Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi fəaliyyətini genişləndirir

1993-cü ildə SSRİ  respublikaları arasında ilk dəfə yaradılan  Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin  əsas fəaliyyət istiqaməti  Beynəlxalq Muzeylər Şurasının işində yaxından iştirak etmək, müasir  mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylərlə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətlərində, dünya muzeyləri ilə bir sırada öz işini davam etdirməkdən ibarətdir.

Ötən müddət ərzində  Milli Komitənin  fəaliyyəti sayəsində respublikamızın muzeyləri beynəlxalq miqyasda tanınmış, ölkəmizi bu təşkilatda təmsil edən nümayəndələr dünyanın ən yüksək tribunalarında çıxış etmək imkanı qazanmışlar. ICOM Azərbaycan Milli Komitəsi Azərbaycan xalqının işğal olunmuş ərazilərdə qalan muzey sərvətləri və sənət abidələri haqqında geniş məlumatın beynəlxalq aləmə yayılması üçün mühüm layihələr həyata keçirmişdir.

Onun  fəaliyyətinin mühüm sahəsindən  biri xarici iqtisadi fəaliyyətlə bağlıdır. Belə ki, Milli Komitənin üzvləri Parisdə, Vaşinqtonda, Vyanada, Sankt-Peterburqda, Seulda, İstambulda, Şanxayda və Rio de Janeyroda beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak etmişlər. Hazırda ICOM Azərbaycan Milli Komitəsinin 80 nəfər üzvü vardır. Onlardan 13 nəfər regionlardan, üçü isə kollektiv üzvlərdir. 1977-ci ildən  hər il  18 may Beynəlxalq Muzeylər  Günü kimi  qeyd olunur. Bu  bayram  tədbirləri dünyanın 100-dən artıq ölkəsində  keçirilir. Hər il Beynəlxalq Muzeylər Günü müxtəlif deviz altında  baş tutur. Onun  müsbət əhəmiyyəti ondadır ki,  muzey əməkdaşları daha da yaxınlaşır, ictimayyətin diqqəti muzey  probleminə yönəlir, bayram günləri muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərirlər.

Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəsilinin bir istirahət günündə “Muzeylər gecəsi” adlı aksiya keçirilir. 2015-ci ilin may ayında bu aksiya “Muzeylər və cəmiyyətin sabit inkişafı” şüarı  altında “Təbiətimiz, tariximiz, ənənəmiz” mövzusunda qeyd edildi. Bu orijinal mövzu çərçivəsində ICOM Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində  18 muzeyin iştiraki ilə tədbirlər keçirildi.  Uşaqlar üçün də müxtəlif səpkili proqramlar  həyata keçirilir.  Azərbaycan Xalça Muzeyinin dəstəyi  və “Frends” himayədarlıq  təşkilatı ilə birgə sahibsiz heyvanlara kömək üçün “Siz bizə lazımsınız” adlı  xeyriyyə aksiyası təşkil olundu. Bu aksiyanın keçirilməsində məqsəd uşaqlarda heyvanlara qarşı dost münasibət yaratmaq idi. Muzeyi ziyarət edən qonaqlara “Qız qalası”  muzeyi filialının əməkdaşı Günel Əlizadənin əl işlərindən ibarət xeyriyyə satış sərgisi və “Rinay” Malakofauna muzeyinin “Dəniz sərvətləri” sərgisi təqdim olundu.

Milli Komitənin üzvləri bir sıra  müsabiqələrdə iştrak etmişlər. Məsələn, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Qız Qalası filialı  Şotlandiyanın Qlazqo şəhərində Avropanın 21 ölkəsindən məşhur muzeylərin iştrakı ilə keçirilən  müsabiqədə “Avropada ilin Muzeyi” nominasiyasında yer alıb.

 Qeyd edək ki, bu müsabiqə 1977-ci ildən Avropa Muzey Forumu tərəfindən keçirilir. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.

Xatırladaq ki, ölkəmizin qədim tarixinin əsas rəmzlərindən biri, milli memarlığımızın incisi, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız qalası aparılan konservasiya işləri və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin əvvəlində öz qapılarını ziyarətçilər üçün açmışdır. Bu tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq  doktoru  Röya Tağıyeva  Qız qalasına dəstək olaraq Avropa Muzey Forumunun Azərbaycan milli kordinatoru kimi iştrak etmiş və gələcəkdə Azərbaycan Xalça Muzeyində keçiriləcək  belə bir müsabiqədə  bu abidənin iştrak etməsini vacib  hesab etmişdir.

Milli Komitənin sədri, R. Tağıyeva Komitənin üzvü, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanı və onun rəhbərlik etdiyi kollektivi muzeyin “Ginnesin Rekordlar Kitabı”na daxil edilməsi və “Guinness World Records” sertifikatının təqdim olunması münasibəti ilə təbrik etdi.

Zərifə Salahova Miniatür Kitab Muzeyinin yaranması tarixçəsi ilə bağlı dedi ki, qazanılmış bu uğur ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, ulu öndərin xalqımızın milli-mənəvi dəyərlərinə diqqət və qayğısının daha bir göstəricisidir.

ICOM Azərbaycan Milli Komitəsi  beynəlxalq tədbirlərdə çox aktiv iştrak edir. Bu il iyunun 1-dən 3-dək  Parisdə Beynəlxalq Muzeylər Şurasının 30-cu Baş Assambleyasının iclası  keçirildi. Bu yüksək tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva və Milli Komitənin üzvü Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvin Gözəlov iştirak etmiş və Baş Assambleyanın müzakirələrinə qoşulmuşlar.Baş Assambleyanın illik hesabatında Asiya dövlətləri sırasında Azərbaycan Respublikasının  Milli Komitəsinin üzvlərinin aktiv artımı xüsusi olaraq qeyd edilmişdir.

Müzakirələr zamanı 2016-cı ildə Milanda keçiriləcək ICOM-un Baş Konfransı, 2017-ci il  üçün Beynəlxalq Muzeylər Gününün mövzusu və  2019-cu ildə ICOM-un Baş Konfransının keçirilməsi məsələləri müzakirə olunmuşdur. Müzakirə ətrafında ICOM  İtaliya  Komitəsinin prezidenti  Milan şəhərində 2016-cı il iyulun 3-dən 9-dək  keçiriləcək “Muzeylər və mədəni landşaft” mövzusunda Baş Konfransın müvəqqəti proqramını təqdim etdi. Assambleya,  həmçinin,  2016 və 2017-ci illərdə “Beynəlxalq Muzeylər Günü” nün mövzularını da təsdiq etdi. 2019-cu ildə ICOM-un Baş Konfransının keçirilməsi üçün məkan seçimində iki namizəd şəhərlərin təqdimatı oldu. Bu təqdimatda iki ölkə şəhərləri Cincinnati (ABŞ) və Kyoto (Yaponiya)  şəhərləri seçildi. Səs çoxluğu ilə 2019-cu ildə Beynəlxalq Muzeylər Şurasının Baş Konfransı Yaponiyanın Kyoto şəhərində keçirilməsi qərara alındı.

Hazırda ICOM Azərbaycan Milli Komitəsi öz nümayəndələrinin  2016-cı ildə İtaliyanın  Milan şəhərində keçirilməsi nəzərdə tutulan Baş Konfransda iştirak etmək üçün  hazırlıq işlərinə başlamışdır.

Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması  ilə şərtlənir. Bu gün ilk Avropa Oyunlarının məhz   Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi önəmli nailiyyətlərlə bağlıdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında