Azərbaycan milli mətbuatının 140 illiyi ərəfəsində anadilli jurnalistikamızın tarixinin, məfkurə qaynaqlarımızın, klassik publisistlərimizin irsinin daha dərindən öyrənilməsində önəmli məsələlərdən biri olan gizli imzalarla bağlı 3 yeni nəşr işıq üzü gördü:“Qulam Məmmədli, Afaq Əliyeva. İmzalar”; “ Elmira Qasımova, Afaq Əliyeva. İmzalar. “Molla
Nəsrəddin”(1906-1931)”; “Novruz Ağayev, Mərziyə Paşayeva. İmzalar”.
Mətbuat tarixindən məlum olduğu kimi, milli mətbuatımızın yaranması və inkişafının ilk dövrlərində hakim dairələrin təzyiqi, nadan və qaragüruh qüvvələrin basqısı üzündən işıqlı qələm sahibləri açıq və cəsarətli fikirlərini bir sıra hallarda gizli imzalarla çap etdirməli olurdular. Öz dövründə belə ziyalıları yaxın çevrələri və məsləkdaşları tanısa da, zaman keçdikcə onların kimliyi üzərinə qara pərdə çəkilib. Buna görə də ötən onilliklərdə gizli imzaların açılımı ilə bağlı Novruz Ağayev, Mirzəbala Məhəmmədzadə, Qulam Məmmədli kimi tədqiqatçılar samballı işlər görmüşlər.
Sonrakı dövrdə bu yöndə araşdırmaları əski əlifba ilə buraxılmış bir sıra dəyərli qaynaqları, milli dövri nəşrləri yeni qrafikalarla çağdaş nəsillərə çatdırmış cəfakeş mətnşünas, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova uğurla davam etdirmiş, bundan əlavə, Afaq Əliyeva kimi istedadlı davamçısını da yetişdirmişdir.
Yeni nəşrlərin milli mətbuat tariximizin mükəmməl öyrənilməsində açar rolu oynadığını vurğulayan Elmira xanım bildirdi:
— XX əsrin əvvəllərində “Biz kimik?”, “Nə etməliyik?” suallarının həlli ilə bağlı coşqular nəticəsində xalq “söz azadlığı güzəşti” əldə edə bildi və bir-birinin ardınca xeyli milli dövri nəşr işıq üzü gördü. Bu da öz növbəsində məsələnin həlli istiqamətinə yeni düşüncəyə malik mübariz ruhlu aparıcı publisistlərin səfərbəredici publisistikasını yaratdı. Bununla belə, dövrün “sansorunun” tələbləri “sərtliyindən” (Cəlil Məmmədquluzadə) çəkinən qələm əhli bir çox özünümüdafiə üsullarından istifadə etməyə məcbur oldu. Bunlardan biri onların gizli imzalara müraciət etmələri idi. Sayı gündən-günə artan və çoxalan müxtəlif ömürlü və məsləkli mətbuat səhifələrində rast gəldiyimiz soxsaylı gizli imzaların yaranması daha bir çox siyasi, ictimai, sosial və ədəbi səciyyəli amillər ilə bağlı olmuşdur.
Gizli imzaların yaranma səbəbi kimi, onların ərsəyəgəlmə üsulları və müəyyənləşdirilməsi prinsipləri də çox mürəkkəbdir və klassiklərin əsərlərinin toplanılması, tərtibi və nəşri işində mətnşünasların üzləşdiyi ilk həlledici amildir. Problemin həlli yolları kimi, mətbuat səhifələrindəki gizli imzaları bir yerə toplayıb, müxtəlif tipli biblioqrafik göstəricilərin yaradılması səyi bu ehtiyacı təmin etmək istəyindən irəli gəlmişdir. Bunun özü də bəzən elmi ictimaiyyət tərəfindən birmənalı qəbul edilməmişdir.
Azərbaycan yazıçı, şair və ictimai xadimlərinin gizli imzalarının bir yerə toplanılması işində ilk təşəbbüs Novruz Ağayevin adı ilə bağlıdır. Bir ümumi dəftərdən ibarət ərəb əlifbasında olan bu əlyazma müəllif tərəfindən verilən “Başlanğıc” adlı ön söz və üç hissədən ibarətdir. Dövri mətbuatın siyahısı, hər birinin nəşri tarixi, məsləki, redaktoru, naşirləri və iştirakçılarını göstərən biblioqrafiya xarakterli iki hissədən əlavə, ayrı-ayrı müəlliflərin gizli imzaları, bəzi halda onlardan hansı mətbuat orqanında istifadə edildiyi qeyd olunan xüsusi bir bölmə də ayrılmışdır.
Mirzəbala Məhəmmədzadənin hələ 1922-ci ildə nəşr etdirdiyi “Azərbaycan türk mətbuatı” kitabını nəzərə almaqla, N.Ağayevin bu xidmətini əsasən gizli imzaların bir yerə toplanılması baxımından ilk təşəbbüs kimi fərqləndirmək və qiymətləndirmək olar. Müəllif əlyazmada XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuatı səhifələrində çıxış edən 110 müəllifin 450-yə yaxın gizli imzasını bir yerə toplaya bilmişdir.
Sonralar Mərziyə xanım Paşayeva Əlyazmalar İnstitutunda qorunan şəxsi arxivlərdəki elmi-biblioqrafik sənədli məxəzlər əsasında “Molla Nəsrəddin” jurnalının 61 iştirakçısına məxsus 187 gizli imzanın kiçik bir siyahısını təqdim etmişdir.
Müsahibimiz söhbətin davamında bildirdi ki, Q.Məmmədlinin mətbuat xadimlərinin 4000-ə yaxın gizli imzalarını özündə cəmləyən “İmzalar” kitabı bu sahədə elmi ictimaiyyətə təqdim olunan ilk qiymətli lüğətdir. N.Ağayevin qeydə aldığı və müəllifini göstərdiyi gizli imzalar içərisində “bəzi yanlışlıqlara da rast” gələn Q.Məmmədli onun gördüyü işi yüksək qiymətləndirmiş və ondan yararlandığını qeyd etmişdir. Həm N.Ağayev, həm də Q.Məmmədlinin imzaların bir yerə toplanılması və müəlliflərinin göstərilməsində müxtəlif yazıçıların şəxsi arxivində olan elmi-biblioqrafik sənədli məxəzlərə istinad etməklə yanaşı, müasirlərinin xatirə və şifahi deyimlərinə, yaddaş, bəzi məqamlarda isə güman, ehtimal və fərziyələrə əsaslandıqları da məlumdur.
“Güman, ehtimal, fərziyə” isə atribusiya işində hər hansı bir inisial və gizli imza üzərində müəllif hüququnu təsdiq etmək üçün düzgün nəticəsi kompleks dəllillər tələb edən bir işin yalnız başlanğıcı kimi qəbul edilə bilər. Bu mənada bəzi qüsurların olması da mümkündür. Bununla belə, həmin lüğətlər mətbuat səhifələrindəki gizli imzalardan hər hansı birinin müəyyənləşdirilməsində tədqiqatçının istinad etdiyi ilk istiqamətverici sənədli məxəz kimi (aksioma kimi yox!) yararlıdır.
Ənənənin davamı olaraq elmi ictimaiyyət üçün nəzərdə tutulan daha bir göstərici “Molla Nəsrəddin” jurnalı səhifələrindəki gizli imzaların müəllifinin müəyyən edilməsi üçün “açar” ola biləcək müxtəlif gümanagəlməz və əldə edilməsi çox halda asanlıqla mümkün olmayan istiqamətverici dəlillərin məcmusu kimi əsasən peşəkarlar üçün nəzərdə tutulan “İmzalar” göstəricisidir.
Elmira Əliyeva daha sonra dedi:
— Gənc həmkarım, filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyeva ilə birlikdə hazırladığımız kitabda isə 1550-dən artıq inisial və gizli imza qeydə alınmışdır. Müasir oxucu auditoriyasının maraq və imkanını nəzərə alaraq bu imzalar “Molla Nəsrəddin” jurnalının təkrar nəşrinin (I-V cildlərinin) 1906-1914, 1917, 1921-ci il mətnlərindən toplanılmışdır. Oxucuya təqdim edilən bu biblioqrafik göstəricidə isə artıq müxtəlif fasilələrlə 25 il nəşr olunan “Molla Nəsrəddin” jurnalındakı bütün gizli imzalar qeydə alınmışdır.
Kitab iki hissədən ibarətdir. Qeyd olunduğu kimi, I hissə 1906-1921, II hissə isə jurnalın 1922-1931-ci illərinin mətnindən toplanılmış gizli imzaları əhatə edir. Oxucunu istiqamətləndirmək, biblioqrafiyadan istifadəsini asanlaşdırmaq məqsədi ilə hər bir gizli imza ümumi siyahının əvvəlindən sonuna qədər tutuşdurulmuş, onun törəmə və bənzəri olan imzalar mümkün qədər müəyyən edilmiş və hər biri sıra nömrəsi ilə kodlaşdırılmışdır.
“Molla Nəsrəddin” jurnalının təkrar nəşri üçün mətnin transfonoliterasiyası prosesində inisialları dəqiqliyi ilə müəyyən etmək mümkün olmadığından müvafiq variant qəbul edilmiş və bu, biblioqrafiyada da eyni şəkildə qeydə alınmışdır. Oxucu həmin inisiallara ehtiyatla yanaşmalı, bu hərflərin ifadə etdiyi səs müxtəlifliyini nəzərə almalıdır.
Elmira Əliyevanın dediklərinə əlavə olaraq bildirək ki, tanınmış mətnşünas bəhs etdiyi kitabdan əlavə, sələfi olan müəlliflərdən Novruz Ağayevin və Mərziyə Paşayevanın gizli imzalarla bağlı tədqiqatlarını da bir yerdə kitab şəklində buraxmışdır. İstedadlı tədqiqatçı Afaq Əliyeva isə öz müəlimi ilə birgə müəllifliklə yanaşı, Qulam Məmmədlinin məşhur “İmzalar” kitabını da yeni əlavələrlə tamamlayıb oxuculara təqdim etmişdir.
Bəhs olunan hər üç kitab klassik mətbuat xadimlərimizin gizli imzalarının toplanılması, öyrənilməsi, sistemləşdirilməsi və yeni şərhi baxımından bu vaxta qədərki uğurları özündə birləşdirir. Bu nəşrlər milli mətbu irsimizi öyrənənlər, əski əlifba ilə nəşr olunan qaynaqlara üz tutanlar və media ictimaiyyəti üçün gərəkli mənbə, ötənlərin qaranlıqlarına işıq salan çıraqdır.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.