A.S.Puşkinin anadan olmasının 216-cı ildönümü qeyd edildi

Rus milli şeirinin Azərbaycanda da populyar olan siması Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” Cəmiyyətinin təşkilatçılığı ilə sənətkarın Bakıdakı abidəsi önündə anım mərasimi keçirildi. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılışı olmuş heykəlin önunə tədbir iştirakçıları əklil, gül dəstələri və tər çiçəklər qoydular.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəb təmsilçilərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan “Sodrujestvo” Cəmiyyətinin sədri Tatyana Kərimova belə tədbirlərin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin çağdaş şəraitdə davam etdirilməsində önəmli olduğunu vurğuladı.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Yazıçılar Birliynin sədri, Xalq yazıçısı Anar, yazıçı Alina Talıbova və başqaları iki ölkə arasında mədəni əlaqələrin yeni məzmun almasında və möhkəmləndirilməsində Puşkin yaradıcılığında əksini tapmış ideyaların yaşadılmasının təsirli olduğunu bildirdilər. Qeyd edildi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə öz ölkəsində deyil, dünyanın hər yerində bəşəri sənətkar, humanist ideyalar carçısı  kimi dəyərləndirilir.

Bildirildi ki, şairin rus xalqının arzularını, zəkasını və yaradıcılıq qüdrətini parlaq ifadə etmiş zəngin ədəbi irsi bir çox xalqların dillərinə tərcümə olunmuşdur. Puşkinin əsərlərini görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərcümə etmişlər. Rus şairinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.

Mərasimdə Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksinin və 160 saylı Klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri də çıxış etdilər. Ölməz şairin misraları Azərbaycan, rus, ingilis və ispan dillərində səsləndi. Sonda ədəbi müsabiqələrdə və Puşkinin şeirlərini söyləməkdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olundu.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında