YARAT-ın “Səmadan bir damla” 3-cü pablik-art festivalı çərçivəsində növbəti layihə təqdim olunacaq

YARAT Müasir İncəsənət Məkanının “Səmadan bir damla” 3-cü pablik-art festivalı çərçivəsində iyunun 26-da Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi” adlı neon işıqlı bilbord layihəsi təqdim olunacaq. Layihə Bakı metropoliteninin “28 May” stansiyasının çıxışında reallaşdırılacaq.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-dək davam edəcək pablik-art festivalında rəssamlar Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova iştirak edirlər.

Təqdim olunan əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Eksponatlar internet vasitəsilə də nümayiş olunacaq, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ və Londonda fəaliyyət göstərən AA Memarlar Birliyinin (AA - Architecture Association) əməkdaşlığı ilə bu təşkilatın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.   

Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə əlaqələndiricisi, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır. Festival rus futuristi Velimir Xlebnikovun şeiriyyət və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, “Səmadan bir damla” həm keçmişə, həm də gələcəyə uzanan nostalji, eləcə də qədimlə müasirliyin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.

Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi”(Green Grass in the Sky Turned Blue, 2015) adlı neon işıqlı bilbord layihəsi dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə müəllif ictimaiyyət qarşısına çıxarılan reklam şüarlarının bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.

Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib və təsviri sənət üzrə magistr dərəcəsini qazanıb. Əsasən, instalyasiya texnikasında çalışır, ancaq rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. Fərhad Fərzəliyev 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. O, Birləşmiş Ərəb Əmirliklərində Şarja İncəsənət Muzeyində keçirilən 16-cı İslam İncəsənət Festivalında qrup sərgisində iştirak edib. Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb – yaradır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında