“Nəqliyyatın dinamik inkişaf strategiyası” Yeni kitablar

Bugünlərdə “Çaşıoğlu” nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Nəqliyyatın dinamik inkişaf strategiyası” kitab – albomunda müstəqillik illərində Azərbaycanın nəqliyyat kompleksində qazanılmış uğurlar sistemləşdirilmiş, sahənin inkişaf perspektivlərinə geniş nəzər salınmışdır.

 Müstəqil Azərbaycan dövlətinin nəqliyyat siyasətini əks etdirən materialların toplandığı fundamental nəşrin müəllifi Azərbaycanın fəxri dəmiryolçusu, tanınmış iqtisadçı- ekspert və politoloq Məhərrəm Məmmədovdur. Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, məsləhətçisi Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” QSC ərazi təşkilatının sədri Xeyrulla Hümbətovdur.

Rusiyanın Rostov- Don Texniki Universitetinin  məzunu olan müəllif uzun illər Bakı Metropolitenində və respublikanın dəmir yolu sistemində müxtəlif vəzifələrdə çalışmış, polad yollar təsərrüfatının  problemlərinin həllində və yeni şəraitdə inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Ali peşə təhsili ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politoloq ixtisası da qazanmış müəllif hər iki sahənin verdiyi bilik və bacarıqdan yararlanaraq son 4 onillikdə Azərbaycanın nəqliyyat sektorunda baş verən prosesləri strateji cəhətdən səciyyələndirməyə nail olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikamızda nəqliyyat infrastrukturunun ümumi iqtisadi orqanizmlə əlaqəli şəkildə inkişaf etdirilməsi, qorunub saxlanması, müstəqillik illərində yeniləşdirilməsi və genişləndirilməsi ilə bağlı gerçəkləşdirilmiş proqramların mahiyyəti və ölkəmizin hərtərəfli tərəqqisində sahənin oynadığı rol kitabda peşəkar tədqiqata cəlb olunmuş, sistemli təhlilin nəticəsi olaraq dəyərli mülahizələr irəli sürülmüşdür. Böyük rəhbərin ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan yüksəliş və modernləşdirmə xəttinə uyğun olaraq, nəqliyyat kompleksinin əsaslı surətdə təzələnməsi, Avrasiya nəqliyyat qovşağının zəruri və önəmli hissəsinə çevrilməsi prosesi də araşdırmalarda aparıcı yer tutur.

 Kitab ümummilli lider Heydər Əliyevin “Mən dəmiryolçu ailəsində böyümüşəm. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir” sözləri ilə açılır. Toplunun ilk fəsli isə “Heydər Əliyev və Azərbaycan dəmir yolunun inkişaf mərhələləri” adlanır. Müəllif burada 35 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş və xalqımızın tarixi taleyini müəyyən etmiş ulu öndərin bilavasitə himayəsi ilə respublikamızda yükdaşımanın əsas ağırlığının düşdüyü dəmir yollarının inkişafında seçilən mərhələləri geniş xarakterizə edir, bu sahənin inkişaf dinamikasını açıqlayır.

Son onilliklərdə aparılmış irimiqyaslı nəqliyyat quruculuğunun şahidi və iştirakçısı olmuş Məhərrəm Məmmədov göstərir ki, 1969-cu ilin iyulunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin qarşısında respublikanın iqtisadiyyatını tezliklə yüksəltmək kimi mürəkkəb və məsuliyyətli bir vəzifə dururdu. Yeni lider Heydər Əliyev bu çətin vəzifəni uğurla həll etdi. 1970-1985-ci illərdə Azərbaycanın sosial-iqtisadi yüksəlişinə, eləcə də nəqliyyat sisteminin inkişaf etdirilməsinə 32 milyard rubl vəsait sərf olundu.

Sonrakı fəsillərdə müəllif bildirir ki,  Heydər Əliyevin respublikaya rəhbərliyinin ikinci dövründə müstəqil Azərbaycanın Avropaya və bütövlükdə, dünyaya inteqrasiyası nəqliyyat kompleksinin üzərinə düşən yükü dəfələrlə artırdı.  Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı milli iqtisadi inkişaf konsepsiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişafının təməlini qoydu.

Müəllif haqlı olaraq göstərir ki, “Əsrin müqaviləsi”nin imzalanması və  qədim İpək Yolunun müasir kommunikasiya şəklində bərpası nəqliyyat şəbəkəsini  dünyanın güclü və böyük yükdaşıma şəbəkəsi ilə birləşdirdi.

Kitabın sonrakı fəsillərində  ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli iqtisadi inkişaf strategiyasını bu gün onun layiqli varisi Prezident İlham Əliyevin inamla davam etdirməsinin uğurlarından ətraflı bəhs olunur. Müəllif yazır ki,  Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.

Kitab müəllifin belə bir qənaəti ilə sonuclanır: “Tam əminliklə söyləyə bilərik ki, bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat kompleksində də hazırkı inkişaf və tərəqqi Heydər Əliyev siyasətindən qaynaqlanır, ulu öndərimizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin tarixi əhəmiyyətinə söykənir”.

Təcrübəli dəmiryolçu və mötəbər iqtisadçı- ekspert Məhərrəm Məmmədovun “Nəqliyyatın dinamik inkişaf strategiyası” kitabı Azərbaycanın nəqliyyat sisteminin çağdaş tarixini yaratmaq və inkişaf perspektivlərinə işıq salmaq baxımından dəyərli təşəbbüs və mütəxəssislər üçün gərəkli mənbədir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında