ŞƏKİDƏ ikinci beynəlxalq şirniyyat festivalı

Şəki şəhərindəki Olimpiya İdman Kompleksində ikinci beynəlxalq şirniyyat festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən – Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin, respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak ediblər. İdman kompleksinin həyətində düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilib.

Festivalın açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, böyük inkişaf yolu keçən Şəki xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi zəngin təcrübə, vərdiş, bilik və bacarıq bu günümüzə qədər gəlib çatıb. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Vurğulanıb ki, bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq.

Mərasimdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, iştirakçı ölkələrin təmsilçiləri çıxış edərək belə festivalların xalqlar arasında dostluğu, sülhü təbliğ etdiyini xüsusi vurğulayıblar.

Sonra tədbir iştirakçıları xarici ölkələrdən, həmçinin, Azərbaycanın şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar.

Korkunov adına “Moskva şokolad məktəbi”nin rəhbəri Yelena Suçkovanın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.

İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar. İkinci yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutublar.

Şirniyyat sexləri arasında isə Şəkinin “Ələhməd şirniyyat evi” birinci yerə layiq görülüb.

Bundan əlavə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub.

Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

İ.HƏSƏNOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında