“Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitab-kataloqunun təqdimatı keçirilmişdir

Bu günlərdə Ağstafa şəhərində Ağstafa Rayon İcra Hakimiyyətinin və “Azər-İlmə” Elmi-Tədqiqat və İstehsalat Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı fundamental elmi layihə çərçivəsində nəşr olunmuş “Qazax-Borçalı bölgəsinin xalçaçıları” dərs vəsaitinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə rayonun mədəniyyət və incəsənət xadimləri, ziyalılar, xalçaçılar, həmçinin Qazax, Tovuz rayonlarının ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitab-kataloqu haqqında iştirakçılara məlumat verərək, onu Azərbaycan mədəniyyət tarixinin, xalçaçılıq ənənələrinin keçmişi, müasir durumu və gələcək perspektivlərinin araşdırılması baxımından mühüm mənbə kimi dəyərləndirmişdir. Natiq “Azər-İlmə”nin respublikamızın bütün bölgələrində, o cümlədən onun hüdudlarından kənarda yaşayan həmvətənlərimiz arasında xalçaçılıq sənətinin tədqiqi, təbliği və inkişafı  istiqamətindəki uğurlu fəaliyyəti haqqında məlumat vermişdir. Məhərrəm Quliyev kitabın müəllifi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovu Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif etmişdir. Millət vəkili, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov kitab-kataloqu həm sənətşünaslıq, həm də tarixşünaslıq baxımından qiymətli  əsər, bu sənəti yaradan, yaşadan insanlara ucaldılmış abidə kimi dəyərləndirmişdir. Professor Vidadi Muradov “Azər-İlmə”nin Qazax-Borçalı bölgəsi üzrə apardığı elmi ekspedisiyalar, əldə olunan nəticələr, burada toxunan xalçalar, xalçaçılar, boyaqçılar, xalça tacirləri haqqında məlumat vermişdir. O, tədqiqat işlərinin aparılmasında göstərdikləri köməyə görə yerli icra hakimiyyəti orqanlarına, kənd sakinlərinə öz təşəkkürünü bildirmişdir.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Gülaya Həsənova, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva və digərləri çıxış edərək kitab-kataloq haqqında bəhs etmişlər. Ağstafa rayon Poylu kənd sakini, xalça ustası Mahirə Qədimova Azərbaycan xalçaçılarının fəaliyyətinin tədqiqi istiqamətindəki işlərinə görə kitabda haqqında məlumat verilmiş xalçaçılar adından “Azər-İlmə” yə öz təşəkkürünü bildirmişdir. Mərasim iştirakçıları “Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu” telefilminə tamaşa etdilər. “Azər-İlmə”nin adından Ağstafa rayon Heydər Əliyev Mərkəzinə, kitabxanalara, mədəniyyət mərkəzlərinə, yaradıcılıq birliklərinə, o cümlədən Qazax, Ağstafa, Tovuz rayonlarını təmsil edən xalçaçılara kitablar, broşürlər, jurnallar, telefilmlər hədiyyə edilmişdir. Tədbir iştirakçıları qədim xalçalardan ibarət sərgi, “Azər-İlmə”nin nəşrlərindən ibarət kitab ekspozisiyası ilə də tanış olmuşlar.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında