“Ad oğrusunun adı”

Yazıçı- publisist Ramiz Abbaslının “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxmış bu kitabında Qafqazdakı qədim torpaqlarımızı, maddi və mədəni varidatımızı güclü himayədarlarının köməyi, hiylə, saxtakarlıq  və xəyanətlə ələ keçirmiş ermənilərin tarixi “ad oğrusu”na çevrilməsinin anatomiyası bədii- elmi səpkidə oxuculara təqdim olunur. Kitabın ilk nüsxələrini redaksiyamıza gətirən müəllif illərdən bəri apardığı vətəndaş axtarışlarının yekunu olan “Ad oğrusunun adı” romanının məramını belə açıqladı:

— Hər bir azərbaycanlının qəlbində illərdir ki, Qarabağ yarası qövr eləyir. Elə yazar tapılmaz ki, bu mövzuda nəsə qələmə almasın, çıxışları olmasın. Bu fəlakətlə bağlı artıq bütöv bir kitabxana yaradılıb. Mən də xalqımız üçün ən ağrılı mövzudan yan keçə bilməzdim. Bundan əvvəl işıq üzü görmüş “Zülmət gecələr” kitabına daxil olan “Aqoniya” romanında, “Axşambazarı” hekayəsində ermənilərin torpaqlarımızı işğal etməsi, xalqımıza qarşı soyqırımı törətməsi müəyyən qədər bədii əksini tapıb. Bundan başqa, ingilis müəllifin Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən kitabına cavab olaraq yazdığım məqalə “Xalq qəzeti”ndə çap olunub. Lakin ilk dəfədir ki, Qarabağ məsələsi ilə bağlı tarixin dərinliyindən qaynaqlanan erməni firnəkarlığına və təsavüzkarlığına bütöv bir kitab həsr etmişəm.

Erməni tarixində iddia olunur ki, guya, Qarabağ, eləcə də Kür çayının sağsahili ərazilər bizim eradan əvvəl ikinci əsrdən “Böyük Ermənistan” adlı “dövlət”ə məxsus olub. Bu uydurma tarixi oxuyan erməni hesab edir ki, orada yazılanlar düzdür. Aldadılmış və irtica yoluna salınmış bu xalq belə iddia edir ki, “ tarixi ədalət bərpa olunmalı”, Azərbaycan ərazisinin yarısı Ermənistana birləşdirilməlidir. Əslində, erməni tarixi necə uydurulub, onun mahiyyəti və məzmunu nədən ibarətdir? O tarixdən qaynaqlanan erməni iddialarının real əsası varmı?  Məni bir vətəndaş, yazar kimi bu sual uzun illər ağrıtmış, həqiqət axtarışına sövq etmişdir. Sonuncu kitabımda əldə olan tarixi faktlara əsaslanaraq geniş oxucu kütləsində bu mövzuya aydınlıq gətirməyə çalışmışam. Sovet dövründə Azərbaycan xalqı öz həqiqi tarixindən uzaq salınmışdı, hakim dairələrin diqtəsi ilə yazılanlar isə xalqa kimliyini və tarixi vətənini olduğu kimi çatdırmırdı.

Ermənilər isə mifik tarixlərini elmə gətirir, tədris və təbliğ edir, tarixi romanların və digər “sənət əsərləri”nin köməyi ilə milyonların beyninə yeridir, müxtəlif yollarla siyasət müstəvisinə çıxarırdılar. Onlar bu gün də yatmırlar, erməni təbliğat maşını tam gücüylə işləyir. Bu yaxınlarda ermənilərin internetdə yaydığı ekranlaşdırılmış yalanla tanış oldum. Qondarma erməni tarixi əsasında çəkilmiş bu “film”də mifik erməni dövlətinin “üçminillik” tarixindən dəm vurulur, Xəzər dənizinin o dövlətin şərq hüdudu olduğu iddia edilir, Azərbaycan xalqının varlığı, tarixi və mədəniyyəti inkar olunur.

Ramiz Abbaslı daha sonra qeyd etdi ki, erməni yalan maşınının var gücü ilə işlədiyi bir vaxtda hər bir azərbaycanlının, o cümlədən tədqiqatçının, yazarın həqiqət savaşında yaxından iştirak etməsi lazımdır. Bu baxımdan “Ad oğrusunun adı” romanı həqiqəti öyrənmək və soydaşlarına da söyləmək istəyən yazıçının nəsə bir iş görmək, ideoloji cəbhədə tüğyan eləyən erməni hucumuna qarşı mübarizədə döyüşmək istəyindən yaranıb.

Bu gün tarixçilərimiz həqiqətin dərinliklərinə baş vururlar, keçmişimiz barədə yeni-yeni əsərlər çap etdirirlər. O kitabları oxuduqca gerçək tariximiz barədə yeni biliklər alırıq. Lakin geniş oxucu kütləsi keçmiş barədə bilgiləri yalnız tarix kitablarından  ala bilməz. Azərbaycan torpaqlarında özünə dövlət quran, Dağlıq Qarabağı və ətraf rayonları işğal edən, qalan torpaqlarımıza da göz dikən, azərbaycanlı balalarını diri-diri divara mismarlayan, dərilərini soyan, südəmər körpələri analarının əlindən alıb alovun içinə atan vəhşiləşmiş düşmənin əsl simasını xalqa tanıtmaq, onu intiqama və qələbəyə hazırlamaq üçün sənət adamları da təsirli işlər görməlidirlər.

Yazıçı sonda dedi:

— Bədii ədəbiyyatın bir vəzifəsi də insanlara yeni biliklər aşılamaqdır. Yeni yazdığım kitabda son beş yüz ilə, eləcə də miladdan əvvəlki minilliklərə maraqlı bədii ekskurslar, elmi istinadlar var. Əsərin əsas personajları siyahısında rus çarları I Pyotr, I Yekatrina, rus şairi Puşkin və yazıçı Qriboyedov, roma sərkərdələri Lukull, Pompey, Mark Antoni, parfiya çarları II Mitridat, IV Fraat, əldən-ələ keçib xarabazara çevrilmiş Armini vilayətinin canişini vəzifəsinin icraçıları - midiya zadəganları Artaksi və Tiqran da yer alıb. Ümid edirəm ki, tarixi həqiqətin bədiiləşmiş mənzərələri, elmi gerçəkləri oxucular üçün gərəkli olacaq.

Hazırladı:

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında