Əsası böyük xalq xadimi Həsən bəy Zərdabinin ərsəyə gətirdiyi ilk anadilli qəzet “Əkinçi” ilə qoyuımuş milli mətbuatımızın 140 illik yubileyi çərçivəsində növbəti regional konfrans Masallı şəhərində keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Masallı Rayon İcra Hakimiyyətinin Heydər Əliyev Mərkəzində birgə təşkil etdiyi “Azərbaycan milli mətbuatı—140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfransda ölkənin jurnalist qurumlarının, mərkəzi media vasitələrinin, cənub bölgəsində buraxılan qəzet- jurnalların rəhbərləri, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala, Hacıqabul rayonlarının və Şirvan şəhərinin icra hakimiyyəti başçılarının müavinləri iştirak emişlər.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan aldığımız məlumatda bildirilir ki, toplantıda cənub bölgəsinin mətbu nəşrlərinin fəaliyyətinə milli mətbuatımızın tarixi ənənələri və çağdaş çağırışlar prizmasından nəzər salınmış, yerlərdə çalışan yazarların arzu və istəkləri diqqət mərkəzində olmuşdur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov konfransı giriş sözü ilə açaraq mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır. Ümummilli lider Heydər Əliyevin jurnalistikamızın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan başçı Azərbaycan milli mətbuatının yubileylərinin ümumxalq bayramları kimi qeyd olunmasına da ilk dəfə müstəqillik illərində məhz ulu öndərin sərəncamı ilə başlanıldığını vurğulamışdır. O, əlavə etmişdir ki, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də milli mətbuatımızın əlamətdar hadisələrini, onun problemlərinin həllini daim diqqətdə saxlayır, dünyada analoqu olmayan tədbirləri gerçəkləşdirir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, milli jurnalisrikamızın ənənələrinin dövlətçiliyimizin möhkəmləndirilməsi və vətənpərvərlik tərbiyəsində önəmli rol oynadığını bildirmişdir. Prezident İlham Əliyevin 2015-ci il 2 iyun tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən, təşkil edilən regional konfransın bundan əvvəl Zərdabda, Gəncədə və Qəbələdə keçirildiyini xatırladan Prezident Administrasiyasının rəsmisi yekun tədbirin iyulun 22-də Bakıda olacağını söyləmişdir.
Vüqar Əliyev müstəqillik dövründə Azərbaycanda güclü medianın formalaşdığına toxunaraq demişdir: “Biz bunu Bakıda keçirilən birinci Avropa Oyunları zamanı aydın müşahidə etdik. Azərbaycan jurnalistləri əsl peşəkarlıq nümayiş etdirərək dövlətimizi layiqincə dəstəklədilər. Avropa Oyunları zamanı bir sıra xarici ölkələrin təşkil etdikləri böhtan və qarayaxma kampaniyasına mediamız layiqincə cavab verdi”.
Prezident Administrasiyası şöbə müdirinin müavini daha sonra xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olan Azərbaycan mətbuatının şanlı tarixindən, müstəqillik dövründə KİV- in inkişafı və demokratikləşməsi istiqamətində həyata keçirilən islahatlardan geniş söhbət açmış, dövlət müstəqilliyinin bərpasından sonra milli mediamızın yeni inkişaf dövrünün başlandığını qeyd etmişdir.
Vuqar Əliyev ümummilli lider Heydər Əliyevin xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV- in inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirmişdir. O, ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlığının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini xatırlamış və bu əsaslı tədbirlərin mediamızı öz tarixində ən yüksək inkişafa qovuşdurduğunu söyləmişdir.
Ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran natiq son illərdə regionlarda yerli mətbuatın da inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini, “Əkinçi” qəzeti ilə başlanan ənənələrin uğurla davam etdirildiyini bildirmişdir.
KİVDF- nin məlumatında daha sonra bildirilir ki, konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Ölkəmizdə milli siyasi düşüncənin məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu vurğulayan AMŞ sədri milli azadlıq hərəkatının formalaşmasında da mediamızın tarixi rolunu yüksək qiymətləndirmişdir. Azərbaycanda media ilə bağlı güclü qanunvericilik bazasının yaradıldığını deyən Mətbuat Şurasının sədri ötən dövrdə 5 minə yaxın KİV-in qeydə alındığını xatıtlatmışdır.
Prezident İlham Əliyevin ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələri son 12 ildə uğurla davam etdirdiyini deyən şura sədri əlavə etmişdir ki, ötən dövrdə ölkə mətbuatının 130 və 135 illik yubileyləri yüksək səviyyədə qeyd edilmiş, onlarla jurnalist fəxri adlara layiq görülmüş, qəzetlərin borcları dövlət büdcəsi hesabına silinmişdir.
Hazırda dünyada mətbuatın 4 nəzəri prinsip üzərində qurulduğunu diqqətə çatdıran Əflatun Amaşov suverenlik illərində Azərbaycanda məhz sosial məsuliyyət prinsipi ilə çalışan, söz və mətbuat azadlığı şəraitində fəaliyyət göstərən müstəqil və demokratik medianın formalaşdığını vurğulamışdır. O, Mətbuat Şurasının mətbuat— dövlət, mətbuat— cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə yönəlik yubiley təbriklərinə qoşularaq, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yoluna nəzər salmışdır: “Azərbaycan milli mətbuatının inkişafını əsasən 4 mərhələyə bölmək olar. “Əkinçi” qəzetinin nəşrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan mərhələ; cümhuriyyət dövrü; sovet epoxası; müstəqillik illəri. Azərbaycan mətbuatının ən yüksək inkişafı məhz dövlət müstəqilliyinin bərpası və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir”.
İcraçı direktor KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini bildirmiş və qurumun ötən illərdəki uğurlu fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Ötən illərdə regionlarda nəşr olunan qəzetlərin də dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayan Vüqar Səfərli KİVDF- nin xəttilə 82 region qəzetinə kompüterlər və digər zəruri avadanlıq verildiyini, yerli mətbuatın təmsilçilərinin fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində fəal iştirak etdiyini diqqətə çatdırmışdır.
Vüqar Səfərli ölkəmizdə jurnalistlərə dövlət hesabına mənzillərin verilməsinin dünyada analoqu olmayan müsbət təcrübə olduğunu qeyd etmiş, 2013-cü ildə Bakı şəhərində tikilmiş 17 mərtəbəli binada 156 jurnalistin hər bir şəraiti olan mənzillərlə təmin olunduğunu, mətbuat işçiləri üçün hazırda inşa edilən 255 mənzilli ikinci yaşayış binasının isə 2016-cı ildə istifadəyə veriləcəyini söyləmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətləri başçılarının müavinləri və yerli qəzetlərin redaktorları region mətbuatının hazırkı vəziyyətindən, son dövrdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söhbət açmış, mövcud problemlərlə bağlı arzu və təkliflərini səsləndirmişlər. Onlar milli mətbuatımızın 140 illik yubileyinin ölkə miqyasında təntənə ilə qeyd edilməsinə yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını da ifadə etmişlər.
Konfransa yekun vuran Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev milli mətbuatımızın qarşısında duran vəzifələrdən, regionların hərtərəfli inkişafı ilə bağlı ölkəmizdə qazanılan uğurların etibarlı informasiya təminatından danışmış, söylənən mülahizələrə münasibətini bildirmişdir.
R. TAHİR, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.