Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal
arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq.
Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda, onun
Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası
1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib.
Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub.
Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz,
habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi ab-hava yaradıb.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 may 2015-ci il
BMT-nin Sivilizasiyalar Alyansı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
Azərbaycan hökuməti və bütün digər təşkilatlarla qurduğu tərəfdaşlıqdan
şərəf hissi duyur və hazırlıq işlərini azərbaycanlı tərəfdaşları ilə əlaqələndirib...
Bu zala nəzər saldıqda burada müxtəlif ölkələrdən gəlmiş çoxlu sayda fərqli insanları görürəm.
Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın özü müxtəlif irq, din,
mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaikadır.
Nassir Abdulaziz Al-Nasser
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Bakı, 18 may 2015-ci il
Onsuz da bu möhtəşəm tədbir uzun müddət dünya siyasətçilərinin, politoloq və ekspertlərin, xüsusən, Avrasiya mətbuatının gündəliyində qalacaqdı. Çünki söhbət bəşər övladının qazandığı ən ali dəyərlərdən olan mədəniyyətin ortaq təhlükəsizlik naminə paylaşılmasından gedirdi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dünya mətbuatının gözü qarşısında bu gün planetimizdə baş qaldıran neofaşizm düşüncələrindən narahatlıq ifadə etməsi - indiyədək bu narahatlığı heç bir siyasətçi dilə gətirməmişdi - və BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser-in Azərbaycanı müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət mozaika adlandırması bu forumu daha yaddaqalan etdi. Aşağıda bu məsələlər barədə ətraflı söz açacağıq.
Azərbaycanın dövri olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsi xalqımıza və dövlətimizə dünya miqyasında daha böyük nüfuz qazandırır. Təsadüfi deyil ki, Bakıda keçirilən forum, konfrans və simpoziumların əhatəsi ildən-ilə genişlənir. Burada təmsil olunan dünya ölkələrinin siyahısı da demək olar ki, planetimizin yarıdan çoxunu əhatə edir. Təkcə son forumda yüzdən artıq dövlətin nümayəndələri iştirak edirdi. Bu isə bir daha belə müzakirələrin vacibliyini və Bakının dünya siyasəti üçün əhəmiyyətini təsdiqləyir. Bu fakta xüsusi əhəmiyyət verən dövlət başçımız forumun rəsmi açılışındakı nitqində bir sıra mühüm məqamlara toxundu: “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün”.
Ekspertlər bu fikirdədirlər ki, Prezident forum iştirakçıları qarşısında söylədiyi yığcam nitqində Azərbaycanın mədəni müxtəlifliyini əhatəli və auditoriya üçün lazım olan səviyyədə ifadə etdi: “Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.
Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələrin dərin narahatlıq hissləri doğurduğunu yada salan dövlət başçımız təəssüflə bildirdi ki, biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Azərbaycan Prezidentinin fikrincə , gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir: “Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır”.
Zaman, yaşanmış illər sübut edir ki, təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Həmin fəlakətlərin əsas səbəblərindən biri də təbii ki, cahillik, savadsızlıqdır. Azərbaycanın bu sahədə də xüsusi nümunələr formalaşdırdığı artıq dünyada hamıya məlumdur. Ancaq dövlət başçımız həmin məqamı yenə də dilə gətirdi: “Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki, təhsildir. Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır”.
Azərbaycan Prezidenti forum iştirakçıları qarşısındakı nitqində müasir dünyanın ən aparıcı dövlətlərinin rəhbərlərinin heç birinin dilə gətirmədiyi məqamlara da toxundu: “Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir”.
Xatırladaq ki, bu qəbildən olan məsələlərin Azərbaycan paytaxtında, bilavasitə, dövlət başçısı tərəfindən qaldırılması kimin üçünsə heyrətamiz görünsə də, region ölkələrini təmsil edən siyasətçilər bunu tamamilə təbii qarşıladılar. Çünki indi Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib.
Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini yada salan dövlət başçımız bu faktın həm ölkəmiz, həm region, həm də bütövlükdə Avropa üçün əlamətdar olacağını söylədi: “ 2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq”.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Azərbaycan həqiqətləri barədə söylədiklərini yuxarıda qeyd etdik. Cənab ali nümayəndənin Bakı forumuna başqa prizmadan yanaşması isə daha maraqlı məqamlardan biri idi: “Bu il keçirilən forumun mövzusu “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”dır. 2015-ci ilin sentyabrında dünya liderləri 17-ci davamlı inkişaf məqsədlərini qəbul etmək üçün toplaşacaqlar... Təcridolunma, iqtisadi məhdudiyyətlər, qeyri-bərabərlik, düzgün idarəçiliyin çatışmaması XXI əsrdə dünyamızı zəiflədən sosial ədalətsizlik nümunələrindən biridir”. İndi isə UNESCO-nun baş direktoru İrina Bokovanın çıxışında səsləndirilən fikirlərə diqqət yetirək: “Hər gün biz zati-aliləri cənab İlham Əliyevin bu təşəbbüsünün uzaqgörənliyinin şahidi oluruq. Bu rəhbərlik keyfiyyətləri Azərbaycanın İpək Yolu kimi mədəniyyətindən, onun qədim tarixindən irəli gəlir. Biz bunu Bakının UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş İçərişəhərinin timsalında görürük. Mən bunu UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri üzrə xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın bu işlərə böyük sadiqliyində görürəm. Biz bunu Azərbaycanın qeyri-maddi mədəni irsində, o cümlədən UNESCO-nun reprezentativ siyahısına daxil edilmiş qədim xalçaçılıq sənəti, Türkiyə, Hindistan, İran, Qırğızıstan, Pakistan və Özbəkistanla birgə siyahıya salınmış Novruz bayramının timsalında görürük”.
Forumda çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni böyük narahatlıq hissləri ilə söylədi ki, biz çox çətin bir dövrdə yaşayırıq. Belə olan halda güclü rəhbərlik keyfiyyətləri tələb olunur. Mədəniyyətlərarası dialoq sırf görüntü, hər hansı bir müzakirə aparmaq naminə tətbiq edilməli deyil. Biz öz imicimizi məhz ətrafımızdakı ağır reallıqlar baxımından inkişaf etdirməliyik: “Öz üzərimizə öhdəlik götürməliyik ki, biz bir-birimizi anlayaq, reallıqlarımızı görək, bir-birimizə dözümlü olaq. Bir-birimizə, tərəfdaşlarımıza hörmətlə yanaşaq, bizim dəyərlər sistemimizə digər sistemləri qoşa bilək. Yəni, əgər bunları etiraf etsək, dünyanın hüdudları bizə o qədər də çox görünməz”.
Bu qəbildən olan fikirləri ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin çıxışında da eşitdik. Ancaq cənab Tüveycri münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bu məsələlərin beynəlxalq hüquq və normalar çərçivəsində həllinin vacibliyini vurğuladı. Dialoqlara gəlincə isə qonaq qeyd etdi ki, bu məram bizim üçün olduqca vacibdir. Biz bunu vaxtında həyata keçirməliyik və dünyada sülhü möhkəmləndirməliyik. Belə bir çətin vəzifə bu forumun çiyinlərindədir.
Beləliklə, Azərbaycanın daha bir beynəlxalq tədbirə ev sahibliyi etməsi bir çox yaddaqalan məqamlarla tarixə düşdü. Biz fəxr edirik ki, bu tədbirlər təkcə Azərbaycanın deyil, eləcə də əməkdaşlıq etdiyimiz ölkələrin və beynəlxalq təşkilatların da tarixinə düşür. Bizim əməkdaşlıq etdiyimiz ünvanlar isə demək olar ki, dünyanın xəritəsini bütünlüklə əhatə edir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.