Ənvər Paşanın nəvəsi Osman Mayatepek: “Azərbaycanda Ənvər Paşa unudulmur”

1918-ci ilin sentyabrın 15-i. Məhz bu tarixdə Osmanlı hərbiyyə naziri Ənvər Paşanın göstərişi ilə Azərbaycanın köməyinə gəlmiş Qafqaz İslam Ordusu  Nuru Paşanın komandanlığı altında Bakını  daşnak-bolşevik qüvvələrindən azad etdi. O qüvvələrdən ki, 1918-ci ilin mart ayından ölkənin müxtəlif şəhərlərində türk-müsəlman əhaliyə amansızcasına divan tutur, qətl törədirdilər. Aradan illər keçsə də, bu iki qəhrəman ölkəmizdə bu gün də sayğı və rəhmətlə xatırlanır.

 Bu yaxınlarda Ənvər Paşanın nəvəsi Osman Mayatepekin Bakıya qonaq gəlməsi və “Dədəm Ənvər Paşa”  kitabını Azərbaycan oxucularına təqdim etməsi  önəmli hadisəyə çevrildi. Parlament Jurnalistlər Birliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində baş tutan görüşdə Osman Mayatepek babası və əmisinin sayğı ilə anılmasından məmnun olduğunu bildirdi. “Mən bu gün öz məmləkətimdəyəm. Babam, əmim və onların əmisi bu ölkə uğrunda vuruşub və onlar unudulmurlar. Çox sevindirici haldır ki, Azərbaycanda Ənvər Paşanı çox yaxşı tanıyırlar."

Osman Mayatepek 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və babası Ənvər Paşanın qəhrəmanlıqlarından danışarkən kitabın yazılma səbəbini də qeyd etdi: “Bu kitabı yazmaq iki ilə yaxın vaxt apardı. Kitabda daha çox Ənvər Paşanın bilinməyən tərəflərini önə çıxarmışam”.

Azərbaycandakı qardaş-bacılarının çətin günündə onların xilasını düşünən Ənvər Paşa 1921-ci ildə Orta Asiyaya gedərək burada sovet hərbi birliklərinə qarşı mübarizə apardı. Onun düşüncə və məqsədi kölə vəziyyətində olan türk-müsəlman xalqlarını xilas etmək idi. Təəssüf ki, 1922-ci il avqustun 22-də  erməni  Akop Melkonyanın komandanlıq etdiyi bolşevik quldur dəstəsinə qarşı döyüşdə həyatını itirib, Tacikistanın Çeyen kəndində dəfn edilib. İllərdir, tanınmış hərbçinin məzarını qoruyub saxlayan yerli tacik ailəsinin sədaqəti sayəsində məzar Türkiyədən gəlmiş xüsusi qrupun sayəsində 1996-cı ildə açıldı. Ənvər Paşanın nəşi vətəni Türkiyəyə gətirilərək dəfn edildi. Sözügedən kitabda bununla bağlı diqqətçəkən məqamlar və fotolar da yer alır.

     Qeyd edək ki, sözügedən kitab Fatih Bayhanın Osman bəylə söhbəti əsasında yazılıb. Nəşrdə Osmanlı hərbiyyə nazirinin ictimai və hərbi fəaliyyəti, ailə başçısı kimi xarakteri, həyat yoldaşı ilə məktublaşmaları kimi maraqlı məqamlar yer alır. Kitaba həmçinin indiyə kimi, demək olar ki, heç bir yerdə yayımlanmamış tarixi fotolar, eləcə də paşanın çəkdiyi karikaturalardan nümunələr də  kitaba daxil edilib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında