Moskvada “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan muğamı ensiklopediyası”nın  təqdimatı olub. Kitabın redaksiya kollegiyasının sədri və baş redaktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Təqdimat UNESCO nəzdində Beynəlxalq Musiqi üzrə Ənənəvi Şuranın (ICTM) iştirakı ilə təşkil edilmiş və Moskva Dövlət Konservatoriyasının 150 illiyinə həsr olunmuş “Dünya xalqlarının musiqisi: tədqiqat problemləri” VII Beynəlxalq elmi konfransı çərçivəsində keçirilib.

Azərbaycanın Əməkdar incəsənət xadimi, ensiklopediyanın müəllifi və tərtibçisi Sürəyya Ağayeva bu mühüm layihəyə misilsiz yardıma və dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya  dərin minnətdarlığını bildirib.

S.Ağayeva nəşrin ümumi konsepsiyasından, onun strukturundan və buna qədər olan ensiklopediyalardan fərqi barədə danışıb. O, ilk dəfə dərc edilmiş və xüsusi dəyər kəsb edən materiallar üzərində ətraflı dayanıb, eyni zamanda vurğulayıb ki, ensiklopediyada Azərbaycan və xarici musiqişünasların bir neçə nəslinin üzərində işlədiyi məlum baza informasiyası toplanıb və sistemləşdirilib. Nəşrdə qədim not yazılarının, orta əsrlərə dair traktatlardan ayrı-ayrı musiqi parçalarının, qədim musiqi alətlərinin, arxiv fotoşəkillərinin və s. təsvirləri olan çoxsaylı illüstrasiyalar yer alıb.

Kembric Universitetinin (Böyük Britaniya) professoru Yurgen Elsner, ICTM-nin türk mədəniyyətləri musiqisinin öyrənilməsi üzrə tədqiqat qrupunun direktoru Raziyə Sultanova, ICTM-nin “Makam” tədqiqat qrupunun  rəhbəri Aleksandr Cumayev (Özbəkistan), sənətşünaslıq doktoru Gültəkin Şamilli (Moskva), nəşrin redaktoru, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova dünya musiqi elmi üçün bu son dərəcə əhəmiyyətli nəşrin işıq üzü görməsi münasibətilə Sürəyya Ağayevanı təbrik edib və ensiklopediyanın rus dilində buraxılmasına görə ona təşəkkür ediblər. Bunun sayəsində dünyanın müxtəlif ölkələrinin rusdilli tədqiqatçıları da bu musiqi xəzinəsindəki biliklərdən istifadə edə biləcəklər.  Ensiklopediyanı ingilis və ərəb dillərinə tərcümə etmək də tövsiyə olunub.

Alimlər qeyd ediblər ki, onlar  Azərbaycanda muğam sənətində əsl dirçəliş hiss edirlər. Ümidvar olduqlarını bildiriblər ki, bu ensiklopediya mukam, makoma, raqi sənətinin inkişaf etdiyi ölkələr üçün gözəl örnək olacaq.

Sonda Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova çıxış edərək bildirib ki, Azərbaycan muğamının 2003-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra ölkəmizdə muğam sənətinin  saxlanılması və inkişafı üzrə  böyük işlər görülüb, Beynəlxalq Muğam Mərkəzi inşa edilib, müntəzəm  beynəlxalq festivallar keçirilir, muğamla bağlı yeni materiallar çap olunur, köhnələri təkrar nəşr edilir və bir çox başqa işlər görülür.  “Azərbaycan muğamı ensiklopediyası” bu işin mühüm tərkib hissəsidir və  bütün layihənin elmi fikrini müvəffəqiyyətlə tamamlayır.

N.Axundova  gözəl tərtibatda “Qarabağ xanəndələri” disk və materiallar nəşrini Moskva Konservatoriyasının kitabxanasına hədiyyə edib. Nəşr  Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı  Mehriban Əliyevanın dəstəyi sayəsində işıq üzü görüb.

Təqdimat mərasimi əməkdar artist Valeh Rəhimovun ifasında Azərbaycan muğamlarının səslənməsi ilə başa çatıb.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında