Müasir qloballaşan dünyada ən önəmli silah , şübhəsiz ki, informasıyadır. Odur ki, informasiya texnologiyalarının, elektron medianın, eləcə də sosial şəbəkələrin geniş yayıldığı bir zamanda dünyanın istənilən nöqtəsində baş verən hadisələr, hətta münaqişə ocaqlarında ən son yeniliklər ildırım sürəti ilə dünyaya yayılır. Bu gün kim informasiyaya sahibdirsə, ondan peşəkarcasına istifadə edə bilirsə, o da üstünlük qazanır. İyirmi beş ildən çoxdur ki, Ermənistanın hərbi işğalına məruz qalan və bir milyondan çox məcburi köçkünü olan Azərbaycan üçün informasiya müharibəsində də mübarizə aparması və münaqişə ilə bağlı həqiqətləri beynəlxalq aləmə çatdırması aktual bir məsələdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçı dəstəyi, Türkan Nadirqızının təşkilatçılığı ilə həyata keçirilən və iştirakçısı olduğum “Həyəcan siqnalı” layihəsi bu baxımdan üzərinə önəmli bir missiya götürüb.
Gənc jurnalistlərin hərbi informasiya sahəsində bilik və bacarıqlarının artırılması, hərbi jurnalistikanın özəllikləri, ordu və media münasibətlərinin gənc jurnalistlərə aşılanmasını qarşısına məqsəd qoyan layihənin əsas qayəsi bu sahədə jurnalistlərin peşəkarlığınım artırılmasına töhfə verməkdir.
Layihənin açılış mərasimində “Həyəcan siqnalı” layihəsinin rəhbəri Türkan Nadirqızı çıxış edərək layihənin əsas məzmunu, onu zəruri edən səbəblər barədə danışdı. “Müharibə jurnalistikasında ən mühüm cəhətlərdən biri informasiyanı operativ şəkildə çatdırmaqla yanaşı, onu ehtiyatlı və diqqətli şəkildə ötürməkdir. Layihənin məqsədi Azərbaycanın gənc jurnalistlərini informasiya müharibəsi, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq qalaraq, ordu və hərbi sahə ilə bağlı mövzulara milli maraqlar prizmasından yanaşılması, insanlarda təşviş yarada biləcək, ölkə maraqlarına zərbə vura biləcək informasiyaların yayılmasının qarşısının alınması yolları ilə tanış etməkdir. “Həyəcan siqnalı” layihəsi çərçivəsində otuz gənc jurnalistin hərbi mətbuat tarixi, jurnalistikada ədalət prinsipi, müharibə jurnalistikasının qaydaları, hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı nəzəri və praktiki bilikləri artırılacaq”.
Sonra “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək layihə barədə fikirlərini söylədi : “Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Bu da, təbii olaraq, “Həyəcan siqnalı” layihəsinin icrasını vacib edən əsas problemə çevrilir”.
Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək jurnalistikanın müasir dövrümüzdə əsas informasiya mənbəyi olması, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında medianın əvəzsiz rolu barədə danışdı. O bildirdi ki, bu gün informasiya əsri olan iyirmi birinci əsrdə Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılması, uğurlarının yayılması, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri barədə məlumatların çatdırılmasında peşəkar və müxtəlif əcnəbi dilləri bilən intellektual gənc jurnalistlərin üzərinə böyük vəzifələr düşür. Onların əsas qayəsi Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsində qələbə qazanmaqdır.
Hərbi informasiyadan yazmağın özəllikləri
Təlimin ilk günü iştirakçılar qarşısında “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı çıxış etdi. O, Ermənistan-Azərbaycan münaqişəsinin mediada işıqlandırılması, jurnalistin ordu və hərbi sahə ilə bağlı məsələlərə necə yanaşması barədə məruzə etdi. Bildirdi ki, informasiyanın cəmiyyətdə hansı reaksiya doğuracağı, eləcə də onun dövlət sirrinə, hərbi sirrə aid olub-olmamasının araşdırılması çox vacibdir. Əks halda, yayımlanan məlumatın zərəri təkcə cəmiyyət üçün deyil, dövlət üçün də təhlükəli situasiya yarada bilər. Təlimdə həmçinin jurnalistlərə ön cəbhədən, sərhədyanı ərazilərdən material hazırlayarkən hansı qaydalara riayət etməli olduqları barədə də ətraflı məlumat verildi. Mövzu barədə geniş fikir mübadiləsi aparıldı.
Layihənin ikinci günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümanyəndəsi, ehtiyatda olan zabit Rəşid Hüseynov jurnalistlərə “Müharibə jurnalistikasının qaydaları” mövzusunda geniş məlumat verdi. O, Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatının iş prinsipləri, jurnalistlərin cəbhədə iş şəraiti barədə söhbət açdı. Qeyd etdi ki, müharibə dövründə Azərbaycan informasiya blokadası şəraitində olsa da, jurnalistlər cəbhədə olan əsgərlərin vətənin müdafiəsi naminə göstərdikləri qəhrəmanlıqlardan reportajlar hazırlayır, gəncləri Vətənin müdafiəsinə səsləyirdi. Natiq bildirdi ki, müharibəni, ordunun fəaliyyətini işıqlandıran jurnalistlərin məsuliyyəti ikiqat artıq olmalı, onlar informasiyanın ciddiliyi və mötəbərliyini hər zaman dəqiqləşdirməyi bacarmalıdır. Onun sözlərinə görə, jurnalistlər dövlət sirri, hərbi sirrə aid məlumatlar barədə mütləq məlumatlı olmalıdırlar.
Daha sonra isə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı” mövzusunda məlumat verdi, mövzu barədə iştirakçılarla fikir mübadiləsi apardı.
Virtual aləmdə fəallıq artırılmalıdır
Layihənin üçüncü günü iştirakçılar Jurnalist Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlarla fikir mübadiləsi apardılar. Hərbi informasiya və onun işıqlandırılması mövzusunda danışan natiq rəhbəri olduğu qurumun həyata keçirdiyi “Diqqət, düşmən mətbuatıdır!” layihəsi barədə də ətraflı məlumat verdi. O bildirdi ki, sosial şəbəkələrin populyar olduğu dövrdə hər bir vətəndaş, xüsusilə də jurnalistlər hərbi sahə ilə bağlı qarşılaşdıqları məlumatlarla ehtiyatlı davranmalı, onun dövlət sirrinə aid olub-olmadığını mütləq dəqiqləşdirməlidirlər. Bununla yanaşı, internet resurslarında, sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə yayılması dünya ictimaiyyətində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı obyektiv rəy yaranmasına yardımçı olar.
Daha sonra isə ehtiyatda olan mayor, ANS televiziya kanalının “Marş” hərbi vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qərib Qarabağ müharibəsi dövründə çəkilən verilişlər, cəbhə reportajları barədə məlumat verdi. Təlim iştirakçılarına müharibə şəraitində ordunun, hərbi texnikanın, televiziya dili ilə hansı formada görüntülənməsinin incəliklərinə toxunan təlimçi bildirdi ki, qazandığı təcrübəni gənc jurnalistlərlə bölüşmək onun üçün xüsusi önəm kəsb edir.
Üç günlük “Həyəcan siqnalı”nın necə başa çatmasının fərqinə varmadıq. Tək mən yox, təlimdə iştirak edən bütün gənc jurnalistlərin qonaqlara verdiyi ardıcıl suallar və cavablardan çox dəyərli bilgilər əldə etdik.
Cəbhədən xəbər var? Diqqətli olmalı!
Cənab Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyində jurnalistlərlə görüşdə çıxış edərkən səsləndirdiyi fikirlər mətbuat işçilərinin üzərinə bir sıra vəzifələr qoyur. “ ...Biz Azərbaycanı dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın.”
Son günlər Ermənistanın təxribatı nəticəsində cəbhədə baş verən gərginliklə bağlı cəmiyyətdə və Ermənistan mediasında yayılan dezinformasiyalarla əlaqədar Müdafiə Nazirliyi və Mətbuat Şurası açıqlama yayıb. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruri və vacibdir. Mətbuat Şurası rəhbəri Əflatun Amaşov cəbhədə baş verənlərlə bağlı media nümayəndələrini diqqətli olmağa çağırıb: “Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə dəqiqləşdirməkdən, rəsmi təsdiqi olmayan məlumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyətinin pozitivliyi və neqativliyindən asılı olmayaraq, dövriyyəyə buraxılan məlumatların Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməsi mümkündür.”
İnanıram ki, informasiya müharibəsinin getdiyi, Ermənistanın işğalçılıq mövqeyindən çəkilmədiyi bir dövrdə gənc jurnalistlərin “İrəli” İctimai Birliyinin təşkil etdiyi “Həyəcan siqnalı”nda əldə etdiyi biliklər onlara bu vəzifələrin öhdəsindən layiqincə gəlməkdə kömək edəcək.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.