüfuzunu yüksəltmişlər. Ə.Vəliyev, R.Quliyev, İ.Nəzərov, A.Rzayev, R.Mahmudov kimi yetkin redaktorların rəhbərliyi ilə milli mətbuatımızın ənənələri qəzetin səhifələrində yaşadılmış, zənginləşdirilmişdir.
1950-60-cı illərdə qəzetin səhifələrində milli təmayül yenidən güclənmişdir. Qəzetin professionallığı dünya jurnalistikasının yaradıcılıq və texniki uğurlarını mənimsəməklə daim yüksəlmişdir. Mövzu genişliyi, janr əlvanlığı, operativlik, coğrafi əhatə dairəsi “Kommunist”i ölkənin lider qəzeti kimi populyarlaşdırmışdır. Qəzetin ana dilimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi və varisliyi əsas götürməsi onu mükəmməl bir məktəbə çevirmişdir.
Qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirmiş, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının lokomotivi rolunu oynamışdır. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün də gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdı.
Sovet dövründə ölkənin 1 nömrəli dövri nəşri sayılan “Kommunist”in yubileyləri milli mətbuatımızın “ən böyük hadisəsi”, “yeni tipli mətbuatın başlanğıcı”, “həqiqi xalq tribunasının bayramı” kimi qeyd olunmuşdur. 1969-cu ildə qəzetin 50 illik yubileyi böyük təntənə ilə keçirilmişdir.
1969-cu il sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Dram Teatrında keçirilən yubiley mərasimində sovet dövlətinin yüksək mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordenini qəzetin bayrağına Azərbaycana yeni rəhbər seçilmiş Heydər Əliyev sancmışdı. Bu mərasim həm də respublikanın siyasi tarixinə milli gerçəkliyimizin diqqətçəkən hadisələrindən biri kimi daxil olmuşdu: yeni respublika rəhbəri müxtəlif ölkələrin və xalqların təmsilçilərinin iştirak etdiyi yığıncaqda o vaxtın mövcud qaydalarına uyğun olaraq rus dilində deyil, ana dilimizdə çıxış etmişdi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun himayəsi ilə qəzet təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərməyə başlamışdı. 1970-80-ci illərdə “Kommunist”in tirajı 500— 600 min nüsxəyə çatmışdı, qəzet hər evdə- ailədə oxunurdu.
XX əsrin sonlarında SSRİ-nin süqutu prosesində qəzetin kollektivi milli-azadlıq hərəkatını dəstəkləmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə getmişdir. Kommunist rejiminin son dövründə qəzetdə imperiya mərkəzini və onun yerli vassallarını razı salmayan, xalqın haqq səsini yayan yazılar dərc olunmuşdur.
“Kommunist” qəzeti SSRİ-də Kommunist Partiyasının buraxılmasından və Azərbaycanın dövlət suverenliyinin elan olunmasından xeyli əvvəl öz müstəqilliyini elan edərək “Xalq qəzeti” adı ilə azad mətbuat orqanına çevrildi.
Dövlət müstəqilliyinin ilk illəri mövcud siyasi və iqtisadi böhranla, Qarabağ müharibəsi ilə bağlı “Xalq qəzeti” üçün də məhrumiyyətli keçmişdir. Lakin qəzetin zəngin ənənələrə, xüsusən, quruculuğa, ümumxalq maraqlarına bağlı olan kollektivi sağlam və sabit mövqeyini qorumuş, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını alqışlamış, onun həyata keçirdiyi tədbirləri və radikal islahatları fəal dəstəkləmişdir.
1994-cü ildə qəzetin 75 illik yubileyində Prezident Heydər Əliyev kollektivə göndərdiyi təbrik məktubunda yazırdı: “Uzun illər “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur”. Ulu öndərin bu yüksək qiyməti qəzetin dünəni ilə bağlı ədalətsiz dəyərləndirmələrə son qoymuş və qocaman mətbuat orqanına yeni həyat vermişdir. 1995-ci il noyabrın 13-də ulu öndər Heydər Əliyevin zəka və məramının yetirməsi olan Azərbaycan Respublikasının Konstitusiyasını çap etməklə “Xalq qəzeti” fəaliyyətində yaranmış qısa fasiləyə son qoydu, cəmiyyətdəki statusunu və rolunu özünə qaytarmış oldu.
Bu yaxınlarda xalqımız 140 il əvvəl ilk anadilli qəzet “Əkinçi”nin nəşrə başlaması ilə milli mətbuatımızın əsasının qoyulmasını sivil tariximizin əlamətdar hadisəsi olaraq ümumxalq bayramı kimi qeyd edərkən bu şanlı tarixin son 96 ilində avanqard qəzet missiyasını daşımış “Xalq qəzeti”nin tutduğu sanballı mövqe də qədirbilənliklə qeyd olundu.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli mətbuatın 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin edən sərəncamı və bayram günü milli mətbuatımızın inkişafında xidməti olan qələm sahiblərinin böyük bir qrupunu mükafatlandırması, jurnalistlərin sosial müdafiəsi ilə bağlı qərar verməsi bu şərəfli tarixi qiymətləndirən və layiqincə tamamlayan yeni bir səhifə oldu.
Milli mətbuatımız öz tarixinin 140- cı ildönümünü dövlət müstəqilliyinin və söz azadlığının son 24 ildə yüksəltdiyi uca bir məqamda şərəfləndirdi. Bu tarixin ən diqqətçəkən faktlarından biri isə heç şübhəsiz, son 96 ilin gündəlik və ardıcıl nəşri kimi ən uzunömürlü milli qəzet olmuş “Xalq qəzeti”nin fəaliyyətidir.
Son 22 ildə “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında öz zəngin təcrübəsi ilə fəal iştirak edir. İlk dövlət qəzeti “Azərbaycan”ın istiqlal amalını sovet dövründə gizli və açıq şəkildə yaşatmış qəzetimiz ölkəmiz yenidən milli dövlətçilik məfkurəsinə qovuşandan sonra azad və demokratik nəşr kimi demokratik medianın inkişaf etdirilməsi işində öndə gedir, cəmiyyətdəki nüfuzunu gündən-günə artırır.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.