Nəşriyyat işinin mahir bilicilərindən olan İradə Ələsgərovanın adını çoxdan eşitsəm də, özünü ilk dəfə idi ki, görürdüm. Bu ilin yanvarında çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlmişdi. Hal-əhvaldan sonra dedi ki, dissertasiyam müzakirə olunmaq üçün sizin kafedraya göndərilib.
Bu haqda məlumatım var idi. Bilirdim ki, dissertasiya aparıcı təşkilat kimi bizə göndərilib və universitetin rektoru, professor Fərəh Əliyeva bu elmi işin bizim kafedrada müzakirə olunmasını məsləhət görüb. Həmkarlarımla əsəri diqqətlə oxuduq, təxminən, iki həftə sonra isə müzakirəsinə toplaşdıq. Əvvəlcə İradə xanım dissertasiya işi haqqında məlumat verib sualları cavablandırdı, sonra müzakirəyə keçdik.
Kafedra üzvləri əsəri müsbət dəyərləndirməklə yanaşı, qeydlərini də bildirdilər. İradə xanımın çıxışı, qeydlərə verdiyi cavablar onun öz sahəsinin peşəkarı, sənətini incəliklərinə qədər bilən yetkin mütəxəssis olduğunu göstərirdi. Bunu kafedra üzvlərinin fikirləri də təsdiqlədi.
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli:
– Azərbaycan kitabının bədii və texniki tərtibat məsələlərinin ətraflı araşdırılıb təhlil edildiyi bu əsər kitab mədəniyyətimiz üçün çox gərəkli, aktual, zəruri bir tədqiqat işidir. Bu elmi işin hər bir fəsli nəinki fəlsəfə doktoru, hətta elmlər doktoru adı almaq üçün də yetərli, mövzu baxımından genişdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyev: – Bu elmi-tədqiqat işini Azərbaycan kitabı ilə bağlı son dövrlərdə yazılmış ən əhəmiyyətli və sanballı araşdırmalardan biri kimi dəyərləndirirəm. Dissertasiyanın monoqrafiya şəklində nəşri reallaşarsa, bu bizim tələbələr, həmçinin kitabşünas mütəxəssislərimiz üçün olduqca faydalı bir vəsait olardı.
Nəhayət, İradə xanımın fevral ayının 17-də Bakı Dövlət Universitetində Elmi Şuranın müzakirəsinə təqdim etdiyi dissertasiya işi yüksək dəyərləndirildi, yekdilliklə bəyənildi.
Az sonra isə monoqrafiya şəklində işıq üzü görən bu tədqiqatda Azərbaycan kitabının, təxminən, min ilə qədər bir tarixi dövr ərzində keçdiyi yola nəzər salınır, ötən müddətdə bədii və texniki tərtibat sahəsində əldə edilmiş bilgilər müəllifin istehsalatda qazandığı zəngin təcrübə prizmasından keçirilib hərtərəfli təhlil edilib.
Müəllif kitabı ədəbi, elmi, texniki və bədii redaktorun, poliqrafiya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi təqdim edib, bu sənət sahiblərindən hər birinin vəzifəsi araşdırılıb, funksiyalarının qarşılıqlı uzlaşdırılması aparılıb. Kitab mədəniyyətinin uğurları qeyd edilməklə yanaşı, çatışmazlıqları doğuran amillər və onların aradan qaldırılması yolları da göstərilib. Bu da kitabın başlıca tərtibat meyarlarını müəyyənləşdirməyə imkan verib.
Tədqiqatçı informatika, yazı qrafikası, standartlaşdırma, poliqrafiya materialları istehsalı, texnologiya, kadr hazırlığı, psixofiziologiya və s. sahələrdə də növbəti axtarışlara zəmin hazırlayıb, gələcək tədqiqatların istiqamətini müəyyənləşdirib. Müəllif, bütövlükdə, nəşriyyat-poliqrafiya sisteminin inkişafını - kitab nəşrini, reklam və yayımını, poliqrafiya materialları istehsalını və bu sahədə kadr hazırlığını təşkil etməyə, eləcə də bu funksiyaları həyata keçirən müəssisələr arasında qarşılıqlı əlaqələri tənzimləməyə imkan verən mülahizələri sistemləşdirib.
Monoqrafiyada irəli sürülən müddəaların təcrübi istifadəsi genişdir, tətbiq sahəsi var. Əsər məzmun və forma etibarilə özündə bir çox sahələr üzrə elmi yeniliyi əks etdirib. Kitab qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə kömək, sahibkarlığa dəstək baxımından da faydalı olan iqtisadi, texniki və texnoloji araşdırmalarla zəngindir. Onların həyata keçirilməsi çapa hazırlanan nəşrlərin tərtibat səviyyəsinin yüksəlməsinə, bu sahədə elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə verə bilər.
Tərtibatın mətnin dərkedilmə səviyyəsinə və oxucuya göstərə biləcəyi təsiri əvvəlcədən hesablamağın mümkünlüyü ictimai rəyi qabaqcadan tənzimləməyə də şərait yaradır. Bu isə nəticədə cəmiyyətdə yazar, redaktor və naşirlərin statusunun daha da yüksəlməsinə, onların ictimai rəyə təsir imkanlarının genişlənməsinə, kitab mədəniyyətinin çağdaş inkişafına xidmət edir.
Aqşin BABAYEV,
ADMİU-nun ədəbi yaradıcılıq
və ekran dramaturgiyası kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.