Xalq Bankın gerçəkləşdirdiyi “Xalq əmanəti” layihəsi çərçivəsində 12-ci fundamental kitab bu günlərdə paytaxt ziyalılarının iştirakı ilə ictimaiyyətə təqdim olundu.
Milli mədəniyyətimizin korifeylərinin xalqın mənəvi xəzinəsinə daxil olmuş irsinin ən yaxşı nümunələrini əhatə edən bu nəfis tərtibatlı nəşrin “Rəngkarlıq və qrafika” silsiləsindən növbəti albomu Azərbaycanın ilk qadın rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub.
Ənənəvi olaraq, Xalq Bankın İnşaatçılar prospektinin yuxarı hissəsindəki baş ofisinin 16- cı mərtəbəsindəki geniş salonda keçirilən mərasimin iştirakçıları həyatdan vaxtsız getsə də, əsərləri daim sənətsevərlərin mənəvi dünyasını zənginləşdirən sənətkarın seçmə tablolarının reproduksiyaları ilə burada təşkil olunmuş ekspozisiyada bir daha maraqla tanış oldular, geniş ekranda rəssamın həyat və yaradıcılığını, yeni albomun annotasiyasını əks etdirən videofilmə baxdılar.
Unudulmaz rəssamın irsinin pərəstişkarı, publisist- sənət bilicisi Fuad Axundov mərasimin aparıcısı olaraq, Şərq mədəniyyətində bir sıra ilklərə imza atan Azərbaycanın Vəcihə Səmədovanın timsalında həm də bu regionun ilk qadın rəssamının Vətəni olduğunu vurğuladı. O, sənətkarın ömür yolunun və irsinin önəmli göstəricilərini açıqladı, təqdim olunan albomu XalqBankın xalqın mənəvi əmanətini həssaslıqla himayə etməsinin növbəti təzahürü kimi dəyərləndirdi.
Bildirildi ki, Vəcihə Səmədova 1924-cü ildə Bakı şəhərində doğulmuşdu. O, 1939—1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra ali sənət təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində tanınmış rus rəssamı P.Korinin emalatxanasında davam etdirmişdi. Aspiranturanı bitirdikdən sonra burada dərs demək təklifi alsa da, vətənə qayıdıb sənəti ilə məxsus olduğu xalqa xidmət etməyi üstün tutan soydaşımız Azərbaycanda milli qadın rəssamlığı məktəbini formalaşdırmışdı. Vəcihə xanım məhsuldar bədii yaradıcılıqla yanaşı, əvvəllər təhsil aldığı Rəssamlıq Texnikumunda istedadlı davamçılarını da yetişdirmişdi. Sonrakı illərdə Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərində Azərbaycanı qarış-qarış gəzmiş və yurdun əsrarəngiz gözəlliyini, həmvətənlərinin həyat və məişətini, zəhmət və qayğılarını əsərlərində ustalıqla təsvir etmişdi. Görkəmli fırça ustasının Bakıda, Moskvada, Sofiyada dəfələrlə fərdi sərgiləri təşkil olunmuş və böyük uğur qazanmışdı. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində də layiqli yer tutmasına səbəb olmuşdu. Qısa ömür yoluna baxmayaraq, fitri istedadı ilə bu bənzərsiz sənətkar zəngin və çoxşaxəli irs qoyub getmişdir.
Daha sonra qeyd olundu ki, “Xalq əmanəti” silsiləsini davam etdirən yeni rəngkarlıq və qrafika albomu fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini əhatə edir. Ötən əsrin 50-ci illərində öz bədii üslubu ilə novatorluğa imza atan sənətkar böyük istedadının qüdrəti, üslubunun özəlliyi sayəsində parlaq uğur qazanmışdı. Onun əsərlərinin rəng təravəti, orijinal kompozisiya quruluşu dünyaya fərqli estetik baxışı əks etdirirdi.
Rəssamın Azərbaycan təbiətinin əsrarəngiz incilərini sənətə gətirən Göygöl, Kür, Kəpəz, Abşeron mənzərələri silsiləsi, Azərbaycan qadınların ağıllı, savadlı, özünə güvənən olmaları ilə yanaşı, Şərq qadınlarına məxsus ədəb, nəzakət, hətta utancaqlıq kimi xarakterik xüsusiyyətlərini də əks etdirən portretlər qalereyası, çətin və şərəfli zəhmət dünyasına pəncərə açan tabloları, Bolqarıstan motivləri, avtoportretləri milli rəngkarlığımızın ifadəli, solmaz səhifələrini təşkil edir.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bir vaxtlar yaxın dostluq və sənət əlaqəsində olduğu Vəcihə Səmədova ilə bağlı unudulmaz xatirələrini söylədi, belə nadir sənətkarların irsini yeni nəsillərə çatdırmaq işində təşəbbüslərinə görə XalqBankın rəhbərliyinə, layihənin müəlliflərinə razılığını ifadə etdi.
Daha sonra çıxış edən Tofiq Ağababayev, Mais Ağabəyov da böyük sənət müəllimlərini ehtiramla yad etdilər, Vəcihə Səmədovanın qısa bir ömürdə yaratdığı yüzlərlə əsəri, yetişdirdiyi bir neçə nəsil rəssam-şagirdləri, cəmiyyətə bəxş etdiyi istedadlı övladları ilə, Rəssamlar İttifaqının onun adını daşıyan sərgi salonu ilə bu gün də Azərbaycan rəngkarlığının pərəstişkarlarının qəlblərində yaşadığını söylədilər.
Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Qalib Qasımov bildirdi ki, son 5 ildə sənət adamlarının qəlbində böyük məmnunluq doğurmuş “Xalq əmanəti” layihəsi çərçivəsində Azərbaycanın böyük rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görmüşdür. Bankın Bakı və Gəncə şəhərlərində yerləşən sərgi salonlarında rəssamların sərgiləri təşkil edilmişdir. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir.
Mərasimdə deyilənlərə əlavə olaraq, bildirək ki, “Xalq əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov, “Vəcihə Səmədova. Rəngkarlıq, qrafika” bədii albomunun tərtibçisi Emin Məmmədov, bədii tərtibatçı və dizayneri Tərlan Qorçu, mətnin müəllifi Şirin Y. Məlikov, redaktoru Səlim Babullaoğludur. Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində rəsm albomlarından əlavə, Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür.
Bu kitablar azərbaycan, ingilis, rus dillərində çap olunmuş, ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunmuşdur.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.