Fransız müəllifin saxta “erməni soyqırımı”nı ifşa edən əsəri Azərbaycan dilində

Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev fransız tarixçisi və hüquqşünası Corj dö Malevilin 1988-ci ildə Parisdə nəşr olunmuş “1915-ci il erməni faciəsi” əsərini ana dilimizə çevirib, uydurma “erməni soyqırımı”nın bədnam 100 illiyi ərəfəsində çap etdirmişdir. 100 il əvvəlin həqiqətini əks etdirən, erməni yalan və böhtanlarını əsaslı təkzib edən bu dəyərli kitab  Azərbaycan Dillər Universitetində ilk  oxucularına təqdim olundu.

Ali təhsil ocağının böyük salonunda keçirilən mərasimdə Milli Məclisin üzvləri, diplomatlar, jurnalistlər, alimlər və tələbələr iştirak edirdilər. Milli Məclisin üzvlərindən tarix elmləri doktoru Musa Qasımlı, Fuad Muradov və Çingiz Qənizadə, Xalq yazıçısı Çingiz Abdullayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fransa səfiri Paskal Mönye, Türkiyə Səfirliyinin müşaviri Seyid Əhməd Arslan və digər iştirakçılar  fransız müəllifin dünyada məşhur olan kitabının tarixi və elmi əhəmiyyətini qeyd etdilər. Çıxış edənlər Çanaqqala zəfərinin 100 illiyi ərəfəsində Azərbaycan oxucusuna həmin dövrün hadisələrinə həsr olunmuş kitabla ana dilimizdə tanış olmaq imkanı yaratdığına görə millət vəkili Cavanşir Feyziyevə öz razılıqlarını bildirdilər.

Kitabın tərcüməçisi və naşiri Cavanşir Feyziyev erməni saxtakarlıqlarını ifşa edən xarici mənbələrin  elmi dövriyyəyə cəlb olunmasının zəruriliyini vurğuladı, ziyalılarımızı dünyanın müxtəlif ölkələrində nəşr olunmuş belə elmi-publisistik ədəbiyyatı dilimizə çevirərək xalqımıza çatdırmaqda əlbir fəaliyyətə çağırdı. Millət vəkili bildirdi ki, uzun illər həm tarixi, həm də hüquqi aspektdə aparılmış tədqiqat işlərinin nəticəsi kimi ərsəyə gəlmiş bu əsərdə müəllif 1915-ci ildə Şərqi Anadoluda və Qafqazda baş verən hadisələri həmin dövrün qlobal siyasi-hərbi mənzərəsi kontekstində araşdırmış, səbəb- nəticələri ətraflı təsvir və təhlil etmişdir.

Kitabın elmi və siyasi cəhətdən günümüz üçün önəmini açıqlayan Cavanşir Feyziyev dedi:

– Əsərin girişində müasir Türkiyənin, eləcə də Ermənistan və Azərbaycanın da daxil olduğu Zaqafqaziya ərazilərinin qədim dövrlərdən XX əsrə qədərki tarixi qısa şərh edilir, həmin dövrdə Osmanlı imperiyasının durumuna, o cümlədən 100 ildir ki, qəlizləşdirilən erməni-türk münaqişəsinə münasibət bildirilir.

Müəllifin özünün təbirincə, bu əsər 1915-ci ildə Şərqi Anadoluda baş vermiş hadisələrə müstəqil bir müşahidəçinin obyektiv dəyərləndirməsini əks etdirir. Uzun illər dünyanın müxtəlif ölkələrindəki arxiv sənədləri üzərində işləmiş Corj dö Malevil ermənilərin iddia etdikləri saxta “soyqırımı”nın heç bir sənədlə sübut oluna bilmədiyini yazmış və 1915-ci ilin aprel-may aylarında Osmanlının şərq sərhədləri boyunca yaşayan ermənilərin kütləvi şəkildə köçürülməsinin I Dünya müharibəsinin yaratdığı zərurətdən irəli gəldiyini və tamamilə qanunauyğun olduğunu təsdiqləmişdir. 

Müəllif erməniləri uydurma “soyqırımı” iddialarında dəstəkləyən Avropa ölkələrinin, o cümlədən Fransanın siyasətini təkzibolunmaz arqumentlərlə tənqid etmiş, Türkiyəyə və bütün türk dünyasına qarşı yönəlmiş bu siyasətin motivlərini açıqlamış, belə yanaşmanın ədalətsiz və qərəzli olduğunu cəsarətlə söyləmişdir. Kitabda ermənilərin müxtəlif hərbi-siyasi şəraitlərdə təbəəsi olduqları dövlətlərə xəyanət etdikləri və heç bir vəchlə haqq qazandırıla bilməyən siyasi terrorçuluq fəaliyyəti də pislənmişdir. Bəşəri dəyərləri üstün tutan C.Malevil erməni yalanlarına inanaraq, bu saxtakarlığa dəstək verən avropalı alimləri və siyasətçiləri, nəhayət, qərəzli yanaşmadan çəkinməyə çağırmışdır.

Sonda tərcüməçi bildirdi:

– Əsərin mövzusu nə qədər mürəkkəb görünsə də, müəllifin obyektivliyi, fikir aydınlığı, dil və üslub sadəliyi onu hər bir oxucu üçün maraqlı və oxunaqlı edir. Bu gün saxta “erməni soyqırımı” ətrafında gedən siyasi alverin və dartışmaların fonunda “1915-ci il erməni faciəsi” kitabı oxucuları bir əsr əvvəlin həqiqəti ilə üz- üzə qoyur, türk dünyasına qarşı qəsdlərin bir sıra gizlinlərinə bələd olmağa imkan yaradır. Bütün bunları nəzərə alaraq bu gərəkli əsəri soydaşlarımıza təqdim etməyi zəruri bildik.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında