Dünən Azərbaycan Prezidenti İşlər İdarəsinin nəzdində Siyasi Sənədlər Arxivində akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadənin “Bakı nefti: qələbənin açarı - şərəfli keçmiş, işıqlı gələcək (1945-2015)” kitabının təqdimatı keçirildi. Tədbirdə deputatlar, nazirlər və alimlər iştirak edirdilər.
AMEA-nın prezidenti Akif Əlizadə tədbiri açaraq bildirdi ki, Ziyad Səmədzadənin bu çox məzmunlu və əhatəli kitabı geniş axtarışlar, arxiv sənədləri əsasında qələmə alınıb və olduqca nəfis şəkildə çap edilib. Kitabın rusca yazılması onun təkcə Azərbaycanda deyil, həm də MDB məkanında yayılmasına imkan verir.
Akif Əlizadənin sözlərinə görə, bu günlərdə Böyük Vətən Müharibəsində tarixi qələbənin 70 illiyi istər MDB ölkələrində, istərsə də Azərbaycanda geniş qeyd edildi. Bəşəriyyətin tarixində ən dəhşətli müharibə, ən amansız qırğın kimi qalmış həmin hadisələr bir daha xatırlandı, 1941-45-ci illərdə sovet, eləcə də Azərbaycan xalqının yaşadığı məhrumiyyətlər yada salındı. Ziyad Səmədzadənin kitabda qeyd etdiyi kimi, bu amansız müharibədə dünyanın 61 ölkəsi iştirak edib, müharibəyə bu ölkələrin 1 milyard 700 milyon sakini cəlb edilib. Ümumilikdə 60 milyon insan müxtəlif cəbhələrdə həlak olub. SSRİ-nin itkiləri isə 30 milyon nəfər olub. Azərbaycan xalqı da müharibənin dəhşətlərindən mərdliklə keçib, öz övladlarını faşizmə qarşı döyüşlərə göndərib. Ümumilikdə 700 min vətəndaşımız cəbhələrə səfərbər edilib, onların yarıdan çoxu həlak olub.
AMEA prezidenti qeyd etdi ki, azərbaycanlılar bir neçə diviziya şəklində cəbhələrə atılıb. Bunlardan məşhur Taqanroq diviziyasını, 402-ci, 223-cü diviziyaları və s. göstərmək olar. Amma Azərbaycanın qələbəyə töhfəsi bununla məhdudlaşmır. Arxa cəbhədə də düşmənə qarşı inamla mübarizə aparılıb, alimlərimiz, neftçilərimiz yorulmadan çalışaraq cəbhənin ehtiyaclarını ödəyib. Xüsusən akademik Yusif Məmmədəliyevin yüksək oktanlı nefti kəşf etməsi təyyarələrin, digər ağır hərbi texnikanın hərəkətini çevikləşdirib və bununla da qələbəni təmin edib. Bunu Hitler də, alman ordusunun digər generalları da etiraf edib. Bütün bu detallar kitabda çox əhatəli əksini tapıb.
Milli Məclisin deputatı Fəttah Heydərov kitabın əhəmiyyəti haqqında danışaraq bildirdi ki, müharibəni, o illərdə yaşanılmış məhrumiyyətləri xatırlamağımız, eyni zamanda, bu cür əsərlərin yaranması çox vacibdir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev qələbə gününün bayram edilməsi haqqında xüsusi sərəncam imzalayıb, hər il müharibə veteranları ilə görüşüb, onlara qayğı göstərib. Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Amma keçən əsrin 90-cı illərində Azərbaycana qarşı təcavüz baş verərkən heç bir ölkə Ermənistana dur demədi. Nəticədə minlərlə insanımız həlak oldu. İndi isə müharibə arzusu ilə yaşayan imperialist dairələr torpaqlarımızın geri qaytarılmasına imkan vermək istəmirlər. Bütün bunlar Ziyad müəllimin kitabında əksini tapıb və gənc nəslə vətənpərvərlik hissləri aşılayır.
Akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov müharibədən ağır xatirələr qaldığını və bunların unudulmamalı olduğunu söylədi. Onun sözlərinə görə, öz atası da müharibədə iştirak edib, yaralanaraq geri qayıdıb və arxa cəbzədə fəaliyyətini davam etdirib. Ziyad Səmədzadənin kitabında xüsusən Azərbaycan alimlərinin o dövrdəki fəaliyyətinin geniş işıqlandırılması isə təqdirəlayiq haldır. Bakı Dövlət Universitetinin müharibə illərindəki fəaliyyətinə də xüsusi bölmə həsr olunub.
İqtisad Universitetinin rektoru Ədalət Muradov kitabda Azərbaycan xalqının İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələrin geniş təsvir olunduğunu bildirdi. Bu töhfə isə təkcə neftdən ibarət olmayıb. O illərdə Azərbaycanda 125 növ silah istehsal edilib. Eyni zamanda, Azərbaycan xəstəxanalarında 500 min yaralı əsgər müalicə alıb.
Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə mövzusunun, veteranlara qayğı məsələsinin Azərbaycanda həmişə diqqət mərkəzində olduğunu, ulu öndər Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin hər il veteranlarla görüşdüyünü, onların qəhrəmanlığını yüksək qiymətləndirdiyini qeyd etdi.
Energetika naziri Natiq Əliyev Azərbaycan neftinin təkcə müharibədə qələbə qazanılmasına deyil, ümumiyyətlə, bütün sovet dövrü ərzində ölkəyə böyük töhfələr verdiyini dedi. Bunu hələ keçən əsrin əvvəllərində Lenin qeyd edirdi. Təsavüfi deyildir ki, 1941-ci ildə Azərbaycan neftçilərinin fədakarlığı nəticəsində maksimum həcmdə - 21 milyon ton neft hasil edilib. Azərbaycanın neft sahəsində çalışan alimləri və mütəxəssislərinin xidmətləri isə əvəzsizdir. Buna görə də Ziyad Səmədzadənin bu kitabı yüksək qiymətə layiqdir.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.