Akademik Opera və Balet Teatrının Almaniyaya qastrol səfəri uğurla keçib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri bu yaxınlarda Almaniyada qastrol səfərində olub və XIX Qut-İmmlinq opera festivalında böyük uğurla iştirak edib. Bavariyanın səfalı kurort şəhəri İmmlinqdə keçirilən beynəlxalq opera sənəti və musiqi festivalında orkestrimizin çıxışı hamını heyran edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin  mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, açılış zamanı festivalın rəhbəri və əsas təşkilatçısı Lüdviq Bauman çox vacib bir məqamı qeyd edib. Bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə də, Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alır. Diqqətə çatdırıb ki, bu, ilk növbədə, orkestrin yüksək professionallığı və ümumiyyətlə, Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə təkcə keçmiş sovetlər məkanında deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçılarının və alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir. Lüdviq Bauman  deyib ki, həyat yoldaşım və mən hər il Azərbaycanda oluruq və biz bu ölkədə həyatın bütün sahələrində inkişafın, tərəqqinin canlı şahidiyik. Ölkənin gözəl təbiəti, qədim tarixi və mədəni abidələrlə zənginliyinə görə son illərdə buraya güclü turist axını olduğunu qeyd etmək istəyirəm və mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm.

Festival rəhbərinin bu sözləri gurultulu alqışlarla qarşılanıb. Elə orkestrin çıxışı da hər bir ifadan sonra alqışlar və “bravo” sədaları ilə müşayiət olunub.

Festivalda gənc dirijor – Xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. O, orkestrin müşayiəti ilə atasının məşhur musiqi əsəri “Azərbaycan”ı və Qaetano Donisettinin “Sevgi şərbəti” operasından parçanı ifa edib.

Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, qala-konsertdə gənc və istedadlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini - Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” hissəsini, Niyazinin “Qaytağı”sı və Qara Qarayevin “Pavana”sını təqdim edib.

Konsertdən sonra festivalın təşkilat komitəsi və fəxri qonaqlar simfonik orkestrimizin çıxışına yüksək qiymət verərək, təşəkkürlərini bildirib, Bakı və bütünlükdə ölkəmiz haqqında yüksək fikirlər, xoş sözlər söyləyiblər. Orkestr növbəti ildə artıq 9-cu dəfə keçiriləcək festivala dəvət alıb.

Bu uğur təkcə orkestrin və teatrın uğuru olmayıb, həm də Azərbaycanın bütün dünyada təbliğində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dəfələrlə tamaşaları idarə edib, bütünlükdə teatrın professional səviyyəsini yüksək qiymətləndirib. Almaniyalı musiqi mütəxəssisi musiqiçilərimizin Bavariyada keçirilən festivala dəvət olunmasının təşəbbüsçüsüdür.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında