Bakıda keçirilən I Avropa Oyunlarını izləməyə ulu Mahmud Qaşqarlının yurdu olan Çinin Sincan- Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidən gəlmiş iş adamı İsgəndər Dursun ümumi təəssüratını belə ifadə edəndən sonra bütün dünyanın davamlı olaraq Bakını diqqət mərkəzində saxladığı günləri və həftələri ailəsi ilə birlikdə bu şəhərdə, dostlarının əhatəsində keçirdiyini, Azərbaycana dərin sevgisinin müqabilində Tanrının qiymətli hədiyyəsi kimi dəyərləndirdi:
– Müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etməsi, özünü dünyaya sivil ölkə kimi tanıtması uzaq uyğur ölkəsində də diqqət və sevgi ilə izlənilir. Çox təəssüf ki, SSRİ zamanında biz Qafqazda Azərbaycan adlı ölkənin varlığından, burda dil və din qardaşlarımızın yaşamasından xəbərsiz olmuşuq. Bizə o dövləti Rusiya kimi tanıtmışdılar. Sovet imperiyasının süqutundan sonra Urumçiyə Orta Asiyadan, Azərbaycandan türkdilli insanlar gələndən sonra bizə məlum oldu ki, uyğurların yaşadığı Şərqi Türküstanın davamı olaraq Qərbi Türküstan, onun da davamı olaraq Xəzər dənizinin arxasında ən böyük ölkəsi türkdilli əhalidən ibarət olan Azərbaycan var. O da məlum oldu ki, on illər boyu biz sizdən xəbərsiz olduğumuz kimi, siz də bizdən xəbərsiz olmusunuz.
Tarix boyu Böyük İpək yolu üstündə yerləşən Uyğurustanla Azərbaycanın əlaqələri o qədər sıx, gediş- gəliş və təmaslar o qədər geniş olub ki, hər iki xalq eyni mədəniyyət üzərində, oxşar dəyərlər əsasında formalaşıb. İndi baxıb görürük ki, Azərbaycanda heç nə bizə yad deyil. Sincan- Uyğur diyarına gələnlər də nəinki oxşar, həm də doğma, ortaq milli- mənəvi dəyərlər mühitinə düşürlər. Son 25 ildə Bakı ilə Urumçi arasında salınan doğmalıq - dostluq körpüsü xalqlarımızın tarixi ayrılığına müəyyən qədər son qoymuş, Azərbaycanla Çinin dostluq əlaqələri, bu çevrədə iki türk diyarının qardaşlığı ayrı-ayrı iş adamlarının, ziyalıların şəxsi dostluğu ilə daha da möhkəmlənmiş, xalqlarımız üçün faydalı olmuşdur.
Uyğur iş adamı daha sonra dedi:
– Sərhədlər açılandan sonra Urumçiyə ilk gəlmiş azərbaycanlılardan biri olaraq, türk dünyasının mənəvi birliyi yolunda çalışan Qənimət Səfərovla aramızda yaranmış dostluq uyğur ziyalılarının Azərbaycanı daha yaxşı tanımasına da xeyli kömək edib. Qənimətin adı ilə Urumçiyə gələnlər bizim ən əziz qonağımız olur. Bizim adımızla Bakıya gələn uyğurların da əziyyətini burada Qənimət bəy çəkir. Biz Azərbaycan – Sincan (Uyğur) mədəni əlaqələrinin tarixini tədqiq edən, perspektivlərini cızan alim və mütəxəssislərin sıx əlaqəsinin yaranmasına da kömək edirik.
Bütün bunların nəticəsidir ki, qırılmış tarixi əlaqələri yüksək şəkildə bərpa edib genişləndiririk. Yaxın keçmişdə Azərbaycanın tamamilə unutdurulduğu Şərqi Türküstanda onu qardaş ölkə kimi tanıyıb–sevənlərin sayı durmadan artır. Azərbaycan möhtəşəm uğurları ilə dünyada özünü tanıtdıqca, onun xoş sorağı bizə daha tez çatır. Ölkənizin hərtərəfli inkişafının əks- sədası, Bakının barışa, ortaq dəyərləri qorumağa çağırışları, bu yöndə keçirdiyi müxtəlif beynəlxalq tədbirlərin səs- sorağı isə uzaq uyğurlar ölkəsində daha gur eşidilir. Azərbaycan bütün türkdilli xalqların öyüncü olan Heydər Əliyevin müəyyən etdiyi yolla, bu böyük siyasətçi və dövlət xadiminin işini davam etdirən İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə keçmiş SSRİ məkanında önə çıxıb, bundan əlavə, dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulub.
Avropada və dünyada böyük önəm verilən “Avroviziya” musiqi yarışmasında sürətlə önə çıxıb, 3 il əvvəl bu müsabiqəyə növbəti ev sahibliyi hüququ qazanmaq da gənc bir dövlətə böyük nüfuz gətirdi. Bunun ardınca Avropanın ilk ümumi idman oyunları kimi ağır, miqyaslı bir yarışmanın təşkilinin Azərbaycana həvalə olunması daha böyük nailiyyətdir. Belə xəbərlər uyğurları ürəkdən sevindirir. Avropa ailəsində gənc bir türk dövlətinin önə çıxması, öz imkan və gücünü məharətlə ortaya qoyması bizi qürurlandırır. Odur ki, bu yarışları canlı izləmək, bu misilsiz təntənənin sevincini dostlarla birlikdə yaşamaq üçün ailəmlə birlikdə Bakıya gəlməyi qərara aldım. Dostum Qənimət bəy gəlişimizi eşidib bizim üçün ikiqat bayram olsun deyə, oğlu Vüqarın toyunu tezləşdirib Avropa Oyunlarından qabaqkı günə saldı. Köhnə dostların əksəriyyəti, Avropa Oyunlarını izləməyə gəlmiş türk diasporunun önəmli simaları ilə bu toyda və “Bakı-2015”in açılış mərasimində bir yerdə olmağımız hamımıza misilsiz təntənə yaşatdı.
Günlərin necə ötüb- keçdiyini bilmədik. Yadda qalan odur ki, Azərbaycan böyük Heydər Əliyevin dediyi kimi, bu gün dünyaya Günəş kimi doğmuşdur. Azərbaycan nəinki türk dünyasında, Avropada, eləcə də bütün dünyada sayılan- sevilən uğurları ilə başqalarına da gərəkli olduğunu təsdiq edən sivil dövlət kimi tanınır. Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili üçün Azərbaycan dövlətinin yaratdığı üstün imkanlar, xalqınızın hədsiz zəhməti hədər getmədi. Azərbaycan bu yarışların təşkili ilə nəyə qadir olduğunu göstərdi, dünyada bir boy da yüksəldi.
İsgəndər bəy söhbətinin sonunda bildirdi:
– Sözümün əvvəlində dediyim kimi, ötən günlərdə Bakıda türk ruhunun qələbəyə, özünütəsdiqə təşnəliyini gördük və buna ürəkdən sevindik. Azərbaycan Oyunları ideal səviyyədə təşkil etməklə yanaşı, yarışların özünə də güclü hazırlaşıb və liderlər cərgəsində öndədir. Qardaş Türkiyə idmançılarının çıxışları da sevindiricidir. Bir cəhət də böyük məmnunluq doğurdu: Azərbaycan və Türkiyə seyrçiləri hər iki ölkənin qələbəsinə eyni dərəcədə sevinirlər. Hətta birinci və ikinci yeri kimin tutması da o qədər fərq etmir. İki ölkənin voleybolçu qızlarının yarışmasında Prezident İlham Əliyevin Türkiyə komandasının qələbəsini ayaq üstə alqışlamasını ömrüm boyu unutmayacağam. Onu da deyim ki, dünyada öz ölkəsinin idman uğurları üçün İlham Əliyev qədər çalışan ikinci dövlət başçısı yoxdur. Birinci Avropa Oyunlarının hamını məmnun edən bir gerçəyi də Azərbaycanın dövlət başçısının və ailəsinin yarışlar başlanan gündən seyrçilərin arasında olması, hamı ilə birlikdə həyəcanlanıb sevinməsidir.
Çağdaş dünyada idman arenası güc göstərməyin, başqası üzərində əzələ və fənd hesabına qalib gəlməyin məqbul sayılan kütləvi meydanıdır. Azərbaycan idman ölkəsi kimi bu baxımdan dünyanın nəzərində özünə layiqli mövqe qazanıb. İnanırıq ki, Azərbaycan bu yolda hələ çox qabağa gedəcək.
Söhbəti yazdı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.