Minskdə yazıçı Kamran Nəzirlinin kitablarının təqdimatı

Belarus Respublikasının paytaxtı Minsk şəhərində fəaliyyət göstərən “Qobustan” Azərbaycan Cəmiyyəti bu ölkənin ziyalıları ilə birlikdə Azərbaycan yazıçısı Kamran Nəzirlinin kitablarının təqdimatını keçirib.

Minskin A. S. Puşkin adına Ziyalılar Evinin kitabxanasında, habelə “Gənclik” İstirahət Mərkəzinin böyük salonunda reallaşan tədbirlərdə onun “19+1" (rus dilində), ”Miras" (Azərbaycan dilində), ingilis dilinə tərcümə etdiyi “Candles” (Azərbaycan şeiri antologiyası), “Punishment” (Hüseynbala Mirələmovun “Cəza” povesti) və “Value the people while they are alive” (Cabir Novruzun  “Sağlığında qiymət verin insanlara” seçilmiş şeirlər toplusu) təqdim edilib.

Təqdimat mərasimlərində  “Qobustan” Azərbaycan Cəmiyyətinin sədri Baxşı Qənbərov, sədr müavini, tarix elmləri namizədi Baldadaş Qənbərov, üzvləri, Belarus universitetlərində təhsil alan azərbaycanlı tələbələr, ziyalılar, elm və ədəbiyyat xadimləri, habelə Rusiya, Ukrayna, Latviya və Litvadan gəlmiş qonaqlar çıxış ediblər.

Cəmiyyət üzvlərinə və qonaqlara Azərbaycan yazıçısının kitabları paylanılıb, yaradıcılığı barədə məlumat verilib, əsərlərindən parçalar səsləndirilib, “Şeytan işığı” tamaşasından fraqment göstərilib. Sonra görüş iştirakçılarının xahişi ilə Kamran Nəzirli tərcümə etdiyi “Candles” (Azərbaycan şeiri antologiyası)  kitabından Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və Ramiz Rövşənin şeirlərini ingilis dilində oxuyub, oxucuların çoxsaylı suallarına cavab verib.

Təqdimat mərasimləri keçirilən günlərdə Belarus Yazıçılar Birliyinin ədəbi orqanı “Ədəbiyyat və incəsənət” qəzetində Pavel Alsovinin tərcüməsində yazıçının “Ziya və Leonid İliç Brejnev” adlı hekayəsi  dərc edilib. Kamran Nəzirlinin Belarus Yazıçılar Birliyinin üzvü, “Zvezda” Nəşriyyat Evinin direktoru Ales Karlyukoviçlə, yazıçı-dramaturq Yeqor Konevlə görüşlərində isə Azərbaycan- Belarus yazıçılarının əsərlərinin iki ölkənin dilinə tərcüməsi və yayılması barədə fikir mübadiləsi aparılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında