“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr”

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konfransı keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerə malik görkəmli simalarından olan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından danışdı. Bildirdi ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi- ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.

Azərbaycan , dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı Bəxtiyar Vahabzadənin yaradıcılığını öyrənmək zərurətindən danışan R.Hüseynov azərbaycançılıq fəlsəfəsinin mövcud olduğu təqdirdə bu ülvi amalın tərkib hissəsinə çevrilmiş dahi Bəxtiyar Vahabzadənin də daim yaşayacağını vurğuladı.

Diqqətə çatdırıldı ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, Bəxtiyar Vahabzadə ötən əsrin 50-ci illərindən sovet rejimində yaşamasına baxmayaraq, Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur. O, şairi həmişə milli azadlıq ideyalarının carçısı, istiqlal hərəkatının bayraqdarlarından biri kimi xarakterizə etdi. Vurğulandı ki, dahi şairin elmi, publisistik fəaliyyəti ictimai-siyasi məsələlərə münasibətində həmişə müstəqil Azərbaycanın inkişafına xidmət etmişdir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də həmişə şairin yaradıcılığına yüksək qiymət vermişdir.

Sonra professor Tahirə Məmmədin “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünalığının Atatürkə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Təranə Rəhimlinin “1960–70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid” və filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigit-oğlunun “Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya” mövzusunda məruzələri dinlənildi.

Tədbir öz işini “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və bugünü”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemi” bölmələri üzrə davam etdirdi.

Qərara alındı ki, konfransda səsləndirilən məruzələrin ən yaxşıları kitab halında nəşr etdirilsin.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında