Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə,
memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə
kimi bizim cəmi 24 yaşımız var. Ona görə ölkəmizi dünyada,
Avropada tanıtmaq üçün müxtəlif tədbirlər keçirilir.
Onların içərisində “Milan 2015”, əlbəttə ki, xüsusi yer tutur.
Eyni zamanda, bizim pavilyonumuzda bugünkü
Azərbaycan reallıqları da əksini tapıb.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan “Expo”ya üçüncü olaraq qoşulmuş ilk
ölkələr sırasındadır və sərgiyə hazırlıq mərhələsində
ən fəal iştirakçılardan biri olub."Milan Expo 2015"-in
çoxsaylı qonaqları Sizin pavilyon sayəsində
Azərbaycanı tanımaq imkanı əldə etdilər. Onlar gələcəyə açıq
və inanan, zəngin tarixə, mədəniyyətə, sürətli inkişafa, beynəlxalq
aləmdə yüksək nüfuza malik, ənənə və texnoloji innovasiyaya
bağlı olan bir ölkəni və xalqı tanıdılar.
Bruno Antonio PASQUİNO
“Milan Expo 2015" sərgisinin baş direktoru
Azərbaycanın Avropada reytinqinin getdikcə yüksəlməsi ölkəmizin uğurlu xarici siyasətinin bəhrəsidir. Bu yaxınlarda başa çatmış birinci Avropa Oyunları bu inkişafın zirvə nöqtəsi oldu. Qitədə ilk dəfə keçirilən mötəbər idman tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkili və möhtəşəm keçirilməsi ölkəmizin dünya birliyindəki nüfuzunu daha da artırdı. Bu möhtəşəm tədbir bir daha təsdiqlədi ki, Avropa ilə əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün səylərdən istifadə olunur. Bu günlərdə İtaliyada keçirilən “Milan Expo 2015” sərgisi və həmin sərgidə Azərbaycan Prezidenti İlham Əliyevin, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirakı bu əlaqələrin yüksələn xətt üzrə inkişafının təcəssümüdür.
Ümumdünya sərgisində Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunması ölkəmiz haqqında sərgi iştirakçılarına daha dolğun məlumat vermişdir. Pavilyonda Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti, ölkəmizə dair kitablar nümayiş etdirilmiş və bunlar qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvür yaratmışdır. Onu da qeyd edək ki, iki ay ərzində artıq bir milyondan çox qonaq Azərbaycan pavilyonunda ölkəmizlə tanış olmuşdur. Bu onu göstərir ki, dünya birliyində ölkəmizə çox böyük maraq var.
Xatırladaq ki, “Expo” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə, Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük tədbir hesab olunur. Azərbaycan bu sərgidə 2000-ci ildən iştirak edir. Bu il ilk dəfə olaraq sərgidə milli pavilyonumuzla təmsil olunmuşuq. “Milan Expo 2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feedinq the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən, Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edirlər. Sərgi oktyabrın 31-dək davam edəcək.
Onu da qeyd edək ki, beynəlxalq sərgidə Azərbaycan iştirakçı ölkələr arasında yeniliyə imza atmış və bu da sərgiyə gələnlərin diqqətini cəlb etmişdir. Belə ki, milli pavilyonumuzda “Mirroring Baku” — Bakı ilə birbaşa əlaqə yaradılmışdır. Milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə, dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılmışdır. Belə bir monitor Bakıda — Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Həmçinin. paytaxt Bakının sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.
“Milan Expo 2015”-də Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılmışdır. Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulmuşdur. Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlər, həmçinin layihələr yüksək səviyyədə həyata keçirilir. Bu vaxta qədər dəfələrlə bunun şahidi olmuşuq və bu barədə beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan ekspertlər də bunu təsdiqləyirlər. Bu baxımdam ”Milan Expo 2015"-də Azərbaycan milli pavilyonu üzrə təşkilati işlərin yüksək səviyyədə həyata keçiriləcəyinə və bura gələn qonaqların gördüklərinə heyran qalacaqlarına heç bir şübhə ola bilməzdi. Bunu “Milan Expo 2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino da təsdiqləmişdir.
Ümumilikdə, pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam etmişdir. Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin builki devizinə uyğun olaraq, Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji potensialını, flora və faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm edir. Bu layihənin hazırlanması üçün 300-dək yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılmışdır.
Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo 2015" başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və qızı Leyla xanım Əliyeva “Milan Expo 2015" sərgisinin ərazisinə gəlmişlər.
Pavilyonda qurulmuş üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir. Bunu “Milan Expo 2015" sərgisinin baş direktoru Bruno Antonio Pasquino da çıxışında Prezident İlham Əliyevə xitabən təsdiqləmişdir: “Cənab Prezident, Sizin pavilyon qonaqları öz görünüşü ilə də cəlb edir. Həmçinin, ölkələrimiz arasında yaxınlığın, Sizin məhz Milandakı bu sərgidə iştirakınızın rəmzi olacaq, unudulmaz xatirəyə çevriləcək pavilyonunuz altı aydan sonra Bakıya köçürülərək orada onu seyr etmək imkanı yaradacaq. Pavilyonda Azərbaycanın iqlimi, təbiəti, gözəl adət-ənənələri, mətbəxinizin ləziz yeməkləri əks olunur. Bununla yanaşı, Azərbaycan xalqının çox səmimi və ənənəvi qonaqpərvərliyi hərtərəfli şəkildə nümayiş etdirilir. Öz quruluşu və mənasına görə yüksək dəyərləndirilən pavilyonunuz iştirakınız üçün əvvəlcədən seçilmiş “Azərbaycan – biomüxtəliflik xəzinəsi” mövzusu ilə tamamlanır. Bu mövzu məhz “Expo”nun dərin mənasını, ərzaq təhlükəsizliyi məsələlərinin həllinin vacibliyini xüsusi olaraq qeyd edir”.
“Milan Expo 2015” sərgisində Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunmuş və mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişdir.
Dövlətimizin başçısı ümumdünya sərgisini yüksək dəyərləndirmiş və pavilyonda Azərbaycanın zəngin tarixinin, mədəniyyətinin, incəsənətini, musiqisinin, xalçaçılıq sənətinin, həmçinin ölkəmizə dair kitabların nümayiş etdirilməsinin qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvür yaradacağını bildirmişdir. Ölkə rəhbəri Azərbaycanın cəmi 24 illik müstəqillik tarixinin olmasına baxmayaraq, siyasi, iqtisadi və mədəni sahələrdə çoxlu sayda böyük nailiyyətlərə imza atması barədə mərasim iştirakçılarına məlumat vermişdir.
İtaliya-Azərbaycan əlaqələrindən danışan dövlətimizin başçısı bildirmişdir ki, bu əlaqələr hazırda ən yüksək səviyyədədir: “İtaliya bizim üçün yaxın dost, tərəfdaş ölkədir. İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri inkişaf edir, ilk növbədə, siyasi əlaqələr. Düz bir il bundan əvvəl iyul ayında mən İtaliyada növbəti dəfə rəsmi səfərdə olarkən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Yəni, strateji tərəfdaşlıq iki ölkə arasındakı əlaqələrin ən yüksək zirvəsidir. Bu gün biz bu əlaqələri belə görürük və siyasi əlaqələr möhkəmlənir”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın Baş naziri Matteo Renzi və İtaliya Prezidenti Sergio Mattarella ilə görüşləri olmuşdur. Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın Baş naziri “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulamış və sərgidə iştirakına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir. İtaliya Prezidenti Sergio Mattarella ilə görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilmişdir.
Söhbət zamanı iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulamış və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.