Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rot Bakıda bir sıra görüşlər keçirmişdir.
Məlumat üçün bildirək ki, Londonda yerləşən bu muzey tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılır. Muzey 1852-ci ildə yaranıb. Burada 4 milyondan çox müxtəlif eksponat 145 zalda ziyarətçilərə təqdim olunur.
Viktoriya və Albert Muzeyində Azərbaycan ustalarının ən orijinal əsərləri sərgilənir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir. Tarixi baxımından Viktoriya və Albert Muzeyində toplanmış sənət əsərlərimiz içərisində ən qədimi 1319 -cu il tarixli bürünc camdır.
Muzeydə saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir. Muzeydə nümayiş etdirilən Təbriz xalçaları içərisində1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində “Şeyx Səfi” adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır. Viktoriya və Albert muzeyində saxlanılan XVII-XIX əsr Azərbaycan xalçaları, Bakıda, Qazaxda və Qarabağda toxunub.
Muzeyin direktoru professor Martin Rot aprelin 9-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Nazir Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barədə danışıb, bu ilin ən mühüm tədbirlərindən olan III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edəcək.
Azərbaycanda muzey işinin təşkili, bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə məlumat verən nazir qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Bu əlaqələrin təkcə sərgilərlə deyil, eyni zamanda muzey texnologiyalarının yenilənməsi, təcrübə mübadiləsi və ümumilikdə muzey işinin inkişafı istiqamətində layihələrlə həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Qonağın artıq ikinci dəfə ölkəmizə gəldiyini deyən Əbülfəs Qarayev bu səfəri Viktoriya və Albert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirib. Səfərin bu sahədə çalışan yerli mütəxəssislərin beynəlxalq təcrübədən bəhrələnməsinə töhfə verəcəyi bildirib.
Nazir həmçinin Azərbaycanın iştirak etdiyi beynəlxalq sərgilərdən, o cümlədən “YARAT” Müasir İncəsənət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışdı. Mərkəzin muzeylərlə əlaqədar yeni layihələrlə çıxış etdiyini deyən nazir qarşılıqlı əlaqələrin inkişafında yeni ideyaların ortaya çıxmasından məmnunluğunu ifadə etdi.
Martin Rot Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Bakıya dəvət olunduğunu diqqətə çatdırdı, səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, Londonda keçirilən ikinci beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşünü də məmnunluqla xatırladı. Qeyd etdi ki, Azərbaycana ikinci səfərinin daha məhsuldar olacağından əmindir və keçirəcəyi görüşlər zamanı qarşılıqlı əməkdaşlıq, mübadilə ilə bağlı yeni razılaşmalar əldə edəcəyinə ümidvardır.
Görüşdə nazir Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinə Qarabağın “Bəhmənli” xalçasının surətini hədiyyə etmişdir.
Xalçanın əsli Azərbaycan Xalça Muzeyində saxlanılır və üzərində toxucunun adı və xalçanın toxunma tarixi - “Hicri 1346 Nargilə xanım” yazısı həkk olunmuşdur.
“Bəhmənli” xalçalarının naxışları XV əsrdən etibarən Azərbaycanda toxunmağa başlayan məşhur “Əjdahalı” xalçalarının interpretasiyasıdır. “Əjdahalı” naxışları Azərbaycana Böyük İpək Yolu vasitəsilə gəlmiş və Azərbaycan xalça sənətinin inkişafında mühüm rol oynamışdır.
Hədiyyə olunan xalça 2014-cü ildə Azərbaycan Xalça Muzeyində Lalə Əliyeva tərəfindən toxunmuşdur. Azərbaycan Xalça Muzeyi tərəfindən Viktoriya və Albert Muzeyi ilə birgə əməkdaşlıq haqqında razılıq əldə edilmişdir. Bu müqavilədə bərpa və konservasiya üzrə təcrübə mübadiləsi, elmi-tədqiqat işi, birgə sərgi layihələrinin hazırlanması, eləcə də muzey fəaliyyəti barədə məlumat və metodiki ədəbiyyatların mübadiləsi üzrə əməkdaşlıq nəzərdə tutulub.
Səfər çərçivəsində Azərbaycan Xalça və Milli İncəsənət muzeylərində olan professor Martin Rot hər iki muzeyin eksponatları ilə tanış olmuşdur.
Azərbaycan Xalça Muzeyi tərəfindən Viktoriya və Albert Muzeyi ilə birgə əməkdaşlıq haqqında razılıq əldə edilmişdir. Bu müqavilədə bərpa və konservasiya üzrə təcrübə mübadiləsi, elmi tədqiqat işi, birgə sərgi layihələrinin hazırlanması, eləcə də muzey fəaliyyəti barədə məlumat və metodiki ədəbiyyatların mübadiləsi üzrə əməkdaşlıq nəzərdə tutulub.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.