Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin milli mətbuatımızın 140 illik yubileyinə həsr etdiyi “Siz unudulmamısınız...” kitabının Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində ölkənin yaşlı nəsil jurnalistlərinin təşkilatlanması, yeni media sistemində fəal mövqeyini müəyyən etməsi, veteran yazarların sosial müdafiəsi, xidmətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı məsələlər, eləcə də AJM- in son 5 ildə gerçəkləşdirdiyi layihələr diqqət mərkəzində oldu.
Toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov peşəkar jurnalistikamızın yaşlı nəslinin təmsilçilərini milli mətbuatımızın əlamətdar yubileyi münasibətilə təbrik etdi, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı. AMŞ sədri ahıl jurnalistlərin son 5 ildə öz peşə qurumları ətrafında sıx birləşərək jurnalistikamızın inkişafına yeni töhfələr verdiklərini bildirdi. O qeyd etdi ki, yaşlı söz adamlarının zəngin təcrübəsi və mötəbər sözünə dünən olduğu kimi, bu gün də ölkə KİV-ində böyük ehtiyac var. Ahıl Jurnalistlər Məclisinin öz sıradaşlarına yubiley töhfəsi olan “Siz unudulmamısınız...” toplusu bu baxımdan yaşlı yazarlarımız barədə ilk əhatəli məlumat mənbəyi, həm də qurumun ilk beşillik fəaliyyətini əhatə edən hesabatdır.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov çıxışının əvvəlində qurumun formalaşıb fəaliyyət göstərməsinə Azərbaycan Mətbuat Surası rəhbərliyinin göstərdiyi xeyirxah himayədarlığı məmnunluqla yad etdi, yaşlı jurnalistlərimizin xidmətlərinə yüksək qiymət verdiyinə, onların ehtiyaclarına həssas və qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etdi. Ahıl jurnalistlərin lideri daha sonra bildirdi:
– Bizim Ahıl Jurnalistlər Məclisi günün tələbindən, ömrünü jurnalistikamıza həsr etmiş yaşlı nəsil yazarların mənəvi və maddi ehtiyaclarını cavablandırmaq ehtiyacından yarandı. On illərlə söz cəbhəsində çalışıb, təqaüdə çıxanda quru qələmindən başqa bir şeyi olmayan jurnalistlərin maddi və mənəvi durumu dövlət müstəqilliyimizin ilk illərində, keçid dövründə ağır olmuşdu. Şükür ki, indi o illər arxada qalıb. Zəmanə dəyişib, yerində olmayan çox şey sahmana salınıb. Jurnalistlərin də azad cəmiyyətdə, müstəqil dövlətdə yeni yeri, nüfuzu, qədir-qiyməti formalaşıb.
Məclisimiz ilk illərdə və aylarda fəaliyyətə media tədbirlərinə qoşulmaqla, jurnalistikamızın inkişafında xidmətləri olan tanınmış həmkarlarımızın anım günlərini və yubileylərini təşkil etməklə başladı. Vaxtilə indiki yaşlı jurnalistlərin müəllimi və himayədarı olmuş tanınmış qələm sahiblərindən mərhum Qubad Süleymanovun, Sona Bağırovanın, Ağababa Rzayevin, Nəriman Zeynalovun, Rəfail Nağıyevin, Məmmədəli Nasirin və digər ustadlarımızın anım mərasimlərini qədirbilənliklə keçirdik. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Şamil Şahməmmədov, Firudin Rəsulov, Ələsgər Cabbarov, Şəddat Cəfərov kimi tanınmış jurnalist- naşirlərin Mətbuat Şurasında keçirilən yubiley mərasimlərində, mediamızın əlamətdar tədbirlərində də fəal iştirak etdik.
Bu işlərimiz təqdir olunduqca daha da fəallaşdıq, bir- birimizdən daha çox xəbər tutmağa başladıq. Məlum oldu ki, yaşlı jurnalistlərin bəzilərinin vəziyyəti o qədər də yaxşı deyil. Qəlbimizdə onların maddi və mənəvi durumunu yüngülləşdirmək istəyi baş qaldırdı. Belə bir zərurəti ifadə etmək məqamında jurnalistikamıza ümummilli lider Heydər Əliyevin böyük himayəsini uğurla davam etdirən Prezident İlham Əliyev yenidən hamılıqla “Jurnalistlərin dostu” seçildi. 2013-cü il noyabrın 24-də dövlət başçısına bu mükafatın təqdimolunma mərasimində Ahıl Jurnalistlər Məclisinin sədri kimi mənə də söz verildi.
Mən üçüncü dəfə ölkə Prezidenti, üstəlik, ikinci dəfə jurnalistlərin dostu seçilmiş möhtərəm İlham Əliyevi ahıl jurnalistlərin adından təbrik edəndən sonra dövlət rəhbərinə olan böyük güvəncimizdən ürəklənib yaşlı layihələrimizlə bağlı bizə maddi dəstək göstərilməsi təklifini səsləndirdim. Prezident İlham Əliyev həmin görüşdə qaldırılan bütün məsələlər kimi, bizim xahişimizi də yüksək həssaslıqla cavablandırdı.
AJM sədri daha sonra bildirdi ki, bundan sonra KİV-ə Dövlət Dəstəyi Fondu bizim layihələri də maliyyələşdirməyə başladı. Ayrılmış vəsaitlə keçən il Milli Jurnalistika Günündə mətbuatımızın inkişafında xidmətləri ilə seçilən 30 jurnalisti Mətbuat Şurasında təbrik etdik, onları bayram hədiyyələri ilə sevindirdik. İl boyu xəstə və ağır vəziyyətdə yaşayan bir sıra yaşlı jurnalisti mənzillərində ziyarət etdik, maddi yardım göstərdik. Yubiley yaşına çatan həmkarlarımızı isə təbrik edib hədiyyələrimizi çatdırdıq. Yaşlı jurnalistlərin təcrübəsini gənc yazarlara çatdırmaq üçün nüfuzlu redaksiyalarda və jurnalistika təhsili verən universitetlərdə görüşlər, aktual mövzularda “dəyirmi masa”lar keçirməklə bağlı layihəyə də srart vermişik. “Azərbaycan” və “Xalq qəzeti” redaksiyalarında keçirdiyimiz ilk 2 “dəyirmi masa” mediada və ictimaiyyət arasında lazımi əks- səda doğurmaqla bu layihənin gərəkliyini göstərdi. Eyni zamanda, jurnalistikamızın dünənin ağır və şərəfli yükünü daşımış ustad jurnalistlər və yaşlı yazarlar barədə materialları toplayıb çapa hazırladıq. Bütün bu söylədiklərim barədə materialları əhatə edən qalın kitab artıq yüksək polioqrafik icrada işıq üzü görüb və hər birinizə yubiley hədiyyəsi olaraq təqdim olunub.
Məclisimizin fəaliyyətini maddi və mənəvi cəhətdən himayə etdiklərinə, konkret olaraq bu fundamental nəşrin çapını gerçəkləşdirdiklərinə görə Azərbaycan Mətbuat Şurasının və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyinə təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib həmkarlarımızı milli mətbuatımızın 140 illik yubileyi münasibətilə təbrik edir, yaşlı nəsil jurnalistlərimizə möhkəm cansağlığı, xoş günlər arzulayıram.
KİV- ə Dövlət Dəstəyi Fondunun içraçı direktoru Vüqar Səfərli ölkə jurnalistlərinin sosial problemlərinin həlli zamanı yaşlı nəsil yazarların xidmətlərinin də yaddan çıxmadığını söylədi və gələkdə də belə olacağını söylədi. O, “Siz unudulmamısınız...” kitabını hasilə gətirən yaradıcı heyətin gərəkli zəhmətini təqdir etdi, belə nəşrlərin çapına bundan sonra da kömək göstəriləcəyini bildirdi.
Ahıl Jurnalistlər Məclisi sədrinin müavini Məzahir Süleymanzadə yeni nəşrin çapa hazırlanması və kitaba daxil edilmiş materiallar barədə ərtaflı məlumat verdi. O açıqladı ki, ölkə jurnalistikasının tarixində jurnalistlər barədə ilk dəfə buraxılan “Siz unudulmamısınız...” adlı məlumat- sorğu kitabında AJM- nin fəaliyyətinə ciddi təkan olmuş Prezident İlham Əliyevlə jurnalistlərin son görüşünün hesabatı, AJM barədə mötəbər şəxslərin mülahizələri, yaşlı nəsil yazarların qısa bioqrafiyaları, onların müəllimi, ustadı olmuş görkəmli qələm sahibləri haqqında oçerk və xatirə yazıları, qurumun gerçəkləşdirdiyi layihələrin əks- sədası olan media materialları toplanmışdır. Belə bir kitab ilk təşəbbüs olduğundan, şübhəsiz, hamını və hər şeyi əhatə etmək mümkün olmamışdır. Növbəti illərdə bu təşəbbüsün davamı olaraq daha mükəmməl nəşrlər buraxılacaq. AJM sədrinin müavini sonda həmkarlarını yeni mükəmməl toplunun hazırlanmasında fəal iştiraka dəvət etdi.
“Paralel ” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Azərbaycan observer” jurnalının baş redaktoru Fazil Güney, ahıl jurnalistlərdən Əlövsət Bəşirov, Etibar Etibarlı və digər yazarlar jurnalistikamızın iftixarı olan ahıl jurnalistlər nəsli barədə ilk ensiklopedik nəşri ərsəyə gətirənlərə təşəkkürlərini bildirdilər, yaşlı yazarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Tahir AYDINOĞLU,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.