Dünya ölkələri, millətləri və xalqları arasında mövqeyini möhkəmləndirən və nüfuzunu artıran Azərbaycan yalnız milli sərvətləri ilə deyil, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və yüksək intellekti ilə tanınır. Çox sevindirici haldır ki, bu gün xarici ölkələrdə yaşayan həmvətənlərimizin Azərbaycanla mənəvi-mədəni əlaqələri, milli dəyərlərimizə bağlılığı, dünya mədəniyyətinə verdikləri töhfələr xüsusilə diqqətəlayiqdir. Bu baxımdan yazıçı, tərcüməçi, Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü, Azərbaycan- Finlandiya Dostluq Cəmiyyətinin fəxri üzvü Tahirə Cəfərova ilə söhbətimiz maraqlı alındı. Onunla Azərbaycan – Finlandiya Assosiasiyasında görüşüb söhbət etdik. Tahirə xanım keçdiyi ömür yolu və fəaliyyəti haqqında bunları dedi:
– Mən 1945-ci ildə Bakı şəhərində anadan olmuşam. Nəsil sarıdan bəxtim gətirib, ziyalı ailəsində böyümüşəm. Babam Ağamehdi Cəfərovun kiçik oğlu – atam Ənvər Cəfərov geoloq idi, Berlində təhsil almışdı. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşı, elmlər namizədi, geofizik, petroqraf, Balakən-Zaqatala yataqlarını tədqiq etmişdi. Məşhur messenat və sahibkar Zeynalabdin Tağıyevin toxuculuq fabrikinin müdiri də olmuşdu. Anam Lidiya Cəfərova Azərbaycan Dövlət Neft Şirkətində plan şöbəsinin rəisi, respublikanın əməkdar iqtisadçısı idi. Qardaşım Vahid Cəfərov ixtisasca filoloq idi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyirdi. İkimərtəbəli evdə yaşayırdıq. Bu evi mənim babam Ağamehdi tikdirmişdi. Mən doğulanda babam sağ deyildi. Babamı onun qardaşları Rəhimbəy və Qasımbəy Cəfərovlar əvəz edirdilər. Onlar həm də babamız Ağamehdinin 6 uşağını, 2 nəvəsini – məni və qardaşımı da tərbiyə edirdilər.
Evimizdə yalnız ana dilində deyil, rusca, fransızca, almanca danışırdılar. Bizim qohumlar inqilaba qədər Bakıda yaşadıqları mədəni mühitin ab-havasını evdə qoruyub saxlayırdılar. Evimiz qonaq-qaralı olurdu: aralarında alimlər, müəllimlər, yazıçılar, şairlər, artistlər daha çox idi. Evimizdə musiqiləri dinləyirdik, operalara, nadir qramafon yazılarına, ədəbiyyat, musiqi, incəsənət haqqında söhbətlərə qulaq asırdıq. Ailəmizin üzvləri əvvəlcədən Kəngərlilər, Üzeyir Hacıbəyov, Qasımov qardaşları ilə yaxından tanış idilər. O vaxtlar azərbaycanlı ziyalıların söhbət dairəsi çox geniş idi. Bu söhbətlərə, əlbəttə ki, Zərdabi və Topçubaşov kimi görkəmli ziyalılar, məşhur jurnalistlər, milli elitanın digər şanlı nümayəndələri daxil idilər...
İlk təhsilimi 134 nömrəli məktəbdə aldım. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olundum, fərqlənmə diplomu ilə təhsilimi başa vurdum. Sonra Moskvada MDU-nun məqsədli aspiranturasında təhsilimi davam etdirdim, professor Bonç-Buryeviçin yarımkeçiricilər kafedrasında. Landau, Eynşteyn kimi dahi fiziklərin nəzəriyyələri üzrə təhsilə və elmi biliklərə yiyələndim. Sonra ixtisasımı dəyişmək qərarına gəldim, həyatımı dil və ədəbiyyata həsr etdim. Ədəbiyyat və incəsənət sahəsinə qayıdandan sonra mən öz düşüncə tərzimi yenidən qurdum, dünyagörüşümü dəyişdim. Bunun üçün riyaziyyatdan fərdi düşüncəyə, yüksək abstraksiyadan səslərə, sözlərə, əlvan rəngli canlı həyata keçmək lazım gəlirdi.
Finlandiyaya 1984-cü ildə getmişəm. O vaxtadək Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldım. Həmin institutda tərcümə fakültəsi yalnız fin dili üzrə idi. Beş ildə bir qrup götürür və fin dili üzrə tərcüməçilər hazırlayırdı. Bu qrupun dərslərini görkəmli tərcüməçi və poliqlot, professor Vladimir Nikolayeviç Boqaçov aparırdı, 25-dən çox dil bilirdi. İnstitutu bitirən kimi fin ədəbiyyatından tərcümələrə başladım.
SSRİ Yazıçılar İttifaqında fin dili üzrə tərcüməçi kimi çalışırdım. Sovet İttifaqı ilə Finlandiya yazıçılar ittifaqları arasında sıx əlaqələr vardı. Finlandiyadan qonaqlar gələndə məni dəvət edirdilər. Oradan tanınmış yazıçı və şairlər gəlirdilər, eyni zamanda, mən klassiklərin əsərlərini tərcümə edirdim. Belə görüşlərdən sonra Veyo Meri adlı klassiki tərcümə eləməyə başladım.Tanınmış yazıçı Veyo Meri Moskvaya gələndə müəllimimiz Boqaçov mənə dedi ki, sən onunla görüşə bilərsən, lakinYazıçılar İttifaqının xarici komissiyasından icazə almaq şərtilə. O vaxt Heydər Əliyev Moskvada Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi. Ziyalılar ilə görüşəndə ulu öndər demişdi ki, sizin üçün yaşıl işıq yandırmışam. SSRİ Yazıçılar İttifaqının xarici komisiyasına getdim. Meri ilə görüşə icazə verdilər.
Mən həyat yoldaşım Reyno Viitala ilə Moskvada tanış olmuşdum. O, firmada işləyirdi, SSRİ-Finlandiya Dostluq Cəmiyyətinin sədri idi. Həm də Finlandiyanın Tampere şəhərində region üzrə sədr vəzifəsində çalışırdı. O, rus dilini öyrənirdi, millətcə findir. Bizim toyumuz Moskvada 1984- ci ildə “Berlin” restoranında oldu. Onun bütün qohumları Finlandiyadan toya gəlmişdilər. Bundan sonra məni Finlandiyaya sərbəst buraxdılar. Mən Merinin tərcümə etdiyim kitabını Finlandiyaya apardım və Meri ilə görüşdüm. O, həmişə Yazıçılar İttifaqının tədbirlərinə məni dəvət edirdi. Beləliklə, qaldım Finlndiyada, ta bugünədək yaşayıram. Bir qızım var: Nərgiz. Mənimlə yaşayır, fin gimnaziyasını və Biznes Kollecini bitirib, iqtisadiyyat, kompüter proqramları ilə məşğul olur.
Mən isə Finlandiyanın Tampere Universitetində əvvəlcə slavyanşünaslıq, sonra professor Varpionun rəhbərlik etdiyi fin ədəbiyyatı və incəsənəti fakültəsində dərs deməyə başladım. Orada tanınmış professor, doktorlar, müəllimlər çalışırdı. Bu fakültədə məni çox sevirdlər, hətta yubileylərimi də qeyd etdilər. Professor Yure Varpionun “Qütb ulduzları ölkəsi” kitabını fin dilindən rus dilinə tərcümə eləmişəm. Azərbaycan dilindən fin dilinə də belə tərcümələr edirəm.
Uşaqlıqdan ingilis dilini öyrənmişəm. Həmişə çalışırdım ki, fransız və alman dillərini öyrənim, çünki bizim ailədə bu dillərdə danışırdılar. Avropanın əsas dillərinin səslənməsi mənə uşaqlıq illərindən tanış idi. Lakin ilk dəfə fin danışığını, nitqini eşidəndə bu dil mənə xüsusilə ahəngdar, lətif və qeyri-adi göründü, əvvəllər eşitdiyim dillərə oxşamırdı.Ola bilər ki, bu dil mənə bir də belə göründü ona görə ki, bu dildə həyat yoldaşım danışırdı. Dərhal qərara gəldim ki, fin dilini öyrənəcəyəm. Nə qədər çətin olsa da, onun qramatikasında isimin 16 halının olduğunu, digər çətinliklər və incəliklərin olmasına baxmayaraq fin dilini öyrənməyə başladım. Birdən gördüm ki, bizim evdə kitabxanada Şvedski-Finski-Russki köhnə lüğət vardır. Bu lüğət çox əhəmiyyətli idi. Əvvəlcə özüm dili öyrənməyə başladım. Sonra bu dili dərindən öyrənmək üçün Kareliyaya getdim. O zaman Kareliyada hələ dilin daşıyıcıları, bu dildə danışanlar yaşayırdılar.Orada yerli əhali ilə tanış oldum, romantik, sıx, keçilməz meşələrdə doyunca gəzdim, bütünlüklə oranın təbiətinə vuruldum. Orada mənə lazım olan materialları əldə etdim, fin dilinin dərinliklərinə nüfuz elədim. Moskvaya qayıdanda elmi cəhətdən biliklərə malik olmuşdum.
İlk tərcümənin üzərində uzun müddət işlədiyimi heç unuda bilmərəm. Bu, tanınmış fin yazıçısı Arvid Yarnefeltanın məhəbbət haqqında “O və mən” hekayəsi idi. Həmin hekayə “Literaturnaya Rosiya” qəzetinin “Xarici hekayə” rubrikasında dərc olunmuşdu. Tərcümə çox mürəkkəb şeydir. Tərcüməçilik karyeramın başlanğıcında, yalnız gündüzlər deyil, gecələr də oturub işləmək lazım gəlirdi. Əgər tərcümənin əlyazmasını təhvil verilməsi vaxtı yaxınlaşırdısa, bərk sıxılırdım, bu vaxtlarda mən yenidən tərcümənin mətninə qayıdır, başlayıb “təzə gözlə” baxırdım.Tərcümələr mənim övladlarım, bəhrə verən məhsullarımdır, onların hamısı, fərqli olsalar da, mənə əzizdir. Əlbəttə, çoxlu kitablar – həm klassikləri, həm də müasir fin yazıçılarının əsərlərini oxumaq lazım gəldi. Onlardan rusdilli oxucular üçün ən yaxın və maraqlı olanlarını seçib tərcümə elədim. Xüsusilə “Xarici ədəbiyyat kitabxanası” nəşriyyatında buraxılmış ilk tərcüməni – fin klassiki Veyo Merinin “Bir dollara nahar” kitabını qeyd etmək istəyirəm. Tərcümə etdiyim “Müasir fin poeziyası” kitabında (Moskva, “Kruq”, 2010) keçən əsrin 50-ci illərindən başlayaraq fin şairlərinin şeirləri toplanmışdır.
Son zamanlar fin dilindən rus və Azərbaycan dillərinə tərcümələrlə məşğulam. İndi isə qarşıya bir məsələ qoymuşuq: Azərbaycan ədəbiyyatı ilə Finlandiyanı tanış etmək. Mən “biz” deyirəm, çünki bu işdə ən fəal iştirakçılar fin ədəbiyyatçılarıdır. Demək istəyirəm ki, Azərbaycan poeziyasının Finlandiyada tanıdılması böyük uğurla həyata keçirilir. Mirzə Ələkbər Sabirin şeirləri orada çox böyük marağa səbəb olmuşdur.
Yazıçı kimi fəaliyyətimdən deyim. İlk hekayələrim və povestlərim Bakıda “Literaturnı Azerbaydjan” və “Azərbaycan” jurnallarında dərc olunub. 1976-cı ildə “Gənclik” nəşriyyatında Azərbaycan dilinə tərcümə olunmuş “Nigar”adlı ilk şeirlər kitabım çıxdı. 1978-ci ildə “Yazıçı” nəşriyyatında rus dilində hekayə və povestlərdən ibarət “Sarı cins” məcmuəsi çap olundu. Lakin tərcüməçilk yenə mane oldu. Tərcümə ilə çox məşğul olduğumdan, öz yaradıcılığıma güc və vaxt qalmır. İndi isə yenidən öz yaradıcılığımla oxucularımın görüşünə gəlməyə umid bəsləyirəm.
Bu il Finlandiyada mənim təşəbbüsüm və redaktorluğum ilə “Gövhəri laməkan mənəm” adlı Azərbaycan poeziya antologiyası çapdan çıxıb. Bu misra İmadəddin Nəsiminin “Məndə sığar iki cahan...” misrası ilə başlanan şeirindəndir. Antologiyada Ə.Xaqanidən zəmanəmizə qədər Azərbaycan şairlərinin yaradıcılığı geniş təmsil olunub. Azərbaycan poeziya antologiyasına daxil edilən poetik əsərləri Finlandiyanın ən yaxşı şairləri – “Finlandiya” mükafatı laureatı Xannu Myakelya, tanınmış şair və naşir, Ömər Xəyyamın və Ceyms Coysun əsərlərinin tərcüməçisi kimi tanınan Leyevu Lexto, şair, tərcüməçi və ictimai xadim Yukka Malnilen, yazıçı, şair və ədəbiyyatşünas Timo Malmi və mən tərcümə etmişik. Finlandıyalı tərcüməçilər mənim hazırladığım sətri tərcümələr əsasında işləyiblər. Onlar böyük poeziyanın təkcə mənəvi məzmununu deyil, görkəmli söz ustalarının şeirlərinin vəznini, qafiyə sistemini, digər özəl xüsusiyyətlərini qoruyub saxlamağa çalışıblar. Antologiyaya 27 şairin, o cümlədən Xaqani, Nizami, Nəsimi, Füzuli, Natəvan və Sabir kimi klassiklərin şeirləri, Stalin repressiyalarının qurbanları Hüseyn Cavid və Mikayıl Müşfiq kimi böyük Azərbaycan şairlərinin poetik nümunələri daxil edilib. "Gövhəri laməkan mənəm" antologiyasında XX əsrin böyük Azərbaycan şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nigar Rəfibəylinin əsərləri də təmsil olunub. Təbii ki, kitaba müasir Azərbaycan poeziyasının nümayəndələri Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Vahid Əziz, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Nəsib Nəbioğlu, Kamal Abdulla və Hamlet İsaxanlının da şeirləri daxil edilib. Azərbaycan poeziyası ilk dəfədir ki, Finlandiyada təqdim edilir. Bu, Azərbaycan ədəbiyyatının finlandiyalı dostlarının təmənnasız təşəbbüsü sayəsində mümkün olub. Kitablarım rus və fin dillərində nəşr olunmuşdur. “Mərdəkanda Qala küçəsində” adlı hekayəmi fin dilinə tərcümə elədilər, nəşr olundu. Esselərim də fin dilinə tərcümə olunub. Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik, mən də bu sahədə çalışıram.
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyində (AYB) Finlandiyanın “Ntamo” nəşriyyatında dərc olunan “Azərbaycanın lirika antologiyası”nın təqdimat mərasimi keçirildi. Kitabın təqdimat mərasimində AYB-in sədri, Xalq yazıçısı Anar antologiyanı tərtib və tərcümə etdiyimə görə mənə təşəkkür edərək Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim etdi. İlk dəfə fin dilində belə bir antologiyanın nəşr olunması yüksək qiymətləndirildi və bu istiqamətdə işin ardıcıl aparılması diqqətə çatdırıldı.
Bakı haqqında, uşaqlıq və yeniyetmə dövrümə aid kitab üzərində işləyirəm. Bu kitabda məşhur insanlar mənim həyatımda rolu olan ailəmiz, köklərimiz, nəslimiz barədə, Azərbycanın qədim və müasir tarixi ilə bağlı hadisələr və xatirlərim haqqında söhbət açmağa çalışıram.
Tahirə xanımla görüşümüzdə iştirak edən Azərbaycan – Finlandiya Assosiasiyasının prezidenti, sülh və mədəniyyət səfiri Yaqub Kərimov söhbətə qoşularaq dedi:
– Tahirə xanım Finlandiyada yazıçı və tərcüməçi kimi tanınsa da, bizim ədəbiyyat və mədəniyyət üzrə həmişə fəxri səfirimiz olub. Mədəni, ziyalı, gözəl insandır. Uzun illərdir Azərbaycanı Finlandiyada ləyaqətlə təmsil və təqdir edir. Onun fin dilindən rus dilinə tərcümə etdiyi kitablar, fin poeziyası, nəsr, dram və yumor əsərlərindən ibarət bir neçə antologiya oxuculara yaxşı tanışdır.
O, Avropanın aparıcı mədəniyyət xadimi və tərcüməçisi kimi İsveç, İngiltərə, Almaniya, Fransa və Çin ədəbiyyatı nümunələrini rus dilindən fin dilinə uğurla tərcümə edib. Bu gün Tahirə xanımın ingilis, fin dillərində tərcümələrini oxuyub bəyənirlər. Onun tərcümələrini azərbaycanlı necə qəbul edirsə, fin də elə qəbul edir. Tahirə xanım çox böyük iş görüb, Azərbaycan və Finlandiya arasında dostluq körpüsünün əsasını qoyub. İllər ötdükcə Azərbaycan ədəbiyyatının Finlandiyada tanınmasına bütün həyatını həsr edən insanın, fin ədəbiyyatının məşhur tərcüməçisinin adı və şöhrəti heç vaxt yaddan çıxmayacaq.
Söhbəti qələmə aldı:
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.