Şərqin sonuncu fatehinə dəyərli abidə

Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu ilə çap olunmuş “Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabında onun həyatının bütün mərhələləri araşdırılır

Nadir şah Əfşar Azərbaycan xalqının dünyaya verdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, misilsiz hərbi düha sahibi, yenilməz və tədbirli sərkərdə olmuşdur. Saysız-hesabsız döyüşlərdə, müharibələrdə, demək olar ki, məğlubiyyət acısı dadmamışdır. İstər Şərq, istərsə də, Qərb müəllifləri Nadir şahı dünyanın tanınmış fatehlərindən olan Makedoniyalı İsgəndər, Yuli Sezar, Əmir Teymur və Napoleon Bonapartla müqayisə edirlər və onun belə hökmdar sərkərdələrlə ümumi cəhətlərə malik olması bu müqayisələrə tarixi bəraət qazandırır. Bir qayda olaraq, deyildiyi kimi, Nadir şah Şərqin sonuncu fatehidir və hər birimizin qürur duyduğumuz siyasi xadimdir.

Nadir şah Əfşarın şəxsiyyəti, siyasi və hərbi fəaliyyəti ilə bağlı öz dövründə və özündən sonra bu günə qədər  istər bədii-tarixi nəsr formasında, istərsə də elmi və elmi-publisistik səkildə ingilis, fars, alman, hind, holland, rus, türk. və s. dillərdə coxlu kitab və məqalələr yazılmışdır.  Onları sadalamalı olsaq, böyük bir siyahı əmələ gələrdi.

 Mən də 2014-cü ildə “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi-puplisistik  kitab çap etdirdiyimdən Nadir şah Əfşarla bağlı mənbə və kitablarla yaxından tanış olmuşam (yeri gəlmişkən, hazırda həmin kitab Türkiyədə çap olunmaqdadir). Amma əminliklə söyləyə bilərəm ki, son illər çap olunmuş  nəşrlər içərisində 2015-ci ildə “Şərq-Qərb” Nəşiriyyat evi tərəfindən buraxılmış “Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabının müstəsna yeri vardır. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Ramiz Mehdiyevdir. Əsərin Azərbaycan tarixi və onun görkəmli şəxsiyyətləri ilkin mənbələr əsasında dərindən, azərbaycançılıq mövqeyindən tədqiq edilib öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi ümumdövlət əhəmiyyətli bir missiyanı həyata keçirməsi şübhəsizdir. Tariximizin obyektiv öyrənilməsi hər zaman ulu öndər Heydər Əliyevin də diqqət mərkəzində olmuşdur. Respublika Prezidenti İlham Əliyevin nitq və çıxışlarında, habelə onun imzaladığı sərəncamlarda tarixi hadisələrə, tarixi şəxsiyyətlərə yenidən düzgün qiymət verilməsi, onların işinin ictimailəşdirilməsi bu işin aktuallığını bir daha nümayiş etdirir.

Kitabda  müxtəlif vaxtlarda əcnəbi dövlət başçılarına, həmçinin, Nadir şahın müasiri olan yüksək rütbəli siyasi xadimlərə ünvanlanmış  28 məktub  daxildir ki, onlar Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan əlyazmaya əsasən tərcümə edilmişdir. Həmin məktublar Nadir şahın şəxsi keyfiyyətlərini göstərməklə yanaşı, onun diplomatik məharətini və ümumilikdə,  həmin dövrün mənzərəsini ifadə etmək mənasında əvəzolunmaz tarixi bir sənəddir.

Kitab akademik R.Mehdiyevin elmi redaktorluğu ilə çap olunub və “Ön söz” ün müəllifi də elə akademikin özüdür. “Ön söz”, əslində  60 səhifədən ibarət sanballı  tədqiqat əsəri olmaqla gərgin zəhmətin nəticəsidir.  Akademik kitabın tituluna  çıxarılmış mətnin bir hissəsində belə bir ibrətamiz fikir söyləyir: “...İftixar hissi ilə qeyd edə bilərik ki, Qərbdə xalqımızın bu böyük oğlunun şəxsiyyətinə, siyasi fəaliyyətinə və hərbi dühasına maraq hələ onun sağlığında yaranmışdır. İngilis şərqsünası, Kembric Universitetinin professoru L.Lokkart (1937) yazır ki, arxiv tədqiqatları zamanı nüfuzlu ingilis qəzetlərinin birinin 1731-ci ilə aid nömrəsində, həmçinin o dövrdə Avropanın məhşur nəşrlərindən sayılan ”Gazette de Hollande"nin səhifələrində və s.  Nadir şaha həsr olunmuş məqalələrə rast gəlmişdir. Çoxları mənimlə razılaşar ki, bir müsəlman dövlət xadiminin hələ sağlığında Qərbdə bu qədər əks-səda doğurması nadir təsadüf edilən hadisədir. Tarixçilər əmindirlər ki, Qərb arxivlərində Nadir şah dövrünə aid işıq üzü görməmiş çoxsaylı materiallar hələ də öz tədqiqatçılarını gözləməkdədir və onların nəşri, heç şübhəsiz ki, tariximizi yeni-yeni mühüm faktlarla zənginləşdirmək iqtidarındadır”.

Akademik R.Mehdiyevin elmi redaktor kimi tədqiq etdiyi “Nadir şah Əfşar imperiya tariximizin sonuncu səhifəsi diplomatik sənədlər aynasında” əsəri tanınmış tarixçilər, ingilis L.Lokkartdan və iranlı  tarixçi Məhəmməd Hüseyin Qüddusidən gətirdiyi və Nadir şahın şəxsi, siyasi və hərbi mündəricəsini lakonik şəkildə ifadə edən iqtibasla başlayır. Bu iqtibasları akademikin böyük tədqiqat işinin çox uğurlu epiqrafı kimi qiymətləndirmək olar.

L.Lokkart qeyd edirdi ki, Nadirin Napoleon Bonapartla müqayisəsi qaçılmazdır və o, həqiqətən də bu şəxsiyyətlə bir sıra ortaq cəhətlərə malik idi. Həmçinin Nadiri xüsusilə,  Şərq müəllifləri tez-tez Makedoniyalı İsgəndərlə  müqayisə edirlər. Belə bənzətmələr əbəs yerə deyil və tam ədalətlidir, eyni zamanda, oxşar paraleli  onunla Əmir Teymur arasında da aparmaq mümkündür. Ölkəsinin sərhədlərini genişləndirdiyinə, öz tələbələrini  daim maarifləndirməyə çalışmasına və mobil ordunun gücünə əmin olması xüsusiyyətinə görə Nadir şah gənc müasir Böyük Fridrixlə də bir sıra ortaq cəhətlərə malik idi.

İran tarixçisi Məhəmməd Hüseyin Qüddusinin  də Nadir şah haqqında fikirləri çox qiymətlidir. Tarixçi qeyd etmişdir ki, Nadir şahın gördüyü işləri İran şahlarının heç biri görə bilməmişdir.

İki hissədən ibarət olan tədqiqat işinin birinci hissəsi “Dövlətçilik məfkurəsi nöqteyi-nəzərindən Nadir şah Əfşar şəxsiyyətinə baxış” adlanır. Bu hissədə müəllif  yerli və əcnəbi müəlliflərin yazdıqları çox böyük ədəbiyyat kütləsini tədqiq etmiş və nəticədə Nadir şahın ətrafında formalaşmış uydurma, qərəzli təsəvvürlərin aradan qaldırılmasına, Nadir şahın öz doğma xalqına qaytarılmasına, onun dövlətçilik tariximizdəki yerini həmvətənlərimizə obyektiv olaraq çatdırmağa,  müharibə meydanlarında qazandığı parlaq qələbələrin dəyərini başa salmağa müvəffəq olmuşdur.

 Akademik bu hissədə  Nadir şahla bağlı tarixşünaslıq əsərlərini tamamlayan və daha da zənginləşdirən, öz elmi sanbalı ilə seçilən çoxsaylı mülahizələr irəli sürmüşdür. Hər şeydən əvvəl, Nadirin əfşarlara , əfşarların  isə azərbaycanlılara aid olduğunu yüksək elmi zəmində bir daha təsdiq və sübut etmişdir.

Kitabın birinci hissəsində, xüsusilə öz orijinallığı ilə seçilən bir məqam diqqəti cəlb edir. R.Mehdiyev Azərbaycan xalqının taleyində ən qaranlıq səhifələrdən biri və yəqin ki, birincisi olmaq etibarı ilə xalqımızın iki yerə parçalanmasından ağrı ilə söz açır və belə bir qənaətə gəlir ki, tarixşünaslıqda kök salmış yanaşmaya əsasən, torpaqlarımızın və xalqımızın bölünməsi heç də Rusiya imperiyası ilə Qacarlar arasında bağlanmış 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə əlaqədar deyildir. Yəni bu məsələ sırf tarixi faktın, yaranmış reallığın rəsmiləşdirilməsi və  sənədləşdirilməsi nöqteyi-nəzərindən belədir. Bu münasibətlə akademik yazır : “...Ancaq tarixi faktların məntiqi zənciri və real mahiyyəti mövqeyindən çıxış etsək, tarix elmində oturuşmuş sözügedən baxışın, cərəyan etmiş proseslərin gerçək ardıcıllığını heç də dəqiq əks etdirmədiyini görmək çətin olmaz. Məsələnin əsl məğzi ondan ibarətdir ki, Azərbaycan torpaqlarının bölünməsi, mərkəzləşmiş dövlətçiliyimizin dağılması, həmçinin tarixi vilayətlərimizin bir-birinin ardınca yadellilər tərəfindən işğal prosesi 1747-ci il iyunun 21-də, yəni, görkəmli dövlət xadimi və mahir sərkərdə Nadir şah Əfşarın  (1688-1747) sui-qəsdçilər tərəfindən xəncərlə öldürüldüyü gündən başlayıb. Akademik daha sonra yazır: “...Vaxtilə Qafqazdan Hindistana qədər uzanan titul xalqı olan azərbaycanlılar isə tarixi torpaqların kiçik bir qismində öz müstəqilliyini, milli kimliyini qorumaq uğrunda mübarizə aparmağa məhkum olmuşdur...”

 R.Mehdiyev daha sonra insanın ruhunu oxşayan belə bir qənaətə gəlir ki, Nadir şah Əfşarın öldürüldüyü tarix, əslində, Gülüstan və Türkmənçay müqavilələrinin bağlandığı tarixdən daha faciəli olmuşdur. Çünki Gülüstan və Türkmənçay müqavilələri məhz Nadir şahın qətli ilə başlayan ağrılı və xalqımızın qanlı izlər buraxan işğallardan, bölünmə və məğlubiyyətlərdən irəli gəlmiş vəziyyətin kağız üzərində əksindən başqa bir şey deyildir.

Akademikin mövqeyinə dəstək olaraq bu fikirdəyəm ki, bəzi tarixçilərimizin Nadir şahdan sonra meydana gələn xanlıqların tarixi dövlətçiliyimizin yeni dövrdə təşəkkülü deyil, onun itirilməsi və şəxsi ambisiyalara qurban verilməsidir. Belə bir yanaşma tariximizin müqayisəli şəkildə tədqiqindən qaynaqlanan bir qiymətin, həqiqəti tam olaraq əks etdirən bu adekvat rəyin təzahürüdür.

Ramiz Mehdiyev Nadir şahın dövlətçilik tariximizdə tutduğu yeri  yüksək qiymətləndirmişdir. Onun öldürülməsində maraqlı olan qüvvələrin ucuz gəldi-gedər mənfəəti, xalqımızın isə öz müstəqilliyini müəyyən tarixi mərhələdə itirməsi kimi qiymətləndirmişdir. Tədqiqatın  birinci hissəsinə müəllif belə bir fikirlə yekun vurur: “...Müxtəlif vaxtlarda ayrı-ayrı qüvvələrin şöhrətpərəstliyi, vəzifə iddiası naminə yaratdıqları mənasız çəkişmələrin nəticəsidir ki, Azərbaycan öz tarixi torpaqlarının böyük bir qismini itirmiş, qüdrətli dövlətçilik ənənələrinə sarsıdıcı zərbə vurmuşdur. İnanmaq istərdim ki, gələcək nəsillər bu dərslərin mahiyyətini lazımi qaydada anlayacaq, ondan zəruri nəticələr çıxarmağı bacaracaqlar”.

Əsərin ikinci hissəsi “Nadir şah irsinin düzgün anlaşılmasında tarixi-diplomatik sənədlərin əhəmiyyəti ” adlanır. Bu  hissədə bir daha Nadir şəxsiyyətinə mövcud olan münasibətin texnoloji dayaqları və siyasi, tarixi səbəbləri açıqlanır. Dərin məntiqi əsasda deyilir ki,  keçmiş SSRİ dövründə hakim ideologiyanın sifarişi ilə formalaşan tarixşünaslıq konsepsiyasında mövcud məsələyə münasibətdə ana xətti Nadir şahı İran hökmdarı, onun yaratdığı imperiyanı isə İran dövləti kimi təqdim etmək, bu görkəmli şəxsiyyəti mənsub olduğu Azərbaycan xalqından mümkün qədər ayırmaq, fəaliyyətini soydaşlarımızın gözündən salmaq, cılızlaşdırmaq təşkil edirdi. Əlbəttə, məsələnin belə qoyuluşunda, yuxarıda xatırlatdığımız kimi, sovet təbliğatının məqsədli şəkildə Nadirə qarşı yönəldilməsi öz mənfur rolunu oynamışdır. Belə ki, bu təbliğat davamlı şəkildə Nadir şaha qarşı qalxan qiyamları, separatçı davranışları xalq azadlıq hərəkatının təzahürü, bu təhrikçi işlərə bağlananları isə qəhrəman qismində təqdim etməklə azərbaycanlıların bir neçə nəslində xalqımızın bu böyük oğluna münasibətdə ikrah hissi formalaşdırmağı bacarmışdır. Akademik təəssüf doğuran bu gerçəkliyi əsaslandırmaq üçün belə bir mülahizə irəli sürür ki, Nadir şahın şəxsiyyətinə, peşəkarlığına yanaşan insanların məhdud çevrəsini çıxmaq şərtilə, orta və yaşlı nəslin nümayəndələri arasında sorğu keçirməli olsaq, onların böyük əksəriyyəti Nadir şahın qəsbkar İran hökmdarı, antitürk xislətli birisi olduğunu söyləyəcəklər.

Məhz bu səbəbdən müəllif israrla bildirir ki, qeyd olunan müşkülü aradan qaldırmaq üçün Nadir şah haqqında hələ çox yazılmalı, ana dilimizə  xeyli əsər tərcümə olunmalıdır. Bu sahədə müəyyən uğurların olduğunu bildirən Ramiz Mehdiyev  Ə.Tahirzadənin “Nadir şah Əfşar” (Bakı,  2002), M. Süleymanovun  “Nadir şah” (Tehran, 2010), Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” (Bakı, 2014) monoqrafiyalarını, həmçinin, ingilis şərqşünası L.Lokkartın məşhur “Nadir şah”  kitabının rus və Azərbaycan dillərinə tərcümələrini  (müvafiq olaraq Bakı, 2004 və Bakı, 2013), eyni zamanda, İran tarixçisi Məhəmməd Hüseyin Qüddusinin “Nadir şah” əsərinin ana dilimizə tərcümə olunaraq  nəşr edilməsini məmnuniyyət duyğusu ilə oxucuların nəzərinə çatdırır. Qeyd  edilir ki, onilliklər boyunca Nadir şahın ətrafında formalaşmış uydurma, qərəzli təsəvvürlərin tamamilə aradan qaldırılması üçün bunlar əsla kifayət deyildir. Ona görə də akademik tövsiyə edir ki, Nadir şah Əfşarın rəsmi tarixçisi Mirzə Məhəmməd Mehdi xan, Astarabadinin “Tarixi Nadir” adı ilə məhşur olan “Tarixi Cahanqeşay-i Nadiri” və Nadir şahın digər saray tarixçisi Məhəmməd Kazım Mərvinin “Aləm Aray-ye Naderi” çox böyük həcmli salnaməsinin, İran tədqiqatçıları tərəfindən tədqiq edilmiş “Nadir şah şərqşünasların gözü ilə” toplusunun, tanınmış iranlı alim Sərdadvər Əbuturabın “Nadir şah dövlətinin hərbi və siyasi tarixi” (Tehran 1999), həmçinin, Qərb tədqiqatçıları  Mortimer Durandin “Nadir şah ” (London, 1908), Ernest Tukerin “Nadir şah Əfsar dovrundə  din və siyasət” (Çikaqo, 1992), Mixail Aksvortinin “İranın qılıncı” (London, 2006) monoqrafiyalarının Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilməsi xüsusilə faydalı olardı.

Bir məsələyə xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. Məktubların dilinin dövrün tələbinə uyğun olaraq çox qəliz, ifadə edilən mətləbin, məzmununun hədsiz epitetlərlə bəzədilməsi formanın kölgəsində qalmasına baxmayaraq, demək olar ki, Ramiz Mehdiyev məzmunu  dərin təhlil zəminində anlaşıqlı, səlis, sadə və elmi üslubda oxuculara çatdıra bilmişdir.

Ramiz Mehdiyevin dərin elmi məntiqlə aşılanmış əsərinin hər bir hissəsi Nadir şah Əfşar şəxsiyyətinə modern və novator baxışın əsl elmi təzahürüdür.Yüksək vətəndaşlıq duyğusu ilə yaranmış bu əsər azərbaycançılıq düşüncəsinin, böyük Vətən sevgisinin, milli qeyrətin və insan əxlaqının növbəti təsdiqidir. “Hökmdar portreti” əsərində Ramiz Mehdiyev Şah İsmayıl Xətaini, bu əsərdə isə Nadir şahın əsaslandırılmış portretini çox böyük uğurla yarada bilmişdir.

 “Nadir şah Əfşar: Diplomatik yazışmalar” əsərinin ərsəyə gəlməsində kitabın redaktoru, AMEA  Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun, şərhlərin və tarixi məlumatların müəllifləri, Prezident Administrasiyasının məsul əməkdaşları Eldar Əmirov və ilahiyyatçı Taleh Hacıyevin, fars dilindən tərcümə edən, qeydlər hazırlayan Rauf Şeyxzamanlının xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan tarixinə  geniş bir pəncərə olan bu əsər xalqımızın qədimliyinin əks etdirilməsi baxımından yüksək qiymətə layiqdir. Azərbaycan xalqının tarixi zənginliyi, qüdrətli imperiya sahibi olması bu əsərdə bir daha öz əksini tapıb. Azərbayan xalqı uzun əsrlər boyu özünün dövlətçilik ənənələrinə malik olub. Təəssüflər olsun ki, XVIII əsrin ortalarında Nadir şahın ölümündən sonra 5,5 milyon kvadratkilometrlik əraziyə malik olan  dövlət 20-dən artıq xanlıqlara parçalandı. Daha sonra — XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsi çar Rusiyasi  tərəfindən isğal edildi. Cənubda isə Qərblə Şimal dövlətlərinin təhriki ilə uzun əsrlər aparılan  mübarizə nəticəsində böyük türk  imperiyasının farsüsul-idarəsinə dəyişdirilməsinə nail oldular.

XX əsrin əvvəllərində Azərbaycan öz müstəqilliyinə nail oldu, lakin 23 aydan sonra  Sovet imperiyası tərəfindən yenidən  işğal olundu.  Cənubi Azərbaycanda gedən milli azadlıq  hərəkatları isə Qərb və Şimal dövlətlərinin təhriki ilə yatırıldı. Məhz  XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan Respublikası yaradıldı. Böyük  Atatürk Türkiyəni necə  xilas etdisə, Heydər Əliyev də Azərbaycanı parçalanmaqdan, dağılmaqdan eləcə qoruyub saxladı.

24 ildir ki,  Azərbaycan müstəqillik yolunda inamla irəliləyir. Qısa müstəqillik tarixində  Azərbaycanın adı dünyanın hər yerində tanınır və inkişaf etmiş dövlətlərlə bir sırada çəkilir. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların qərargahları qarşısında  qürurla dalğalanır. Bu gün ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və idmançılarımızın uğurları  bunların bir daha tarixi təcəssümüdür. Qürurla deyə bilərik ki, artıq Azərbyacan orta əsrlərin qüdrətli bir imperiyasının davamı kimi dünyada oz yerini layiqincə tutur və bu  işlərin  həyata keçirilməsində ölkə Prezidenti İlham Əliyevin misilsiz əməyi xüsusi qeyd olunmalıdır. 

Cahangir HÜSEYNOV,
hüquq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında