Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 7-ci qrant müsabiqəsini elan edib

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə yeddinci qrant müsabiqəsinin elan olunması, qurumun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi, gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı elmi araşdırmalar aparacaqları ölkələrin siyahısının təsdiq olunması və digər məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son üç ildə keçirilmiş 6 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 1865 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün fond tərəfindən 11 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. T.Süleymanov qeyd edib ki, yeni müsabiqə də əvvəlkilər kimi, ilk növbədə gənclərin intellektual, fiziki və mənəvi inkişafının, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin olunmasına yönəlib.

İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 9, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə 8 istiqamət təsdiq edilib, layihələrin təqdim olunması üçün bir aylıq müddət (2015-ci il mayın 1-dən iyunun 1-dək) müəyyənləşdirilib. 

İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”da, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də bəzi dəyişikliklər edilib. Dəyişikliklər əsasən, “E” kateqoriyasının (təşkilati inkişaf qrantı) ləğv edilməsi, fondun resipiyentləri sırasından xarici qeyri-hökumət təşkilatlarının çıxarılması, müsabiqələr zamanı layihə təkliflərinin təqdim olunması üçün müddətin 45 gündən 30 günə endirilməsi və digər məsələlərlə bağlı olub. 

Daha sonra fondun maliyyə dəstəyi ilə gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı elmi araşdırmalar aparacaqları ölkələrin siyahısı müzakirə edilib. Müşahidə Şurasının üzvləri bu cür tədqiqatların aparılması üçün 25 ölkə (ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya və s.) müəyyənləşdiriblər.

Fondun icraçı direktoru Fərhad Hacıyev 6-cı qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti barədə məlumat verib, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb.

Gündəlikdəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və fondun baş mühasibi Elmar Talıblı iştirak ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında