Dünən Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, kütləvi informasiya vasitələrinin rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu söylədi. A. Məhərrəmov fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə yer ayıran, xalqın maariflənməsində əvəzsiz xidmət göstərən bu qəzetdən sonra onun ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlərin də rolundan ətraflı danışdı.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə Prezidenti cənab İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın mühüm önəm daşıdığını vurğuladı. Ə. Həsənov xatırlatdı ki, Azərbaycan mediası hazırda Qərbin antiazərbaycan kampaniyasına lazımi dirəniş nümayiş etdirir. Bu da onu göstərir ki, mediamız inkişaf edib və güclü potensiala malikdir.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi həmçinin bildirdi ki, müstəqil media Azərbaycan dövlətinin problemlərini çiyninə götürə, xarici mətbuatdakı qərəzli yazılara layiqli cavab verə bilir. Hər bir jurnalist unutmamalıdır ki, xalqı, dövləti təmsil edir, dövlətə, Vətənə bağlılıq arxa plana keçməməlidir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da daha yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir. Lakin biz bilirik ki, hazırda Asiyada, Afrikada baş verənlər heç də təqdim olunduğu kimi deyil. Son 10 ildə o dövlətlərin başına nə oyunlar açıldı, müsəlman dünyasında insanlar bir-birinə qarşı necə vuruşduruldular? İndi dünyada siyasi məhbus axtarırlar. Bu gün bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir. Hazırda çoxstandartlılığın hökm sürdüyü dünyada bəzi jurnalistlər belələrinə dəstəvuz verir, onlara yadım göstərirlər. Bu məsələlərdə təəssüf ki, xaricdə yaşayan bəzi Azərbaycan jurnalistlərindən də istifadə edirlər.
Ə. Həsənov, eyni zamanda, bildirdi ki, müstəqillik tarixi qısa olan Azərbaycanda çox gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr də var. Onlar qəbul edə bilmirlər ki, niyə Prezident cənab İlham Əliyevin reytinqi yüksəkdir, niyə Azərbaycan dinamik inkişaf edir?!. Ona görə də mediamız bu cür antiazərbaycan fəaliyyətlərini qətiyyətlə ifşa etməlidir. Biz milli mediamızın 140 illik tədbirlərini keçirərkən müasir dünyanın tendensiyalarını da diqqətdən qaçırmamalıyıq. Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına birmənalı “yox” deməliyik. Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir. Qarşıdan parlament seçkiləri, Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları və digər mühüm tədbirlərin keçiriləcəyi günlər yaxınlaşır. Azərbaycan haqlı iddiasını qarşıya qoyub və bunun da əsası var. Xalqımızın bacarığı, qonaqpərvərliyi göz önündədir. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz.
Medianın rolundan bəhs edən Ə. Həsənov, eyni zamanda, diqqətə çatdırdı ki, media ən yaxşı həkim, müəllim, vətənpərvər nümunəsini ekrana və efirə çıxarmalı, kənardan gələn təzyiqləri neytrallaşdırmalıdır.
Professor Şamil Vəliyev “Əkinçi” qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən söz açdı. Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqın həyatında oynadığı rola diqqət çəkdi. Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli “Əkinçi” qəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd etdi. Xatırlatdı ki, Qərbdə insan, söz azadlığından danışılır, Məhəmməd peyğəmbərin karikaturaları dərc edilir. Ancaq Türkiyə türkcəsində qəzetdə bir keşiş barədə mənfi söz yazan jurnalisti məhkəməyə verirlər, cəzalandırırlar. ABŞ bizə irad tutur, ancaq yolu düz keçməyən adam güllələnir, etiraz aksiyasında iştirak edən jurnalistlərə qarşı zorakılığa yol verilir.
Professor Şirməmməd Hüseynov dedi ki, vaxtilə Rusiya imperiyasında 24 türk mənşəli xalq yaşayıb. Onların arasında ilk qəzeti, operanı Azərbaycan xalqı yaradıb, milli-mədəni muxtariyyət, müstəqillik ideyası bizə məxsusdur. Üzeyir Hacıbəyov “Siyasi imtahan” yazısında bunları qeyd edib və yazıb ki, millət də tarix, tale qarşısında imtahan verir. Bizim xoşbəxtliyimiz odur ki, bu dövləti bizi, vətəni sevən adamlar idarə edir.
Çıxışlardan sonra bir qrup mətbuat nümayəndəsinə, o cümlədən, qəzetimizin baş redaktoru Həsən Həsənova bu ali təhsil müəssisəsinə informasiya dəstəyi verdikləri üçün xatirə mükafatları təqdim edildi.
Bakı Dövlət Universitetinin yetirməsi və sözügedən ali təhsil ocağına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə “BDU-nun fəxri dostu” mükafatına layiq görüldü.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.