Milli mətbuatımızın dünəninə işıq salan toplu

Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Mətbuat Şurasının və “Kaspi” qəzetinin birgə təşəbbüsü ilə təşkil olunan toplantını giriş sözü ilə açan AMŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistikamızın çağdaş inkişafı baxımından onun dünəninin dərindən öyrənilməsi, örnəklərin seçilib xalqa təqdim olunması önəmli məsələdir. Uzun illər keçmiş sovet təfəkkür tərzinə əsaslanmış tədqiqatlar, təəssüf ki, əsasən bolşevik mətbuatı qaynaqlarını öyrənməklə məşğul olmuşdur. Bu baxımdan milli oyanışa təkan verən nəşrlərin, istiqlal məfkurəsini ərsəyə gətirən milli xadimlərin publisistik irsinin öyrənilməsi günün zəruri məsələlərindən biri kimi qarşıda durur.

AMŞ sədri daha sonra deyib ki, “Dahinin istəyi, qələmin qüdrəti” kitabı məhz bu təlabatı cavablandıran nəşrdir. Topluda Qərənfil Dünyaminqızının milli mətbuatımızın klassik simaları barədə son dövrdə qələmə aldığı və mərkəzi mətbuatda, əsasən, “Kaspi” qəzetində dərc edilmiş tədqiqat xarakterli 45 məqaləsi yer alıb. Bu məqalələrin hər birində dövri mətbuatdakı çıxışları ilə milli özünüdərk prosesinə önəmli töhfələr vermiş ictimai-siyasi xadimlərimizin, ziyalılarımızın həyat və yaradıcılığına günümüzün sualları baxımından yanaşılıb.

Sonra Əflatun Amaşov milli jurnalistikamızın taixinin öyrənilməsində xidmətlərinə görə Qərənfil Dünyaminqızının AMŞ-nin diplomu ilə təltif edildiyini bildirib və fəxri mükafatı tədqiqatçıya təqdim edib.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Dahinin istəyi, qələmin qüdrəti” kitabının elmi- tarixi məziyyətlərindən söz açaraq bildirib ki, görkəmli ictimai fikir adamlarımızın irsinin cəmiyyətə çatdırılması işinə dəyərli töhfə olan bu nəşr jurnalistlərin indiki nəsilləri üçün indiyədək qaranlıq qalan bir sıra səhifələrə işıq salır. Alim daha sonra qeyd edib ki, Qərənfil xanım jurnalistdir, tədqiqatçıdır, hər məqaləsi arxiv materiallarına əsaslanır. Onun kitabı mətbuatda salnamələşmiş məfkurə tariximiz barədə elmi-populyar mənbə rolunu oynayır. Bu nəşr həm də tariximizə sevgi ilə yazılıb. Kitabda toplanmış materiallar tarixi şəxsiyyətlərimizin, fikir və düşüncə sahiblərimizin həyat və fəaliyyətinə yeni nəsillərdə maraq oyatmaqla həm də insanlara onlara bənzəmək istəyi aşılayır.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov mətbuat tariximizin öyrənilməsinin, görkəmli şəxsiyyətlərimizin həyat və yaradıcılığının indiki nəsillərə düzgün çatdırılmasının vacibliyindən söz açıb. Bunun üçün geniş elmi araşdırmalara böyük ehtiyac duyulduğunu bildirən rektor qeyd edib ki, rəhbərlik etdiyi ali məktəbdə bu mövzunun tədqiqi və təbliği işi hərtərəfli təşviq olunur. BDU- nun dosenti Qərənfil Dünyaminqızının təqdimatı keçirilən kitabı belə axtarışların nümunəsi kimi jurnalistika fakültələrinin tələbələri üçün də faydalı tədris vəsaitidir.

BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli yeni kitabın klassik jurnalistikamızın bir sıra maraqlı səhifələrindən soraq verdiyini söyləyib. BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev bu nəşrin mətbuat tariximizi yeni tələblər baxımından öyrənməyə imkan yaratdan gərəkli mənbə olduğunu söyləyib. Əməkdar jurnalist Flora Xəlilzadə kitab barədə xoş təəssüratını bölüşüb, müəllifi vətənpərvər və zəhmətkeş qələm sahibi kimi səciyyələndirib. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatı tarixinin, eyni zamanda, müstəqillik uğrundakı mücadilə tarixi olduğunu vurğulayıb, kitabın bu baxımdan önəmli missiya daşıdığını bildirib.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun jurnalistika fakültəsinin professoru Alxan Bayramoğlu, “Assa-İradə” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov müəllifi son tədqiqatının nəticələrini operativ olaraq geniş auditoriyaya təqdim etdiyinə görə təbrik ediblər, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Əməkdar jurnalist Tahir Aydınoğlu BDU, AMŞ və “Kaspi” qəzetinin milli jurnalistikamızın tarixinin dərindən öyrənilməsini himayə etmələrinin media çevrəsində diqqətçəkən hal olduğunu söyləyib. O, bu xeyirxah missiyanın davamı olaraq, hər üç qurumun ölkəmizdə mətbuat tarixi muzeyinin yaradılması layihəsinin gerçəkləşdirilməsinə də dəstək vermələri barədə təklifini səsləndirib.

Sonda çıxış edən Qərənfil Dünyaminqızı yaradıcılığına verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında