Yeri görünən sənətkar

Səyavuş Aslan-80

Bəli, zaman-zaman biz onları itiririk. Bu, həyatın qanunudur, yarananlar bir gün haqq dünyasına qovuşacaq. Elə insanlar var ki, bu dünyada öz əməlləri ilə ölməzlik qazanırlar. Sənət adamları arasında da belələri az deyil. Milli aktyor sənətimizi formalaşdıran qüdrətli sənətçilərimiz də az deyil. Kimlərin adlarını çəkim: Ərəblinskininmi, Sarabskininmi, Abbas Mirzəninmi, Gəraybəylininmi, Həqiqət xanımınmı, Əliağa Ağayevinmi, Münəvvər xanımınmı, Həsən Turabovunmu, Həsən Məmmədovunmu, Səməndər Rzayevinmi?.. Hamısının ruhu şad olsun.

İki il əvvəl isə daha bir müqtədir sənətkarımızı itirdik. 80 illiyini bu günlər onsuz keçirdiyimiz Xalq artisti Səyavuş Aslan da xatirələrimizin əbədi sakininə çevrildi.

Bu yubiley ərəfəsində onun həyat və yaradıcılıq yoluna nəzər salmaq istədik. Səyavuş Aslan 1935-ci ilin sentyabr ayının 5-də Bakının Saray kəndində anadan olmuşdu. Gələcəyin aktyoru əvvəlcə tar sinfinə, sonra isə dram dərnəyinə gedib. 7-ci sinfi bitirəndən sonra isə Dəmir yol Texnikumuna qəbul olunub.

1954-cü ildən başlayaraq onun peşəkar aktyor karyerası başlayır. Bir-birindən rəngarəng obrazlar yaradan gənc Səyavuş qısa zaman ərzində tamaşaçıların sevimlisinə çevrilib.

Səyavuş Aslan 1954-cü ildə az müddət Musiqili Komediya Teatrının estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdaraq, bu teatrın aparıcı aktyorlarından birinə çevrilib. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Bayram (“Kəndimizin mahnısı”, K.Kərimov), İbişov (“Özümüz bilərik”, Ş.Qurbanov), Füruzbala (“Altı qızın biri Pəri”, M.Əlizadə), Şubay (“Ulduz”, S.Rəhman), Dadaşbala (“Hicran”, S.Rəhman), Qəmzəli (“Qaçırılmış qız”, C.Məmmədov), Misir Nəsir (“Lənət sənə, kor şeytan”, F.Aşurov), Orduxan bəy (“Əlli yaşında cavan”, Z.Hacıbəyov) kimi rolları ilə böyük şöhrət qazanıb.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar da yaradıb. Mindilli (“Nişanlı qız”, S. Rəhman), Luka (“Həyatın dibində”, M. Qorki), Ağəli (“Günah”, R.Əlizadə), Romul Avqustul (“Böyük Romul”, F.Dürrenmatt), Oddamdı (“Od gəlini”, C.Cabbarlı), Fəriş (“Bizim qəribə taleyimiz”, İ.Əfəndiyev), Cabbar (“Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Ağamusa Fərəcov (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Vanya Koxa (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qərib Qulam (“Mənsiz dünya”, N.Xəzri), Əsədulla (“Ah, Paris... Paris!..”, Elçin), baş redaktor (“Mənim sevimli dəlim”, Elçin) və onlarla başqa rolları onun əsl komediya ustası, istedadlı sənətkar olduğunu bir daha təsdiqləyib.

Televiziya və kino da onun yaradıcı həyatının ayrılmaz hissəsi idi. Yüzdən çox televiziya tamaşasında müxtəlif obrazlar ifa edib.

Kinodakı rolları da az deyil. İlk dəfə tamaşaçılar onu rejissor Şamil Mahmudbəyovun bəstəkar Rauf Hacıyevin “Romeo mənim qonşumdur” eyniadli operettası əsasında çəkdiyi filmdə Səməd rolunda gördülər. 1963-cü ildə çəkilmiş bu film onun gələcəkdə komik rolların mahir ifaçısı olacağını göstərdi. Sonra Adil İsgəndərov onu “Əhməd haradadır?” filmində “saqqal” Ramiz rolunda çəkdi. Bununla Səyavuş Aslan milli kinomuzun komik aktyoru kimi komediya janrlı filmlərimizin əksəriyyətində əsas rollarda cəkildi.

Maraqlıdır ki, o, hətta, dramatik tamaşalarda oynayanda belə rollarına çox incə yumor qatır, bununla da tamaşaçını cəlb etməyi bacarırdı. Məsələn, elə “Evlənmək istəyirəm” filmində ona verilmiş Hacı Kəmyəb rolu ciddi xarakterli olsa da, o, öz hərəkətləri, mimikası ilə gülüş doğurur. Bu, böyük istedadın nəticəsi idi.

Onun kino yaradıcılığında çox maraqlı bir obraz da var. O da “Yol əhvalatı” filmində MİS-in rəisi Qurban obrazıdır. Bu filmdə o, Yaşar Nuri ilə birlikdə çəkilmişdi və onların dialoqunu xatırlayanda adamı istər-istəməz təbəssüm bürüyür. Bu, hər iki aktyorun yaradıcılığının layiqli nümunəsidir. Onlar “Əzablı yollar” filmində də birgə çəkilmişdilər. Film uşaqlar üçün nəzərdə tutulmuşdu və nağıl janrında idi. Bu kinolent həmin janrda onların birgə işlədiyi ilk film idi. “Hacı Qara”, “O dünyadan salam”, “Yuxu” filmlərində də Səyavuş Aslan bir-birindən gözəl rollar yaradıb. Hər üç filmdə Səyavuş Aslan obrazların özünəməxsus cizgilərini tapa bilmişdi. Hacı Qara da, Şeyx Nəsrullah da, polis rəisi Fərəcov da bizim kinoda orijinal üslubda yaradılan komik qəhrəmanlardır.

“Adam ol” onun kinoda son işi oldu.

Səyavuş Aslan həmişə, hətta, xəstə olduğu vaxtlarda belə işləmək istəyirdi. Yaradıcılıqdan xüsusi zövq alırdı. Bilirdi ki, onu sevirlər, bu sevginin əvəzini qaytarmağa çalışırdı. Və günlərin birində amansız xəstəlik həyatda yeganə sevinc mənbəyi olan işləmək iqtidarını da əlindən aldı. Səyavuş Aslan ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Aktyorun yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, teatr və kino sahəsindəki səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə o, “Şərəf” ordeni ilə təltif edilmişdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında