Birinci Avropa Oyunlarının “Zəfər nəğməsi”

Bu yaxınlarda tanınmış vokalçı, Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, səsyazma evinin direktoru Ramil Qasımovun yeni “Zəfər nəğməsi-İdman Azərbaycan” mahnısına çəkilən klipinin  təqdimatı oldu. Mahnının musiqisi gənc bəstəkar, Beynəlxalq müsabiqələr laureatı  Nigar Qarayevaya, sözləri Əməkdar incəsənət  xadimi  Abdulla Qurbaniyə məxsusdur.  Yeni yazılan “Zəfər nəğməsi  - İdman Azərbaycan”  mahnısı  Tofiq Əhmədov adına estrada -simfonik orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə ifa olundu. Klipin quruluşçu rejissoru Elnur Əliyev, quruluşçu  operatoru  isə Elvin Rəhimlidir.

Ramil  Qasımov  söhbət zamanı  bildirdi ki, bu gün müasir, çiçəklənən, qüdrətli Azərbaycanımız sürətlə inkişaf edir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər bir azərbaycanlıya böyük qürur və iftixar hissi verir. Vaxtilə ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm  ki, Azərbaycanlıyam!” ifadəsi indi hər bir azərbaycanlının həyat kredosuna çevrilib. Doğma Azərbaycanımızda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün daim öz töhfələrimizi verməyə çalışırıq. Bu, ilk  növbədə,  hər bir  azərbaycanlının  vətəndaşlıq  borcudur. Eyni zamanda, çox arzu edərdik ki, bu mahnını tezliklə Qarabağda, Cıdır düzündə ifa edək. Söz yox ki, Ali Baş Komandanımızın  müdrik rəhbərliyi ilə biz öz arzumuza çatacağıq.

Əlbəttə, başqa  təşkilatlar kimi Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivləri də Avropa Oyunlarına hazırlaşır. Hazırlıq işlərindən  danışan Ramil  Qasımov  qeyd etdi ki,  ölkəmizin uğurları hamımızı sevindirir və biz də mədəniyyət cəbhəsinin əsgərləri kimi Vətənə layiqincə xidmət etməyə çalışırıq. Bu gün  biz  kənarda qala bilmərik. Öz təşəbbüsümüzlə Avropa Oyunlarına 9 yeni mahnı yazdıq. Mahnılardan beşi artıq hazırdır və ifa olunur. Hazırda daha bir neçə  mahnı yazılır.  Onlardan birincisi “İlk Avropa oyunları” mahnısıdır. Musiqisi Nigar Qarayevaya, sözləri  Abdulla Qurbaniyə məxsus  bu mahnını AzTV-nin  solistlərindən Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Ayşən Mehdiyeva, Mirələm Mirələmov, Sərxan Bünyadzadə və Orxan Hüseynli ifa ediblər. İkincisi, musiqisi Eldar Mansurova, sözləri  Vahid Əzizə məxsus “Avropa Oyunları” mahnısını Xalq artisti Heydər Anatollu, Əməkdar artist   Lalə Məmmədova, Cahangir Cahangirov adına xorun solistləri  Bəxtiyar Bağırov və Nicat Cəfərzadə, Aynur İsgəndərli və Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı ifa edir. Üçüncüsü,  “Qələbə  bizimlədir”mahnısıdır. Bu mahnının musiqisi bəstəkar  Azad Zahidə məxsusdur. Mahnını solistlərdən  Əməkdar artistlər  Fərid Əliyev,  Cahangir Qurbanov, Çinarə Şirin və Aygün Zeynalova ifa edirlər. Ümid edirəm ki,  bu mahnı idmançılara dəstək və I Avropa Oyunlarının qaliblərinə bir töhfə olacaq.

Hazırda bəstəkar Azad Zahidin (sözləri Abdulla Qurbani) “Gənclərə çağırış” mahnısına klipin çəkilişləri gedir. Bu mahnını dörd vokalçı - Fərid Əliyev, Cahangir Qurbanov, Aygün Zeynalova və Çinarə Şirin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin müşayiəti ilə ifa edirlər. Biz bu klipi 10 gün ərzində hazırlamışıq. Demək istəyirəm ki, AzTV- “İdman” kanalı hər gün musiqi kollektivlərimizin məxsusi olaraq Avropa Oyunları üçün yazdırdıqları mahnıları efirdə yayımlayır.    Həmsöhbətim  son olaraq əlavə etdi ki, Azərbaycanda istedadlı gənclər çoxdur. Dövlətimiz onların potensialının üzə çıxması, sevib-seçdikləri işlə məşğul olmaları üçün mümkün olan hər şeyi edir. Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqəsi xeyli sayda gənc ifaçı üzə çıxarıb. Avropa Oyunlarına həsr edilmiş yeni kliplərin ifaçılarının, demək olar, hamısı bu müsabiqələrin qalibləridir.

Qeyd etdiyim kimi, hər səhər AzTV-nin “İdman” kanalı bu Oyunlara həsr edilmiş mahnılarla başlayır. Çox istərdik ki, mahnılarımızı Avropa Oyunlarının açılışında oxuyaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında