Fransada keçirilən ənənəvi yay məktəbi “İnsan ləyaqəti” mövzusunu müzakirə etmişdir

Azərbaycanlı alimlər Nitsa Sofiya Antipolis Universitetinin fəxri professorları seçilmişlər

 Bu yaxınlarda Fransanın Nitsa şəhərində Sofiya Antipolis Universitetinin hüquq və siyasi elmlər fakültəsi ilə AMEA Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkil etdikləri növbəti yay məktəbi uğurla başa çatıb. Qeyd edək ki, artıq ənənəvi xarakter daşıyan tədbirə Heydər Əliyev Fondu maliyyə dəstəyi verib.

 Yay məktəbinin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tədbir iştirakçılarına məktubu oxunub.  Leyla xanım Azərbaycan və Fransanın fəlsəfə, hüquq, sosilogiya və başqa elm sahələri üzrə bir çox görkəmli alimlərinin və ziyalılarının fəal iştirakı ilə keçən bu tədbirin müasir dövrdə xalqlarımız arasında elmi-mədəni əlaqələrin inkişafına yeni impuls verəcəyinə əmin olduğunu vurğulayıb. Məktubu AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə oxuyub.  Professor sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında geniş məlumat verib.

Yeri gəlmişkən, yay məktəbində professor İlham Məmmədzadə “Azərbaycanın modernləşdirilməsi və marifçilik” mövzusunda geniş məruzə edib. Tədbirdə, həmçinin AMEA Fəlsəfə və Hüquq İnstitutunun daha iki əməkdaşı, cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin  və institutun baş elmi işçisi, filologiya elmləri  doktoru Zöhrə Əliyevanın elmi məruzələri dinlənilib.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor  İlham Məmmədzadə tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayaraq bunları dedi:

—Bildiyiniz kimi, Heydər Əliyev Fondu Azərbaycan elmi və mədəniyyətinin xarici dövlətlərdə tanınaraq geniş təbliğ olunmasına böyük önəm verir. Əlamətdar haldır ki, fond son illər Azərbaycan-Fransa xalqları arasında da elmi-mədəni əlaqələrin gücləndirilməsi üçün davamlı və ardıcıl işlər görür. Bu layihələr həqiqətən Fransa ictimaiyyətinin ölkəmizin yaxından tanımasına, gənc, müstəqil Azərbaycan dövlətinin uğurları barədə geniş və obyektiv məlumat almasına yardım edir.

 Qeyd etmək istərdim ki, Fransanın elmi və mədəni elitasının nümayəndələri də fondun bu ölkədə həyata keçirdiyi çeşidli tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirirlər. Onlar haqlı olaraq hesab edirlər ki, belə mühüm tədbirlər təkcə iki dövlət arasında deyil, bütövlükdə Avropada müasir dönəmdə xalqlar və millətlərarası dialoqun inkişafı prosesinə dəyərli töhfə verir.

Professor İ.Məmmədzadə Fransanın Sofiya Antipolis Universiteti ilə rəhbərlik etdiyi institut arasında elmi əməkdaşlığın və fərdi yaradıcılıq əlaqələrinin yaranması barədə danışarkən dedi:

 —Fransa “Riveri”sində (Atlantik okeanı sahili boyu) yerləşən Nitsa şəhərində yarım əsrdən bir qədər əvvəl yaradılmış bu universitet son illər həm elmi tədqiqatlar, həm də tədris sahəsində böyük uğurlar qazanaraq, bu ölkənin ən qabaqcıl beş universitetindən birinə çevrilə bilib. Maraqlıdır ki, bizim institut kimi Nitsa Sofiya Antipolis Universiteti də həm fəlsəfə, həm də hüquq sahəsində ixtisaslaşıb. Ümumiyyətlə, müasir dövrdə Qərbdə fənlərarası inteqrasiya proseslərinə böyük önəm verilir. Hesab olunur ki, belə yanaşma metodu  proseslərin mahiyyətinin daha dərindən öyrənilməsinə yardım edir.

 O ki qaldı bizim əlaqələrimizin tarixinə, deməliyəm ki, sırf birbaşa şəxsi və elmi ünsiyyətimiz 3 il əvvəl başlayıb.  2013-cü ildə Bakıda Sofiya Antipolis Universitetinin alimlərinin iştirakı ilə birlikdə “Vicdan azadlığı” mövzusunda çox mühüm bir tədbir keçirdik.

Məlum oldu ki, müasir Azərbaycan cəmiyyətinə xas dini və milli tolerantlıq, multikulturalizm fransalı alimlərin dərin marağına səbəb olur. Avropalıları, xüsusilə fransızları Azərbaycanda müxtəlif dinlərə və konfessiyalara məxsus olan insanların dini, etnik zəmində heç bir problemlə üzləşmədən, mehriban dostluq şəraitində yaşayıb-yaratmaları, sözün həqiqi mənasında, təəccübləndirir. Axı, sirr deyil ki, bu gün Fransa cəmiyyəti müəyyən siyasi dairələr və media tərəfindən süni şəkildə şişirdilən “islamofobiya” xofu içində yaşayır. Halbuki, Azərbaycanda ən azı 33 millətin nümayəndələri arasında ölkəmizin müstəqilliyini bərpa etdiyi son 24 il ərzində xoşbəxtlikdən milli və dini zəmində bir dəfə də olsun qarşıdurma, yaxud hansısa xoşagəlməz  hadisə baş verməyib.

Bu və başqa faktlar fransızları gənc, müstəqil Azərbaycan dövlətinin milli siyasəti, xalqımızın  zəngin tarixi və mədəniyyəti, həyat və düşüncə tərzi ilə  yaxından tanış olmağa sövq edir. Bu faktı ona görə vurğulayıram ki, belə bir nüfuzlu elm və tədris müəssisəsi ilə  əlaqələrimizin genişlənməsi təkcə bizim üçün deyil, bəlkə də daha çox qarşı tərəf üçün böyük əhəmiyyət kəsb edir.

 Nitsada bizə həmçinin dedilər ki, Fransanın təhsil naziri Sofiya Antipolis Universitetinin AMEA Fəlsəfə və Hüquq İntitutu ilə əməkdaşlığını müsbət  dəyərləndirirək, bu əlaqələri hökumət səviyyəsində dəstəkləməyə hazır olduğunu bəyan edib. Fransanın təhsil naziri ölkənin hətta başqa tədris və elm müəssisələrinə qarşılıqlı faydalı beynəlxalq əlaqələr yaradılması istiqamətində Sofiya Antipolis Universitetinin təcrübəsini nümunə kimi göstərib.

 Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycan və Fransa hökumətləri arasında imzalanmış memoranduma görə, yaxın gələcəkdə Azərbaycanda Fransa Universiteti yaradılmalıdır. Sofiya Antipolis Universitetinin məhz yeni elm və təhsil  müəssisəsinin əsas təsisçilərindən biri olması nəzərdə tutulub.

Bu yerdə bir məqama da diqqəti cəlb etmək istəyirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə  vurğuladığı kimi, bu gün Azərbaycan dövləti və xalqı ən bəşəri, humanist və demokratik dəyərlərə sədaqət nümayiş etdirməklə Avropanın və dünyanın əksər dövlətləri üçün multikulturalizm  nümunəsi göstərir. Bu, həqiqətən belədir. Bəzən biz hüquqi, demokratik inkişaf sahəsində  öz uğurlarımızı kifayət qədər qiymətləndirə, onları lazımınca təqdim edə bilmirik.  Əslində, cənab Prezidentin tövsiyə etdiyi kimi, bunları bütün dünyaya çatdırmaq və nümayiş etdirmək lazımdır. Qoy Azərbaycan dövlətinin humanist siyasəti, ölkə vətəndaşlarının başqa xalqlara və millətlərə, onların adət-ənələrinə, mədəniyyətlərinə qarşı çox tolerant, dözümlü münasibətini görüb qiymətləndirsinlər. Axı, bunlar xalqımızın tarix boyu qazanaraq əldə etdiyi böyük sərvətdir.

Konkret olaraq, Nitsada budəfəki yay məktəbi isə “İnsan ləyaqəti”  mövzusuna həsr olunmuşdu. Bəllidir ki, insanın şərəf və ləyaqəti çox geniş bir mövzudur. Bəşər sivilizasiyası boyu müxtəlif filosoflar, mütəfəkkirlər bu məsələ ilə bağlı dərin fəlsəfi və həyati mühakimələr yürüdüblər. Məşhur fransız filosofları Şarl Lui Monteskye, Fransua Mari Arue (Volter) və başqaları insan haqlarının, onun şərəf və ləyaqətinin uca tutulmasını cəmiyyətin tərəqqisi üçün çox vacib amil hesab edirdilər. Bu yerdə Şərq mütəfəkkirlərinin fikirlərini də yada salmaq lazımdır. Hələ 9 əsr bundan əvvəl dahi Nizami sadə əmək adamının şərəfini uca tutaraq, onu yaradılmışların  əşrəfi kimi dəyərləndirmişdir.  Avropada olduğu kimi, XIX əsrdə Azərbaycan maarifçiləri də insan hüquqlarının qorunmasını vacib sayır, bunun yalnız elm və təhsil vasitəsilə mümkün olduğunu vurğulayırdılar.

 Bu mövzu bu gün də aktualdır.  Məlum olduğu kimi, İkinci dünya savaşından sonra Avropa insan haqlarının qorunması siyasi-hüquqi, mədəni inkişafın prioritet istiqaməti elan edilib. Müasir Avropa cəmiyyətində hüquqi və siyasi islahatların əsas məğzi insanın cəmiyyət üçün ən böyük və əvəzsiz dəyər daşıdığını məxsusi nəzərə çarpdırmaq, onun bütün hüquqlarının qorunmasını təmin etməkdir. Tədbirdə razılıq hissi ilə qeyd olundu ki, bu sahədə müasir Azərbaycanda dövlət səviyyəsində ardıcıl işlər görülməsi təqdirəlayiq haldır.

Nitsada keçirilən yay məktəbində AMEA Fəlsəfə və Hüquq İnstitutunun cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin “İnsanın şərəf və ləyaqətinin müdafiəsinin konstitusion hüquqi əsasları” mövzusunda məruzəsi də dərin marağa səbəb olub. Professor İ.Vəliyev məruzənin məğzini şərh edərkən dedi:

— Mən tədbirdə insan ləyaqəti problemini hüquqi müstəvidə şərh etməyə çalışmışam. Düşünürəm ki, ləyaqətin dəyər ölçülərindən biri həm də onun mühafizəsinin qanunvericilikdə təsbiti ilə bağlıdır. İnsan ləyaqəti, insan dəyərinə  Azərbaycan hüququnun bütün sahələrində bu və ya digər şəkildə toxunulmuşdur.

Həm qanunvericilikdə, həm də nəzəriyyədə şərəf və ləyaqət anlayışları, bir qayda olaraq, birlikdə işlədilir. Lakin bu anlayışlar oxşar keyfiyyətlərə malik olsalar da, bir-birindən fərqlənən müxtəlif məzmunlara malikdir. Şərəf şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdirsə, ləyaqət şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. Başqa sözlə, şərəf cəmiyyətin insana, ləyaqət isə insanın özünün özünə verdiyi qiymətdir.

Yeri gəlmişkən, respublikamızın cinayət qanunundan fərqli olaraq, Avropa ölkələrinin cinayət qanunvericiliyində bəhs etdiyimiz əməllərə görə daha ciddi cəzalar tətbiq olunur. Məsələn, Almaniya, İspaniya, Polşa, İsveçrə, Avstriyanın cinayət qanunlarında bu əməllərin sadə tərkiblərinə görə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur.

Professor İ.Vəliyevin sözlərinə görə, Azərbaycan cəmiyyəti ayrı-ayrı xalqlara və etnik qruplara münasibətdə Fransadan daha tolerantdır. Orada hər kəsi fransız millətindən olan vətəndaşın hüquqları ilə hesablaşmağa vadar etməyə çalışırlar, bu zaman insanların dini heysiyyatlarına toxunan qadağalara belə əl atmağı özlərinə rəva görürlər. Amma Azərbaycanda dini və milli tolerantlıq müqayisəolunmaz dərəcədə yüksək səviyyədə inkişaf edib.

Sonda bildirək ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, hüquq elmləri doktoru, professor İsaxanVəliyev və filologiya  elmləri  doktoru Zöhrə  Əliyeva Nitsa Sofiya Antipolis Universitetinin “Fəxri professoru” diplomları  ilə təltif ediliblər.  Azərbaycanlı alimlər, həmçinin Nitsa Sofiya Antipolis Universitetinin tədqiqat qrupuna daxil ediliblər. Əlbəttə, Avropanın aparıcı dövlətinin qabaqcıl elm müəssisəsində  Azərbaycan aliminə, onun intellekinə verilən bu qiymət, əslində, bütün Azərbaycan elminə göstərilən etimaddır.

Qüdrət PİRİYEV,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında