Azərbaycanlı ədəbiyyatşünas alimin kitabı Fransada nəşr olunub

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Əsgər Zeynalovun əsərləri Azərbaycanda sevilə-sevilə oxunan dahi fransız yazıçısı, ictimai xadim Viktor Hüqonun həyat və yaradıcılığından bəhs edən “Hüqo – fransız ədəbiyyatının milyarderi” kitabı Fransanın “Presses Academiques Francophone” nəşriyyatında çapdan çıxıb.

Fransız dilində nəşr olunan 160 səhifəlik kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Vazeh Əsgərov, rəyçisi professor Sevda Vahabovadır.

Kitabın əvvəlində görkəmli qərbşünas alim, professor Cəlil Nağıyevlə yanaşı, dünya şöhrətli fransız alimləri Can-Lui Bakke Qramonun və Arno Lasterin, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo kimi fransız yazıçıları haqqında ilk monoqrafiyaların müəllifi Əsgər Zeynalovun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda qələmə aldıqları yazılar əksini tapıb. Onlar azərbaycanlı hüqoşünas alimin elmi fəaliyyətini yüksək qiymətləndiriblər.

Regional “L’est Republicain” qəzetinin əməkdaşı Danyel Bordurun azərbaycanlı alim barədə fikirləri də kitabda yer alıb: “Əsgər Zeynalov öz doktorluq  dissertasiyasını Volterin Şərq yaradıcılığından müdafiə etsə də, dahi Viktor Hüqo onun sevimli yazıçısıdır. Onun tərcüməsi sayəsində azərbaycanlı oxucular Hüqo poeziyasından nümunələrlə tanış olublar. O, yazıçının “Səfillər” romanının Azərbaycan versiyasına ön söz yazıb. Aleksandr Düma, Jorj Sand, Qustav Flober, Gi dö Mopassan yaradıcılığından, Ferney kəndində yaşamış Volterdən bəhs etsə də, yenidən Viktor Hüqonun üzərinə qayıdır: “Mən Bayronun, Hötenin, Şekspirin yaradıcılığına yaxşı bələdəm, ancaq mənim üçün dünya ədəbiyyatında yalnız bir Hüqo var.”

Kitabda müəllif “Hüqonun həyatı” bölməsində fransız ədibinin həyat və yaradıcılığından ətraflı bəhs edib. “Hüqo və Azərbaycan: tədqiqatlar və tərcümələr” bölməsində isə müxtəlif vaxtlarda Azərbaycan ədəbiyyatşünaslarının və tərcüməçilərinin Viktor Hüqo yaradıcılığına müraciət etdikləri, əsərlərinin dilimizə çevrilərək dönə-dönə nəşr olunduğu bildirilir. Kitabda, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında V.Hüqonun “Səfillər” romanının, az sonra isə “Seçilmiş əsərləri”nin latın qrafikası ilə işıq üzü gördüyü diqqətə çatdırılıb. Hər iki əsərə Əsgər Zeynalovun “Ön söz” yazdığı qeyd olunub. Kitabda V.Hüqonun poeziyasına ayrıca bölmə ayrılıb, ədibin “Şərq motivləri” və Sena çayında faciəli surətdə həlak olmuş qızı Leopoldinanın ölümünə həsr etdiyi şeirləri təhlil olunub.

“Hüqonun romanları” bölməsində fransız yazıçısının Azərbaycan oxucularına yaxşı tanış olan “Səfillər” və “Paris Notr-Dam kilsəsi” romanları geniş təhlil süzgəcindən keçirilib.

“Hüqonun müasirləri” bölməsi kitabın ən maraqlı səhifələrini təşkil edib. Bu bölmədə yazıçının müasirləri, XIX əsr fransız ədəbiyyatının ən görkəmli nümayəndələri haqqında məqalələr təqdim olunub. Bunlar əsasən Hüqonun dostları – Balzak, Düma (ata), Jorj Sand, Flober və eyni zamanda, Mopassan haqqında yazılardır. “Parisə məktublar və Parisdən məktublar” bölməsinin əsasını Ə.Zeynalov və hüqoşünas fransız alimi Arno Lasterin məktublaşmaları təşkil edir. “Hüqonun fransız mütəxəssisi” bölməsində Parisdə fəaliyyət göstərən “Hüqonun dostları” cəmiyyətinin prezidenti Arno Lasterin həyatı, elmi və ictimai fəaliyyətindən bəhs olunur.

“Hüqonun vətənində” başlığı altında Ə.Zeynalovun Fransaya səfərləri, orada onun maraqlı, yaddaqalan görüşləri və unudulmaz anlarından bəhs olunur.

Göründüyü kimi, azərbaycanlı alim təkcə respublikamızda deyil, Fransada da özünü Hüqo  yaradıcılığı üzrə mütəxəssis kimi təsdiqləyib.

Professor Əsgər Zeynalovun “Hüqo - fransız ədəbiyyatının milyarderi” əsərinin Fransada nəşr olunması Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm hadisədir.

Xatırladaq ki, 25-dən artıq kitabın, 350-dən çox elmi-publisistik məqalənin müəllifi olan professor Əsgər Zeynalovun “Hüqo - fransız ədəbiyyatının milyarderi” monoqrafiyası müəllifin xaricdə nəşr edilən üçüncü kitabıdır.

Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri

PARİS


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında