Son vaxtlar Azərbaycan Respublikası mədəniyyətlərarası dialoqun real mərkəzinə çevrilib. Bu da təsadüfi deyil. Azərbaycan həmişə milli mədəniyyətlərin qovuşduğu diyar, tolerantlıq məkanı olmuşdur. Burada müxtəlif millətlər və xalqlar dini və etnik mənsubiyyətindən asılı olmayaraq mehriban dostluq şəraitində yaşamış və bu gün də müstəqil dövlətimiz müxtəlif xalqların və millətlərin birgəyaşayış ənənələrini qoruyub saxlayır. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Prezident İlham Əliyevin dediyi kimi ölkəmiz əsrlər boyu burada yaşayan bütün millətlərin, dinlərin nümayəndələri üçün Vətən olmuşdur. “Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirik ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır”.
Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrı-seçkilik ucbatından haqsızlığa məruz qalsa da, özünün ali milli keyfiyyətlərinin tərkib hissəsi olan tolerantlıq, dözümlülük, multikulturalizm kimi yüksək dəyərlərini daim yaşatmış, bu xüsusiyyətlərini itirməmişdir. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələrin nüfuzlu ictimai, siyasi, elm xadimləri, din rəhbərləri və təmsilçiləri, əldə etdiyimiz böyük nailiyyətləri, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və bu sahədəki zəngin təcrübəni öyrənmək, yaymaq, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər.
Ölkəmizdə heç vaxt dini, yaxud da milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və yəqin ki, bundan sonra da olmayacaq. Bu mənada, multikulturalizmin inkişafı sülhün, təhlükəsizliyin, dincliyin təmin edilməsi üçün vacibdir, önəmlidir.
Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Bu xalqlara mənsub olan tarixi və dini abidələr dövlətimiz tərəfindən qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə təmin olunub. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir.
Bu gün Azərbaycan bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur.
Məlum olduğu kimi, 2008-ci ildən Bakı Prosesi başlanılmışdır. O vaxtlar respublikamızın paytaxtında keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam ƏməkdaşlıqTəşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak edirdilər. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı.
Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir - Mədəniyyətlərarası Dioloq Forumu keçirildi.
Son vaxtlar ölkəmizdə bu sahədə davamlı iş aparılması, multikulturalizm prosesinin daha əhəmiyyətli rol oynamasının təşkili məqsədilə Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır. Fərmanda qeyd edilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Hazırda Azərbaycan III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır. Bu tədbirin keçirilməsi ilə bağlı dünyanın bir çox ölkələrində, beynəlxalq təşkilatlarda hazırlıq işləri görülür.
Məsələn,İslam Dünyası üçün Mədəniyyət Strategiyasının İmplementasiyası üzrə Məşvərət Şurasının 13-cü toplantısında 2015-ci ilin may ayında Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və İSESCO-nun tərəfdaşlığı məsələləri müzakirə olunub. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək forumun prioritetlərini və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesini təqdim edib.
ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası martın 3-də keçirilən plenar ijlasında Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul edib. Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur.
Həmçinin bildirilib ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas təjrübəsi ilə beynəlxalq ijtimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir.
Qətnamədə eyni zamanda, 2015-ci ilin 18-19 mayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qeyd edək ki, bu qətnamə ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ikinci sənəddir. İlk belə sənəd bu ilin 23 fevralında Nyu Meksiko Ştat Senatında qəbul olunub
Ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir. Bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxtımız Bakı şəhərində keçiriləcək əhəmiyyətli beynəlxalq tədbirdə qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılacaq, bəşəriyyətin bu günü və gələcəyi üçün əhəmiyyətli problemlərə diqqət yetiriləcək. III Mədəniyyətlərarası Dialoq Forumu qloballaşan dünyamızın mədəni inkişafının gələcək yoluna işıq salacaq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.