MİRAS İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksində Dünya Arxeologiya Günü münasibətilə ikigünlük festival keçirilir.
İyulun 24-də Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksində təşkil olunan festivalı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbəri professor Qafar Cəbiyev açaraq deyib: “Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da son illər arxeoloji tədqiqatlara diqqət artıb. Bu, hər şeydən öncə toplumun öz tarixi keçmişinə olan marağının artması ilə bağlıdır. Artıq hər kəs öz ulu əcdadlarının harada və necə yaşadığını, necə mübarizə apardığını, dünya sivilizasiyasının formalaşmasında nə dərəcədə və hansı formada iştirak etdiyini öyrənməkdə maraqlıdır. Bəşəriyyətin tarixini və mədəni inkişaf səviyyəsini araşdırmaq və öyrənmək baxımından arxeoloji tədqiqatlar yeganə, həm də etibarlı mənbədir. Azərbaycan ərazisində tarixi keçmişimizin arxeoloji cəhətdən öyrənilməsi işinə ötən əsrin 20-ci illərindən başlanılıb. Qırxıncı illərədək aparılan tədqiqatlar dağınıq və sistemsiz xarakter daşıyıb. Bu illərdən sonra Gəncə, Mingəçevir, Qəbələ və Beyləqanda aparılan kompleks tədqiqatlar nəticəsində tariximizin bir çox qaranlıq məqamlarına aydınlıq gəlib. Azıx mağarasının kəşfi ilə Azərbaycan dünya arxeoloqlarının diqqət mərkəzinə gəldi. Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə tarixi keçmişimizə daha diqqətli və məsuliyyətli münasibət baxımından yeni dövr başladı. Ötən əsrin 70-80-ci illərində Azərbaycan arxeoloqları tarixin müxtəlif dövrlərinə aid bir çox abidələr aşkar etməklə bu sahədə yeni-yeni uğurlara imza atıblar. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində respublikada yaranmış xaos və hərc-mərclik arxeologiya sahəsində də böhranlı vəziyyətin yaranmasına səbəb oldu. O vaxta qədər fəaliyyət göstərən bütün arxeoloji ekspedisiyalar maliyyə problemləri üzündən fəaliyyətini dayandırdı. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, arxeologiya elminin inkişafı istiqamətində də yeni üfüqlər açıldı. Məhz bundan sonra yenidən Qəbələ, Gəncə, Şəmkir, Bərdə, Naxçıvan və başqa yerlərdə genişmiqyaslı arxeoloji tədqiqatlara start verildi”.
Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində son illər Azərbaycanda arxeoloji tədqiqatların miqyasının və keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını bildirən professor Q.Cəbiyev MİRAS İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Ağsuda aparılan arxeoloji tədqiqat işlərindən də danışıb. Qeyd edilib ki, Ağsuda arxeoloji tədqiqatlar 2010-cu ildən başlayıb. Bu müddət ərzində Ağsu şəhər yerində 15 min kvadratmetrdən çox ərazi arxeoloji cəhətdən tədqiq olunub, şəhərin qala divarlarının bir hissəsi, sənətkarlar məhəlləsi, Cümə məscidi, dövrünün ən möhtəşəm tikililərindən olan nəhəng anbar – buzxana, hamam kompleksi, su təchizatı və kanalizasiya şəbəkəsi aşkar edilərək tədqiq olunub. Buradan tapılan qızıl Holland dukatlarından ibarət dəfinə xüsusilə elmi ictimaiyyətin böyük marağına səbəb olub.
Orta əsr Ağsu şəhəri ilə paralel olaraq şəhərin Şıxməzid məhəlləsindəki XVI əsrə aid Xanəgah kompleksinin tədqiqi də Ağsu arxeoloji ekspedisiyasının uğurları siyahısına daxil edilməlidir. Ağsu arxeoloji ekspedisiyası artıq 3-cü ildir ki, rayonun Bəyimli kəndi yaxınlığındakı ilk orta əsrlər dövrünə aid 12 hektar ərazidə – Mehrəvan şəhər yerində tədqiqatları davam etdirir. Məlumat üçün bildirək ki, Qafqaz Albaniyası dövlətinin ən qüdrətli dövrünün şəhərlərindən olan Mehrəvan şəhəri və onun yeri barəsində elmi ictimaiyyət son vaxtlaradək tam məlumatsız idi. Buradan tapılan bir-birindən maraqlı yeni materiallar, o cümlədən Sasani, Roma, Bizans pulları, yerli alban sikkələri, mədəni və ticarət əlaqələri yolu ilə müxtəlif ölkələrdən gətirilən məişət və zinət əşyaları, tikinti qalıqları, istehsalat ocaqları və çoxsaylı sənətkarlıq nümunələri Mehrəvan şəhərinin tarixi barəsində bir çox mətləblərdən xəbər verir.
Festivalın açılışında MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək Dünya Arxeologiya Günü münasibətilə Ağsu arxeoloji ekspedisiyasının üzvlərini, bütövlükdə Azərbaycan arxeoloqlarını təbrik edib. Vurğulayıb ki, zaman-zaman Azərbaycan tarixini saxtalaşdırmaq, tarixi həqiqətləri ört-basdır etmək məqsədilə yadellilər tərəfindən keçmiş mədəni irsimizə çox böyük ziyan vurulub. Bir çox qiymətli tarixi yadigarlarımız dağıdılıb, talan edilərək başqa ölkələrə aparılıb. Vaxt yetişib ki, həmin itkiləri imkan daxilində bərpa edək, əlimizdəkiləri daha böyük sevgi və məsuliyyətlə qoruyaq, tədqiqi və təbliği ilə məşğul olaq. Dövlət də, elmi idarələr də bu sahədə öz üzərlərinə düşən vəzifələri icra edir. İndi vətəndaş cəmiyyəti və QHT-lər də bu şərəfli missiyanın içərisində olmalıdır.
Sonra festival iştirakçıları Ağsuda arxeoloji tədqiqatların 5 ili mövzusundakı fotosərgi və Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksi ilə tanış olublar.
Festival bədii hissə ilə davam etdirilib, arxeologiya mövzusunda viktorina keçirilib.
Bu gün festival fiziki imkanları məhdud insanlar üçün inkluziv tur, Bəyimli kəndi yaxınlığındakı qazıntıda praktik məşğələlərlə davam etdiriləcək.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.