Hüseyn Cavid yaradıcılığı məktəblilərin gözü ilə

Yazıçının dahiliyi onun yüksək ədəbi istedadı ilə yanaşı, həm də əsərin daşıdığı ideyanın dəyəri ilə ölçülür. Azərbaycan ədəbiyyatında öz orijinallığı ilə seçilən  dahi dramaturq Hüseyn Cavidin yaradıcılığı da bu sıraya daxildir.

Onun hansı janrda yazmasından asılı olmayaraq, bütün əsərlərində bəşəri ideyalar, insanlığın xilası olan sevginin təcəssümünü görmək mümkündür. Təqdirəlayiq haldır ki, bu gün təkcə elmi ictimaiyyətdə deyil, orta ümumtəhsil məktəblərində də Cavid yaradıcılığı yüksək səviyyədə tədris edilir, şagirdlərə aşılanır. Bu yaxınlarda Bakı şəhəri, Nizami rayonundakı 10 nömrəli orta məktəbdə dahi dramaturqun yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə şagirdlərin Cavid sənətinə sevgisinin ən parlaq təcəssümü oldu. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun, icra başçısının müavini Gülnaz İsrafilovanın və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir bir ədəbi bayrama çevrildi. İlk olaraq dramaturqun həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən videosüjetə baxış oldu. Videosüjetdə Cavidin ailə fotoları, əsərlərindən  parçalar, ulu öndər Heydər Əliyevin dramaturqun qızı Turan xanımla görüşü, Cavid məqbərəsinin açılışı əks olunmuşdu.

Şagirdlərin ifasında təqdim edilən ədəbi-bədii kompozisiya   yazıçının müxtəlif şeirləri, dram əsərləri, eləcə də “Azər” poeması əsasında hazırlanmışdı.

 Məktəbin direktoru Leyla Məmmədova məktəbdə bu cür ədəbi-bədii tədbirlərin artıq  ənənə halını aldığını, şagirdlərin bu  tədbirlərdə fəallıq göstərdiyini qeyd etdi. O bildirdi ki, bu tədbirlər şagirdlərin ictimai fəallığının artması ilə yanaşı, onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək belə uğurlu və maraqlı tədbirə görə şagird və müəllim kollektivinə təşəkkür etdi. Natiq qeyd etdi ki, Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı dünyanın ən dahi yazıçıları qədər yüksək fəlsəfi düşüncə, bəşəri ideyalarla zəngindir. O qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü  və qətiyyəti sayəsində  dahi şairin nəşinin uzaq Sibirdən gətirilərək doğulduğu Naxçıvanda dəfn edilməsi və onun adına layiq məqbərənin ucaldılması, həqiqətən,  Hüseyn Cavid şəxsiyyətinə verilən dəyərin göstəricisi idi.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ədəbi-bədii gecənin yüksək səviyyədə təşkil edildiyini vurğuladı. O bildirdi ki, bugünkü gənclik ədəbiyyatımızda görkəmli yer tutmuş yazıçı və şairlərimizin yaradıcılığını mükəmməl bilməklə yanaşı, onları bu cür yüksək səviyyədə təbliğ etməyi də bacarmalıdır.  Ulu öndər Heydər Əliyevin hər zaman ədəbiyyat, mədəniyyət və incəsənətə qayğısını xatırladan natiq bildirdi ki, məhz onun sayəsində xalqın Cavidə olan sevgisi doğulduğu Naxçıvan şəhərində əbədiləşdi.

Rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev bu cür tədbirlərin məktəblilərin vətənpərvərlik duyğularının artırılmasında mühüm əhəmiyyəti olduğunu vurğuladı və gənclərə təhsil və fəaliyyətlərində uğurlar arzuladı.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında