Jurnalistikamız milli idealların tərcümanıdır Azərbaycan milli mətbuatı – 140

İyulun 22-də milli mətbuatımızın 140 yaşı tamam olur. Kifayət qədər yetkin yaşdır və öz qanı, canı, tükənməz enerjisi və fədakarlığı ilə milli mətbuatımızın özülünü qoyan, divarlarını ucaldan  böyük simaların ruhu şaddır - başladıqları və sonrakı nəsillərə əmanət qoyub getdikləri müqəddəs vəzifənin indiki daşıyıcıları onların adlarına layiq fəaliyyət sərgiləməkdədirlər. 

Peşəkar milli mətbuatımızın 140 illik tarixi şanlı mənəviyyat salnaməsidir.  Bu öyünclü milli salnamənin səhifələrinə tarixi yaddaşın oyadılması və istiqlal düşüncəsinin formalaşdırılması,  dövlətçiliyin bərpası və  kommunist rejiminin basqısı altında milli varlığın yaşadılması, dövlət müstəqilliyinə yenidən qovuşma və dünya birliyində özünütəsdiq kimi taleyüklü proseslər həkk olunmuşdur. Bu şərəfli və məsuliyyətli,  çətin və önəmli, ağrılı və sevincli onilliklər Azərbaycanın say-seçmə yazarlarının, milli düşüncə və bəşəri əxlaq sahiblərinin adlarını milli mətbuatımızın silinməz-  pozulmaz səhifələrinə qızıl hərflərlə yazdı. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov,  Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Nəriman Nərimanov və digər qeyrətli ziyalılarımız cəhalət şəraitində, irtica dövründə yurdun müstəqilliyinə, xalqın azadlığına yönəlik millət  Sözünün  tərcümanları oldular. 

Bu işıqlı  ideyalar çar müstəmləkəçiliyi zamanında da, sovet dövründə də, müstəqillik illərində də davamlı olaraq gərəkliyini qoruyub saxladı. Ötən 140 ildə mətbuatımızda səslənmiş mütərəqqi çağırışlar söz cəbhəsində milli mənəviyyatın keşiyində duranların özlərinin də həyat və yaradıcılığının məhək daşına çevrildi. Bu həqiqətlər barədə mətbuat araşdırıcıları kifayət qədər yazıblar, danışıblar . İllər, əsrlər keçdikcə milli mətbuatımızın son əsr yarımda xalqımızın milli haqlarına çatması yolunda göstərdiyi xidmətlərin  və tarixi qazancların qədir- qiyməti  daha çox bilinəcək.

Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın yaranmasının 120 və 125 illik,  Prezident İlham Əliyevin isə 130, 135 və 140 illik yubileylərinin xalq bayramları kimi qeyd olunması ilə bağlı sərəncamları və jurnalistlərə təbrikləri bu gerçəyi dönə- dönə təsdiqləyib. 

Müstəqillik illərində Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin yeni şəraitdə öz dayaqlarını möhkəmləndirməsi üçün davamlı, kompleks tədbirlər həyata keçirib. Qəbul olunan qanun və qərarlar, verilən fərman və sərəncamlar göstərdi ki, dövlətimiz mətbuatın daha da inkişafında, ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamasında maraqlıdır. Jurnalistlərin normal fəaliyyəti, onların sosial problemlərinin həlli hazırda hakimiyyətin önəm verdiyi hədəflərdəndir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələri, o sıradan senzuranı aradan qaldırmış, KİV-in fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırlması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Mətbuatımız həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat sahəsində ulu öndərin yaratdığı ənənələri uğurla davam etdirməkdədir. “Azərbaycan Respublikasında KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq, mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Heç bir ölkədə analoqu olmayan tədbir — jurnalistlərin mənzillə təmin edilməsi məhz Prezident İlham Əliyevin yaradıcı insanların, milli dövlətçiliyə xidmətləri ilə seçilən söz adamlarının əməyinə verdiyi çox böyük qiymət, dünyanın hər yerində təqdir olunan nadir qədirbilənlik nümunəsidir.

Mətbuatın 140 illiyi ilə bağlı məlum sərəncamdan sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mudiri Əli Həsənovun KİV rəhbərləri ilə görüşündə mətbuatımızın indiki durumu, perspektiv inkişafı ilə bağlı prioritetlər səsləndirildi. Görüşdə qeyd olundu ki, bu mühüm dövlət sənədi mətbuatın inkişafı, jurnalistlərin yaradıcılığının qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli bir mərhələnin başlanğıcı hesab oluna bilər. Professor Əli Həsənov çıxış və məqalələrində, jurnalistlərlə görüşlərində medianın qarşısında duran çox mühüm vəzifələrə daim konseptual şəkildə yanaşır, mətbuatla dövlət arasında əlaqələrin tənzimlənməsi mexanizminin detallarını hərtərəfli əsaslandırır, bunun böyük faydalar verəcəyini vurğulayır.

Milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin ölkəmizdə təntənə ilə qarşılanması, kütləvi tədbirlərə start verilməsi, təbii ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm hadisədir. Yubiley ərəfəsində həmkarlarımız KİV-də əlamətdar hadisə ilə bağlı öz fikirlərini, mülahizələrini bölüşür, təəssüratlarını ifadə edirlər. Bu yazılar, polemik söhbətlər, sözsüz ki, mətbuatımızın keçdiyi çətin və şərəfli yola geniş spektrdə işıq salır, prioritet istiqamətlərin müəyyənləşdirilməsinə kömək edir. Bu yazıda mən də bəzi mülahizələrimi həmkarlarımla bölüşmək istərdim. 

Sovetlər Birliyi dövründə Az.TV və “Kommunist” (indiki “Xalq qəzeti”), müstəqillik illərində “Azərbaycan” qəzeti redaksiyasında və Az.TV-də müxtəlif  vəzifələrdə işləmişəm. Hazırda İTV-də çalışıram. Harada işləmişəmsə, ilk növbədə, BDU-dakı müəllimlərimin – Nəsir İmanquliyevin, Şirməmməd Hüseynovun, Nurəddin Babayevin, Seyfulla Əliyevin, Famil Mehdinin, Tofiq Rüstəmovun, Nəriman Zeynalovun, Əliş Nəbilinin, Cahangir Məmmədlinin, Yalçın Əlizadənin, Akif Rüstəmovun, Mahmud Mahmudovun və digərlərinin öyrətdiklərini və tövsiyələrini tələbə yoldaşlarım kimi, mən də yaradıcılığın başlıca meyarı hesab etmişəm. Bu müəllimlər bizə yazı hazırlamaq prosesinin bütün mərhələlərini ardıcıllıqla, səbrlə başa salır, təcrübədə sınaqdan da keçirirdilər.

Tədris qəzetimiz “Jurnalist” bizi, sözün əsl mənasında, böyük mətbuata hazırlayırdı.  Faktların öyrənilməsi, hər hansı şəxsin və ya obyektin fəaliyyəti, insanlarla ünsiyyət, nəyi isə öyrənmək mədəniyyəti, fakt və rəqəmlərə münasibət, sözlərin, ifadələrin düzgün seçilməsi, süjetin qurulması, başlanğıc və sonluğun necə yazılması kimi peşəkarlıq məsələlərini müəllimlərimiz bizə o dərəcədə səlis, anlaşıqlı başa salırdılar ki, bu dərsləri rahatca öyrənir və yerli-yerində bəhrələnirdik. Hələ tələbə ikən “Kommunist”,  “Azərbaycan gəncləri”, “Bakı” və “Sovet kəndi” kimi nüfuzlu respublika qəzetlərində yazılar dərc etdirən gənc jurnalistləri böyük hörmətlə nişan verir, onlara qibtə ilə baxırdılar.

 O illərdə kommunist rejiminin xofu altında insanlar danışmağa, müsahibə verməyə o qədər də həvəsli deyildilər. Əslində, çoxu heç bunu bacarmırdı da. Rus dilinin dominantlığı və əsasən, hazır mətnlərdən istifadə tendensiyası sərbəst danışmağa mane olurdu.

Yaxşı yadımdadır, Az.TV-nin “Xəbərlər” proqramında çalışarkən müxtəlif peşə sahiblərindən, idarə rəhbərlərindən müsahibələr almalı olurduq. Bizim üçün çətin olanı isə bu adamların sərbəst danışa bilməmələri və ya bundan boyun qaçırmaları idi. Jurnalistlər məcbur olurdular ki, hər kəsin işinə, vəzifəsinə uyğun mətnlər hazırlayıb əzbərlətdirsinlər, sonra çıxışlarını lentə yazsınlar. Bəzən hazırlıqsız adamlar bu çıxışı heç əzbərləyə də bilmirdilər. İri kağızlarda böyük hərflərlə mətni yazıb, kameranın obyektivi ilə yanaşı tuturdular ki, oxusunlar. Belə hallar qeyri-təbii müsahibələrlə nəticələndiyi üçün  jurnalistlər danlanırdılar. 

Dediyim odur ki, indi müsahibə götürmək xeyli asanlaşıb, insanlar kifayət qədər məlumatlıdırlar. Adamlar öz fikirlərini sərbəst ifadə edirlər və jurnalistlərimiz də müasir texnologiyalara o dərəcədə yiyələniblər ki, fakt toplamaq, mətn yazmaq, hadisələrin izinə düşmək baxımından heç bir çətinliklə üzləşmirlər. Dünyanın o başından hazırladıqları materialı onlar anındaca redaksiyaya çatdırırlar.

 Ötən əsrin 70—80-ci illərində mətbuatda çalışanlar, yəqin, yaxşı xatırlayırlar ki, o vaxt qəzetlərdə bir çox janrlardan istifadə olunurdu və bu, yazıların tez, rəvan oxunmasına, oxucular tərəfindən qəbul edilməsinə rəvac verirdi. Oçerk, felyeton, zarisovka, hesabat, müsahibə və digər janrlar jurnalistə imkan verirdi ki, mövzunun mahiyyətini daha geniş açsın, insanların və ya hansısa kollektivin gördüyü işləri oxucu kütləsinə daha geniş diapazonda, maraqlı priyomlarla çatdırsın. Çox təəssüf ki, indi bu janrlar unudulub. Ola bilsin ki, müasir yazarlar daha ekspressiv və rahat oxunan məqalələrə üstünlük verirlər. Lakin unutmamalıyıq ki, keçmişin də maraq doğuran ənənələrinə üz tutmaq yalnız fayda verərdi. 

Doğrudur, gənc yazarlarımız, adətən, sensasiyalı xəbərlər yazmağa və yaymağa daha çox üstünlük verirlər. Lakin onlar hər an, hər gün rastlaşdıqları sadə insanlardan, ölkənin sosial həyatında mühüm nailiyyətlər qazanan vətəndaşlardan, elm xadimlərindən, yaradıcı ziyalılardan bəhs edən yazıların dərcinə də diqqət yetirməlidirlər. Azərbaycanda elə kollektivlər, qurumlar var ki, aylarla, illərlə onların fəaliyyəti, ölkənin iqtisadi inkişafına töhfələr verən insanların düşüncə və niyyətləri mətbuat səhifələrinə çıxarılmır. Çox təəssüf ki, şou əhli, teleaparıcılar, bomjlar və qatillər barədə yazılar indi KİV-də daha çox yer alır. Unudulur ki, həyatımıza, cəmiyyətimizə daha geniş miqyasda nəzər salınmalı, yazıların coğrafiyası, yayılma arealı və mövzu rəngarəngliyi mətbuatın prioritetlərinə çevrilməlidir. 

Əlbəttə, dediklərim ötən dövrü idealizə və nostalji hisslərinin ifadəsi kimi başa düşülməməlidir, çünki bütün sahələrdə olduğu kimi, jurnalistikamızda da keçmişin uğur gətirən, xeyir verən dəyərlərindən istifadə son dərəcə zəruridir və elə inkişaf etmiş Qərb ölkələrində də bu belədir. Nəinki yazılara, eləcə də yazarlara həssaslıqla, ehtiram hissi ilə yanaşmaq müasir jurnalistikanın borcu hesab olunmalıdır. 

Yaxşı xatırlayıram, 2002-ci ildə bir qrup jurnalist ABŞ Dövlət Departamentinin dəvəti ilə bu ölkədə səfərdə idi. Həmin tərkibdə mən Az.TV-ni təmsil edirdim. Orada olduğumuz müddətdə “New York Times”, “Washington post” qəzetləri redaksiyalarında, eləcə də bir sıra nüfuzlu telekanallarda və xəbər agentliklərində olduq, həmkarlarımızın iş üslubu, sosial vəziyyəti ilə maraqlandıq. Adını çəkdiyim və çəkmədiyim  qəzetlərin rəhbərləri bizə məlumat verdilər ki, hər bir redaksiya öz daxili maliyyə imkanı hesabına azından beş-on nəfər qocaman və işsiz jurnalisti hamiliyə götürür və günün müəyyən saatlarında həmin publisistlər redaksiyaya gəlirlər. Onlara köməkçi də ayrılır. Təcrübəli və yaşlı jurnalistlər həftə ərzində bir-iki sanballı yazı ilə qəzetdə çıxış edir və kifayət qədər qonorar alırlar.

 Belə bir addım, əslində, humanist mahiyyət daşıyır. Ömrünü mətbuata həsr edən yaşlı jurnalist özünə gündəlik məşğuliyyət tapmaqla yanaşı, dolanışıq xərcini də çıxarır. Pensiya, üstəgəl qonorar. Təbii ki, bundan heç kim qaçmaz və redaksiyanın tələbinə uyğun ləzzətli bir yazı da qoyar ortaya. Bəlkə, bizim də imkanlı və nüfuzlu qəzetlərimiz gələcəkdə bu təcrübədən istifadə edəcək, bilmirəm, hər halda yaxşı yazan işsiz müəlliflərə tərəf belə addımın atılması uğurlu  nəticələr verərdi. 

Jurnalistikamız inkişaf yolundadır. Bunu dövlətimizin mətbuata qayğısı da sübut edir, yazarlarımızın fəaliyyəti də. Lakin müasir jurnalistlərimiz tarixi ənənələrə söykənərək, xalqın marağını qədərincə təmin  edən, maraqlı, şoudan, arzuolunmaz sensasiyadan uzaq yazılarla daha çox fayda verə bilərlər.  Bunun üçün isə təcrübəli jurnalistlərdən daha çox öyrənmək, mütaliə etmək, öz üzərlərində çox işləmək lazım gəlir.  Qəzetçilik təcrübəsi zəngin olan, jurnalistikamızda öz imici ilə seçilən yazarlarımız heç bir təklif gözləmədən gənc müxbirlərə, mətbuata yenicə qədəm qoyanlara hamilik etməli, onlara necə yazmağın, işlədikləri KİV-in tələblərinə düzgün əməl etməyin yollarını öyrətməlidirlər.

Hər bir peşədə olduğu kimi, jurnalistikada da varislik prinsiplərinin qorunub saxlanması çox vacibdir və həyatda, təcrübədə özünü doğrultmuş ənənələri yaşatmaq, yeni müstəvidə inkişaf etdirmək hər bir qələm sahibinin müqəddəs borcudur. Unudulmamalıdır ki, jurnalistlər cəmiyyətin ən sağlam qüvvəsi kimi dövlətimizin qızıl fonduna daxil olan yaradıcı qrupu təşkil edirlər. Cəmiyyətimiz qələm adamlarının dediyi, yazdığı hər bir kəlmənin dəqiqliyinə, dürüstlüyünə və sağlam ruhlu olduğuna inanır və bu, belə də olmalıdır.

 Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, dövlət siyasətinə uyğun olaraq, mediada peşəkarlığın yüksəldilməsi, redaksiyaların problemlərinin həlli, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əsaslı tədbirlər həyata keçirirlər. Bu islahatçılıq xətti KİV- in inkişafına əsaslı təkan vermişdir. Bu təşkilatlara, eləcə də hər bir qələm sahibinə, yubiley ilində yeni uğurlar arzulayırıq. Milli mətbuatımızın 140 illik yubileyinin əsl ümumxalq bayramı kimi qeyd olunmasına yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. 

Akif CABBARLI,
“İctimai” Televiziyanın
“Media və zaman” proqramının redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında