Azərbaycan Respublikasında mədəniyyətin inkişafına hərtərəfli qayğı ümumi dövlət siyasətinin tərkib hissəsidir. Dövlət quruculuğu, iqtisadiyyat və sosial sahələrdə həyata keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə təsir göstərmişdir. Bu yüksəlişin əsasında ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı islahatlar dayanır. Qeyd edək ki, ümummilli liderin səyi nəticəsində Azərbaycanın milli-mənəvi sərvətləri, xalqın yaratdığı maddi və mənəvi dəyərlər xalqın özünə qaytarıldı.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə isə Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna çıxarıldı. Dövlət başçısı qətiyyətlə bildirmişdir: “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar”. Prezidentin bu uzaqgörən bəyanatı artıq real həyatda öz təsdiqini tapmışdır. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır.
Mədəni həyatımızın zənginləşməsində Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunmuş dövlət proqramları əhəmiyyətli rol oynadı. Bu proqramların qəbul olunması onu göstərir ki, dövlətimiz milli mədəniyyətimizin qorunmasını, təbliğini və gələcək nəsillərə çatdırılmasını inkişafımızın prioritetlərindən hesab edir. Həmin proqramların bir xüsusiyyəti də bundadır ki, onlar bütövlükdə mədəniyyəti deyil, onun ayrı-ayrı sahələrini əhatə edir.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” 10 illik bir dövr ərzində milli kinomuzun inkişafının əsas hədəflərini müəyyənləşdirib. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş bu proqram kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi. Proqram çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi bir sıra uğurlu layihələr reallaşdırdı. Kino çəkilişləri üçün ssenari müsabiqələri keçirildi, çəkilən filmlərin keyfiyyətinə diqqət artırıldı, Film Fondunun fəaliyyəti genişləndirildi, kinoya gənc kadrlarınn cəlb olunması üçün şərait yaradıldı, xarici ölkələrlə birgə film çəkilişlərinə diqqət artırıldı . Bütün bunların nəticəsidir ki, son illər filmlərimiz dünyanın nüfuzlu beynəlxalq kino festıvallarına dəvət alır və nükafatlar qazanırlar.
Dövlət proqramının icrası ilə əlaqədar işlər yeddi ildir uğurla davam edir. Nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Əlavə təsir”, “Vəkil haradadır?”, “Nabat”, “Qisas almadan ölmə”, “Axınla aşağı”, “Sonuncu” filmləri, müstəqil kino şirkətlərində “Sahə”, “Ölüm növbəsi”, “Aktrisa”, “Kabusun gözüylə” və onlarla başqa filmlər istehsal olunub. Tamaşaçıların rəğbətini qazanmış “Ondan yaxşı qardaş yox idi”, “Mən evimə qayıdıram”, “Dolu”, “Canlı” bədii filmləri də son dövrün məhsullarıdır. “Salnamə”, “Yaddaş” studiyalarında bir sıra sənədli filmlər - “İz...qala”, “Qafqaz qartalının uçuşu”, “Neft Akademiyası”, “Qarabağa gedən yollar”, görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya və Cənnət Səlimovaya həsr olunmuş ekran əsərləri tamaşaçılara təqdim olunub. Bu il isə daha dörd bədii filmin istehsalı davam edir.
Prezident İlham Əliyevin kitab və kitabxana işinə dair 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu sahədə ciddi nailiyyətlər əldə olunmasını təmin etdi. Dövlət rəhbəri, həmçinin, “2007-2008-ci illərdə Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” Dövlət proqramlarının təsdiq edilməsi haqqında" sərəncamları kitab nəşri, kitabxana işinin daha da təkmilləşməsinə imkan yaratdı. Hazırda Azərbaycan kitabları beynəlxalq kitab sərgilərində uğurla nümayiş etdirilir. Milli kitabxana tamamilə yenidən quruldu. Burada elektron sistemlərə keçid təmin olundu, beynəlxalq kitab mübadiləsi genişləndi.
Ölkəmizdə 2008-2012-ci illəri əhatə edən “Muzey işinin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Bundan başqa, ölkə başçısının muzeylərin yenidən qurulması ilə bağlı müxtəlif fərman və sərəncamları var. Həmin proqrama uyğun olaraq Tarix Muzeyində, Nizami adına Ədəbiyyat Muzeyində təmir-bərpa işləri aparılıb. Bu muzeylər Avropa standartlarına tam cavab verir. Xalça Muzeyinin yeni binası istfadəyə verilib. Muzeyin xalça sənətimizin təbliğində, qorunmasında əhəmiyyətli rol oynayacağı şübhəsizdir.
2009-cu ildə Prezidenin sərəncamı ilə təsdiq olunan “ Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatr sənətinin inkişafında əhəmiyyətli rol oynamaqdadır. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, dövlət proqramı teatrlarımızın inkişafına, repertuar siyasətinin günün tələblərinə uyğun yeniləşməsinə, zəngin klassik irsin qorunub təbliğ olunmasına, teatrın yeni yaradıcı qüvvələrlə zənginləşməsinə güclü stimul yaratmışdır.Teatrlarımızın binaları əsaslı təmir olunmuş, onların tərtibatı müasir standartlara uyğunlaşdırılmışdır. Azərbaycan beynəlxalq teatr festivallarında iştirak edir, mükafatlar qazanılır. Son illər regionlarda da teatr sahəsinə diqqət artırılmış, yaradıcı potensial xeyli gücləndirilmişdir.
Azərbaycan Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” hazırda uğurla həyata keçirilməkdədir.
Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.
Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurəti yaratmışdır. Məlumdur ki, bir neçə tarix-memarlıq abidəmiz UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
Qəbul olunmuş dövlət proqramı milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmişdir.
Ötən il Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” da təsdiq olundu. Bu konsepsiya Azərbaycan xalqının zəngin adət-ənənələrini təbliğ etmək üçün lazımi addımların atılmasını, milli bayramlar və mərasimlər, simvollar, musiqi və rəqslərin, folklorun qorunmasını, ictimai oyunlar və tamaşaların bərpasını, incəsənətin zəngin ənənələrinin inkişafını nəzərdə tutur. Eyni zamanda, Konsepsiya dekorativ tarixi əsərlərin təşviqini, yenidən qurulması və qorunub saxlanmasını, miniatür sənətinin inkişafını, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycana dair incəsənət nümunələrinin öyrənilməsini, onların Azərbaycana aidliyinin təsdiqlənməsini, bizim təsviri incəsənətin UNESCO, İSESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təbliğatını və populyarlaşmasını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, mədəniyyətlə bağlı olmayan bir sıra dövlət proqramlarında da mədəni həyatımızla bağlı məsələlərə yer verilmişdir. Bu gün dövlət proqramları mədəni həyatımızın zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə və təbliğinə güclü stimul yaradır.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.