Mədəniyyətlərarası Dialoq Forumu qlobal sülh çağırışlarına və davamlı inkişaf prioritetlərinə Azərbaycanın töhfəsidir

Azərbaycan sivilizasiyaların tarixən qovuşduğu, mədəniyyətlər və dinlər arasında dialoqun gündən- günə artdığı, qarşılıqlı anlaşmanın və tolerantlığın etnik, dini, irqi baxımdan müxtəlif insanları yaxınlaşdırdığı nadir bəşəri məkandır. Bu mənada Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü dəfə Azərbaycanda keçirilməsi təsadüfi deyil, çağdaş dünya üçün böyük əhəmiyyət daşıyır.

Bakı prosesi adı almış bu beynəlxalq məclis həm ölkəmiz, həm də dünyanın hər yerindən Azərbaycana gələn nümayəndə heyətləri üçün faydalı diskussiya, səmərəli ortaqlaşma fürsətidir. Mədəniyyət keçmişlə indimiz  arasında davamlı mənəvi körpüdür. Azərbaycan isə Şərqlə Qərbin qovşağında qədim və çağdaş mədəni dəyərlərin çulğalaşdığı və bəşəriyyətə nümunə hesab ediləcək bir ölkədir. Bu gün dünyada fərqli mədəniyyətlərin və sivilizasiyalararası toqquşmaları fonunda, Azərbaycanın özünün də müharibədən əziyyət çəkən bir ölkə olmasına baxmayaraq, belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, əslində, dünyaya möhtəşəm bir sülh mesajıdır.

III Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif ölkələrin mədəniyyət xadimlərinin, hökumət rəsmilərinin, BMT- nin ali nümayəndələrinin, media və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı bu nüfuzlu məclisin rəngarəngliyi və ümumi sülh platformasının hazırlanmasında müxtəlif dinlərin, qurumların, sivilizasiyaların fikirlərinin nəzərə alınması baxımından olduqca önəmlidir. Digər tərəfdən, mədəniyyətlər və dinlər arasında dialoqun bu formatda aparılması dayanıqlı inkişaf prioritetlərinə milli və beynəlxalq etimadın formalaşdırılmasına da güclü dəstək qazandırır.

 Mədəniyyətlərarası dialoq xalqlar, dinlər,  ölkələr arasında çəkişmə və münaqişələrin sülh yolu ilə həll edilməsi üçün birgə yollar axtarışına gerçək imkanlar yaradır. Mədəni və qeyri-mədəni irsin qorunması ilə bağlı məsələlərin gündəmə gətirilməsində belə  beynəlxalq müzakirələrin təşkil edilməsi yeni əməkdaşlıq perspektivləri açır, hərtərəfli mədəni inteqrasiya üçün zəmin yaradır. Forumda müzakirə edilən məsələlər ətrafında dünyanın müxtəlif yerlərindən gəlmiş səlahiyyətli və nüfuzlu insanlar arasında fikir mübadiləsi aparılması yer üzündə dayanıqlı inkişafın gündəliyinə yeni ideya və mövzular gətirir.

Mən bu ilin iyun ayında BMT- nin İqtisadi -Sosial Şurasının növbəti  toplantısı zamanı müzakirələrdə çıxış edərkən hökumətlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sosial etimadın formalaşdırılması istiqamətində beynəlxalq təşəbbüslərinin dəyərləndirilməsini, müharibədən əziyyət çəkən bölgələrdə vətəndaş cəmiyyəti qurumlarının işinin daha da gücləndirilməsini və dəstəklənməsini, xalqların sülh şəraitində yaşamasını özündə ehtiva edən ayrıca bir məqsədin yeni İnkişaf gündəliyində yer almasını təklif etmişdim. Əslində, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu istiqamətdə gerçəkləşdirdikləri layihələr davamlı inkişaf və sülh naminə tolerantlığın qorunub saxlanılması istiqamətində fəaliyyət üçün gözəl örnəklərdir.

Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə təşəbbüslərinin beynəlxalq təşkilatlar və qurumlar tərəfindən model olaraq digər ölkələrdə tətbiqinə ehtiyac vardır. Məhz belə tədbirlərdə insanlar bir- biri ilə ünsiyyət qurur, müzakirələr aparır, xalqların sülh çağırışları dünyaya çatdırılır. Forumda Azərbaycan rəhbəri İlham Əliyevin dünyada etnik, dini ayrı- seçkiliyin, milli dözümsüzlüyün təhlükəli həddə çatması, hətta neofaşizm təzahürlərinin baş qaldırması, ölkəmizə də qonşu Ermənistanın illərdən bəri belə təcavüzü barədə dünyaya verdiyi növbəti ciddi mesaj, şübhəsiz, məsuliyyətsiz və qərəzli dairələr üçün düşündürücü xəbərdarlıq oldu.

Sülh missiyası ilə məşğul olan və Beynəlxalq Sülh Bürosu Ali Şurasının üzvü kimi deyə bilərəm ki, Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinin dünyaya çatdırılması, xalqımızın fərqli dinlərə, baxışlara, mədəniyyətlərə necə dözümlü yanaşmasının, qonşu xalqlara nifrətin və münaqişələri zor gücünə həll etməyin xalqımıza tatixən yad olduğunun dünyaya anladılması baxımından da önəmlidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO və BMT-nin  ali nümayəndələrinin iştirakı ilə Bakıda “Sülh ağacı” kompozisiyasının açılış törəni də humanizm prinsiplərinə sədaqət və ölkəmizin xoş məramının dünya ictimaiyətinə çatdırılması baxımından olduqca maraqlı və təsirli bir hadisədir.

Sonda qeyd edim ki, Bakı forumu beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzlərinin müzakirələrdə fəal iştirakı, müxtəlif sahələrin inkişafı naminə ölkələr arasında mədəni dialoqun genişləndirilməsinə təkan vermək baxımdan müstəsna bəşəri missiyanı inamla yerinə yetirir.

Umud MİRZƏYEV,
Beynəlxalq Avrasiya
Mətbuat Fondunun sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında