Firuz Mustafanın “Hekayələr” kitabı nəşr edilib

Firuz Mustafanın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən 40-dan çox bədii və elmi kitabı nəşr olunmuş, dövlət teatrlarında onlarla pyesinə quruluş verilmişdir. Bu günlərdə “MBM” nəşriyyatı yazıçının “Hekayələr” adlı yeni kitabını nəşr etmişdir.

 Buraya Firuz Mustafanın müxtəlif illərdə və müxtəlif nəşriyyatlarda çap edilmiş “Göyəm kolları” (“Gənclik” nəşriyyatı, 1985), “Dünyanın rəngi” (“Gənclik” nəşriyyatı, 1989), “13 hekayə” (“MBM” nəşriyyatı, 2009), “Monohekayələr” (“MBM" nəşriyyatı, 2009), “Ölü dildə sevgi məktubları” (“Zero” nəşriyyatı, 2014) kitablarına daxil edilmiş hekayələri toplanmışdır. Beləliklə, vaxtilə beş kitabda nəşr edilmiş hekayələr indi bir cilddə oxucuların “qonağıdır”. Bu hekayələrin qəhrəmanları yaşadıqları mühit, formasiya və zamandan asılı olmayaraq ağrı-acılarla yaşayan, sevinən, darıxan, sevilən, sevən, nifrət edən, əzən, əzilən... insanlardır.

Yeni kitaba daxil edilən birinci və sonuncu hekayə arasındakı zaman məsafəsi təxminən qırx ildir. Birinci kitabın çap olunduğu vaxtdansa otuz il keçir. Və əslində bu kitabın əsas qəhrəmanlarından biri elə vaxtdır.

İndiyəcən Firuz Mustafanın əsərləri barədə onlarla rəy yazılmışdır. Yeri gəlmişkən, kitabda tanınmış tənqidçi-ədəbiyyatşünas Vaqif Yusiflinin “Firuz Mustafanın hekayələri” adlı sözardı da yer almışdır. V. Yusifli yazır: “Firuz Mustafa hal-hazırda pyeslərinin sayına görə Azərbaycanda birinci sıradadır. O, dramaturgiyaya bir nasir kimi tanınandan sonra gəlib. Firuz Mustafanın hekayələri, ilk növbədə, janrın spesifikası və tələbləri ilə səsləşir. Hekayə roman və povestlə müqayisədə kiçik janr sayılır (həcminə və gerçəkliyinə, insan münasibətlərinə, zaman və məkanın əhatə dairəsinin məhdudluğuna görə), amma hekayədə də həyat, insan, cəmiyyət böyük romanlara xas olan bir tərzdə əks oluna bilər. Yəni məhdud bir həcm daxilində də “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “Şeyx Şaban”, “Baladadaşın ilk məhəbbəti”, “Dantenin yubileyi”, “Astana”, “Bayatı Şiraz” kimi şedevrlər yarana bilər”. 

 M. ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında