Sumqayıtdakı “Azəri” poliqrafiya müəssisəsində qəzetimizin əməkdaşı, şair-publisist Əli Nəcəfxanlının “Ürəyimdir yazanım” adlı kitabı çap olunub. Topluda müəllifin publisistik yazıları yer alıb.
Əli “Müəllifi mənəm, sahibi sizlər...” başlıqlı ön sözündə kitabla bağlı məramını belə ifadə edib: “Böyük demokrat ədib Cəlil Məmmədquluzadə deyib ki, qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmət göstərməkdir. Mənim də bu kitabdakı yazıları qələmə almaqda amacım var: mənəvi ehtiyaclarımıza işıq tutmaq, gəzib-gördüklərimi paylaşmaq, cəmiyyətin dəyər verdiyi, sanbalı bəlli kəslərdən yazmaq, örnək göstərmək...
...Bacardığım qədər qələmin təəssübünü, sözün namusunu çəkən əsrdaşlarımın obrazlarını yaratmağa çalışmışam... İndiyədək qələmimdən o qədər məqalə, reportaj, oçerk çıxıb ki! Bir gün, bir həftə ömrü olanı da olub, çox yaşayanı da. Qarşınızdakılar, fikrimcə, ürəyimin yazdıqlarıdır. Arasında doğum və ev ünvanım Sumqayıtdan, ata yurdum Yardımlıdan, ayrı-ayrı bölgələrdən söz açdığım yazılar da var. Ömrü yollarda keçən bir qələm fəhləsinin “heybə”sində bunların da olması, yəqin ki, təbiidir. Ünlü şairimiz Məmməd Araz yazırdı:
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdir yazanım....
Topludakı yazıları oxuduqca doğrudan da Əlinin ürəyinin diqtəsilə əlinə qələm almasına, ürəyinin hökmü ilə hiss və həyəcanını kağıza köçürməsinə əmin olursan, sərf etdiyin vaxta heyifsilənmirsən, indiki nəşr bolluğunda gərəkli, səviyyəli bir kitabla üzləşdiyinə sevinirsən, bir oxucu kimi ədəbiyyatımızın, publisistikamızın gələcəyi ilə bağlı narahatlığın əbəs olması qənaətinə gəlirsən. Bir daha inanırsan ki, dilin axıcılığı, üslubun səlisliyi, bədii təfəkkürün aydınlığı ilə diqqətçəkən yazılar oxucunu asanlıqla “ram edir”, müəllifə hörmət, rəğbət qazandırır. Bir daha şübhən qalmır ki, qələmə alınan mətnlərdə cəmiyyətdə baş verən proseslər ziyalı nöqteyi-nəzərindən təhlil olunanda, eyni zamanda, fikir, düşüncə obrazlı şəkildə ifadə ediləndə qarşıya qoyulan məqsəd, istək reallaşır, yəni yazıçının əməyi hədər getmir, həftələr, aylar hesabına ərsəyə gələn nəşr makulatura olaraq hansısa küncə tullanmır.
Əli Nəcəfxanlının yazılarını oxuyanda yuxarıda sadaladığım məziyyətlərlə yanaşı, onun sözə məsuliyyət hissi ilə yanaşması da aydın nəzərə çarpır. Bax, bu, mən deyərdim ki, bədii yaradıcılıqda, publisistikada ən vacib, önəmli amillərdən biridir. Elə buna görə də o, bəzi müxbirlərin ana dilimizə laqeyd münasibətindən yazanda da (“Bəlkə imla yazaq, savadımızı artıraq...”), jurnalistikanın təməl prinsiplərinin pozulmasından bəhs edəndə də (“Həqiqət ayaqqabılarını geyinməmiş...), şit, bayağı, məzmunsuz sözlərlə dolu “ölü” mahnıların efirə “ayaq açmasından”, tamaşaçı zövqünü korlamasından narahatlığını bildirəndə də (“Mahnı mətnləri, yoxsa mənasız söz yığını?..”) çoxşaxəli yaradıcılığı, peşəkar jurnalist keyfiyyətləri, mövzuları işləmə manerası kimi məsələlərlə bərabər, sözə həssaslığı, diqqətlə yanaşması, dilin gözəlliyini, təmizliyini qoruması özünü qabarıq büruzə verir.
Əlinin istər şeir, istər publisistik yaradıcılığında Vətən sevgisi həmişə öndə olub. Müəllif “Olsa da Vətənin sərhədi bəlli...”, “Yataq otağının qapısı açıq...” sərlövhəli yazılarında da torpaq, yurd müqəddəsliyi, onun göz bəbəyi kimi qorunması, adının uca tutulması ilə bağlı hiss və duyğularını dilə gətirib və bu zaman fikirlərini Nəriman Nərimanovun məşhur bir ifadəsi ilə yekunlaşdırıb: “Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi ola biləsiniz”.
Müəllif “Yardımlı-sıldırımlı...” adlı yazısında həmin hiss və duyğularına güvənib. Bu diyarın şair oğlu Sakit İlkinin-
Ya başına döndər məni,
Ya daşına döndər məni.
Yaddaşına göndər məni,
Elə qızıl, qalay, dağlar...
-misralarını xatırlatmaqla o dağlara sığınan insanların yurd, torpaq mehrindən, sevgisindən, el-oba təəssübkeşliyindən, yeddi arxa dönəni ilə bağlı araşdırmalarından söhbət açıb, doğmalarının bəzi hallarda bir-birilə yadlaşmasından, soyuqlaşmasından da təəccübünü, təəssüfünü gizlətməyib...
Kitabda müəllifin yaşadığı Sumqayıt şəhəri ilə əlaqədar yazıları- “Sumqayıtda suda balıq kimiyəm...”, “Sumqayıtın İçərişəhəri... Corat”, “Sumqayıt hadisələri-erməni təxribatının tərkib hissəsi”, habelə bölgə müxbiri işlədiyi rayonlarla bağlı “Lənkəran-mayak şəhər”, “Astara” asan yol deməkdir”, “Lerik açıq təbiət muzeyidir”, “Masallı-nağıl misallı”, “Cəlilabadım-arzum-muradım”, “Muğanın yüksələn şəhəri-Biləsuvar” təəssüratları da eləcə yurd sevgisi, torpaq məhəbbəti ilə qələmə alınıb.
Əli Nəcəfxanlının sözügedən nəşrdə publisist Feyzi Mustafayev, şairlərdən Məmməd Aslan, Novruz Nəcəfoğlu, Əşrəf Veysəlli, Ofeliya Babayeva, Əvəz Mahmud Lələdağ, Sabir Yusifoğlu, İbrahim İlyaslı, Arif Fərzəli, Həzi Həsənli, Əliağa Aslan, yazışı Nurəddin Ədiloğlu, həmkarları İlqar Həsənov, İlqar Rüstəmov, Rafiq Salmanov və bir də bu sətirlərin müəllifinin “Bilməz idim ayrılıq var” kitabı barədə qeydləri də maraqla oxunur.
Əli Nəcəfxanlının publisistikasının oxunaqlı, cəlbedici olmasının səbəbi fikrimcə, ilk növbədə, yazılarında bədiilik elementlərinə xüsusi önəm verməsi ilə bağlıdır. Yuxarıda vurğuladığım kimi, mətnlərdə canlı danışıq dilinə, bədii dillə xalq dilinin vəhdətinə, obrazların psixoloji aləminin real təsvirinə xüsusi diqqət yetirməsi isə onun yaradıcılıq uğurunun, oxucu sevgisi qazanmasının əsas şərtidir. Əlbəttə, bu məsələdə bir daha təkrar edirəm, müəllifin iti müşahidə qabiliyyəti, aydın bədii təfəkkürü az rol oynamır...
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.