Misirdə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Misirin İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş  beynəlxalq konfrans və dahi mütəfəkkirin büstünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Misirin İsgəndəriyyə Kitabxanası tərəfindən təşkil olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumatda bildirilir ki, tədbirdə İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, Misir Baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, təşkilatın digər həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin İdarə Heyətinin üzvləri, eks-prezidentlər - Petar Stoyanov (Bolqarıstan), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Rexhep Meydani (Albaniya), Andres Pastrana (Kolumbiya), Niderlandın sabiq Baş naziri Vim Kok, eləcə də  Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayev və səfirliyin əməkdaşları, Nizami irsini tədqiq edən misirli alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan İsmayıl Seragəldin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığını geniş təhlil edərək Nizaminin zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə misilsiz töhfələr verdiyini vurğulayıb.

Nizaminin öz əsərlərində qadınlara verdiyi önəmli roldan da bəhs edən İ.Seragəldin Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olduğunu  vurğulayıb.   Bolqarıstanın sabiq Prezidentli Petar Stoyanov isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqdan qürur duyduğunu dilə gətirərək Nizamini yalnız şair kimi deyil, zamanının böyük filosofu və humanisti kimi xarakterizə edib. Onun fikrincə, N.Gəncəvi millətlərarası dialoq və əməkdaşlıq kimi təşəbbüsü müdafiə etdiyinə görə bu gün istənilən yaşda olan insan üçün ilham mənbəyi olaraq qalır.  Daha sonra Emil Konstantinesku, Rexhep Meydani, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Nizami Gəncəvi yaradıcılığını müxtəlif aspektlərdən təhlil edərək, şairin irsinin ümumbəşəri dəyərlərindən söz açıb, onun istər Azərbaycan, istərsə də Şərq və dünya ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.   Konfransdan sonra İ.Seragəldin Azərbaycan dövləti tərəfindən rəhbərlik etdiyi İsgəndəriyyə Kitabxanasına təqdim olunmuş büstün açılışını edib. Açılış mərasiminin ardınca tədbirdə iştirak edən media nümayəndələri üçün mətbuat konfransı keçirilib.   Tədbirin ikinci hissəsi Nizami Gəncəvi yaradıcılığını tədqiq edən alimlərin çıxışları və geniş müzakirələrlə davam edib. Konfrans çərçivəsində İ.Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da keçirilib.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında