Novruzun elmi-astronomik əsasları

Novruzun elmi astronomik əsasları sırf kainat qanunlarına söykənir. Təbiət qanunlarına əsaslanması onun sırf kainat hadisəsi olduğunu təsdiqləyir. Bu dərin elmi əsasları Novruzu əfsanələşdirilmiş illüziyalardan uzaqlaşdırır. Sırf kosmik qanunlara söykənən Novruz həyati gerçəkliyin təsdiqidir. İnsanların bu əbədi və dəyişilməz kainat qanununu necə öyrənmələri hələ də tam elmi izahını tapmayıb. Tədqiqatçılar bunun ən çox insanların çoxillik müşahidələri əsasında müəyyənləşdiyi qənaətindədirlər. Bu mülahizə  inandırıcı görünür. Bununla bərabər, qədim insanlar Novruz sistemini, onun komponentlərini və Novruzdan başlanan Yeni il təqvimlərini həyati müşahidələrdən əlavə, həm də dəqiq elmi əsaslar üzərində yaratmışlar. Milladdan çox-çox əvvəllər yaşamış insanın yaratdığı təqvimlərin qüsuru son dərəcə cüzi olmuşdur.

E.ə. VI əsrdə midiyalıların Yeni ilin Novruzdan (martın 21-dən) başlamaları sırf astronomik elmi əsaslarla bağlı idi. Həmin gün Yerin şimal yarımkürəsində gecə gündüzlə bərabərləşir. İnsanların arzu-istəyindən, iradəsindən asılı olmayaraq, ilin yeni fəsli — yaz başlanır. Fəsillərin ardıcıl bir-birini əvəz etməsi, Yerin Günəş ətrafında fasiləsiz dövr etməsi pozulmaz, dəyişməz olan əbədi kainat hadisəsidir. Yaz, yay, payız və qış ardıcıllığı və əvəzlənməsi Günəş-Yer harmoniyasının əbədi hərəkətinin nəticəsidir. Bu pozulmaz, dəyişilməz növbəli ardıcıllığa səbəb Yer oxunun Günəş ətrafına dolandığı orbit müstəvisinə 66, 33 dərəcə meyilli olmasıdır. Bu ox öz yerini paralel şəkildə dəyişdirdiyindən ilboyu növbə ilə gah şimal, gah da cənub ucu, yəni planetin əks qüvvələri Günəşə meyilli olur. Bu vaxt Günəş Yerin növbə ilə həm şimal, həm də cənub yarımkürəsini qızdırır və işıqlandırır. Elə bunun nəticəsidir ki, şimal yarımkürəsində yay olursa, cənubda bunun əksinə qış olur. Şimalda yazdırsa, cənubda həmin vaxt payız olur və yaxud əksinə. E.ə. yaşamış əcdadlarımızın dəqiq müəyyənləşdirdikləri bu astronomik hadisənin sırf elmi əsaslara söykəndiyi sonradan modern elmi texnologiyalar sayəsində birmənalı təsdiq edilmişdir.

Azərbaycan MEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsinin rəhbəri Rəhim Zeynalov “Kainatın bayramı” məqaləsində yazır: “Günəşin ekliptika (fələk) adlanan zahiri hərəkət müstəvisi ilə ekvator müstəvisi 23 dərəcə 27 dəqiqə bucaq altında sferanın mərkəzindən keçən bir düz xətt boyunca kəsişirlər. Bu düz xəttin göy sferini kəsdiyi nöqtələr bərabərlik nöqtələri adlanır. Bu nöqtələrin birində Günəş göy ekvatorunu kəsərək, göy sferinin cənub yarımkürəsindən şimal yarımkürəsinə, digərində isə tərsinə-şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu nöqtələrə, uyğun olaraq, yaz və payız bərabərliyi deyilir. Günəş öz zahiri hərəkətində bu nöqtələrdə (ilin qısa və uzun olmasından asılı olaraq) martın 21-də (bəzən 20-də) və sentyabrın 23-də (bəzən 22-də) olur”.

Yuxarıda qeyd olunan astronomik hadisə sakini olduğumuz şimal yarımkürəsinə aiddir. Şimal yarımkürəsində yaz fəsli martın 21-dən iyunun 21-dək, yay fəsli iyunun 22-dən sentyabrın 22-dək, payız sentyabrın 22-dən dekabrın 22-nə, qış dekabrın 22-dən martın 22-dək davam edir. Bu qeydəalma Novruz təqviminə əsaslanır. Artıq yazın başlanğıcı şimal yarımkürəsində yaşayan xalqlar, o cümlədən Azərbaycan xalqı üçün həmişəlik qəbul olunub.

İnsan uzunmüddətli vaxtların hesablanması üçün təqvimlər yaratmışdır. Hər bir yaradılmış vaxt, zaman ölçüsünün özünəməxsus astronomik elmi əsasları mövcuddur. Hələ miladdan çox-çox əvvəl insanlar ciddi həyati zərurət duyduqları təqvimləri araya-ərsəyə gətirmişlər. Tarixin yaddaşı bu günə qədər özündə üç təqvim sistemini qoruyub saxlamışdır. Başqa sözlə, üç növ təqvim mövcud olmuşdur. Digər tarixi faktlardan fərqli olaraq, təqvimlər tarixlə birgə yaşamış, ona zaman-zaman yoldaşlıq etmişdir. Obrazlı desək, tarix — təqvim, təqvim — tarix deməkdir. Tarix və təqvim — hər ikisi zamanın möhürüdür. Bu səbəbdən təqvimlər tarixin yaddaşından sürüşüb düşə bilməzdi. Hər üç təqvim — Günəş təqvimi, Ay təqvimi və Ay-Günəş təqvimi astronomik elmi dəlillərə əsaslanır.

Ehtimal etmək olar ki, Ay təqvimi Günəş təqvimindən bir qədər əvvəl yaranıbdır. Bu mülahizəni Ay təqvimindəki mövcud olan qüsurlara görə irəli sürürük. Ay təqviminin əsasında zaman vahidi olaraq Ayın Yer ətrafında sinodik dolanma dövrü durduğu üçün ay təqvimləri adlanır. Sinodik ay isə Ayın eyniadlı iki ardıcıl səfhəsi arasındakı müddət deməkdir. Bir sinodik ay 29, 53 gündən ibarət idi. Bir qədər də dəqiq desək, 29 gün 12 saat 1 dəqiqə 12 saniyədən ibarətdir. Bir nominal gün Yer kürəsinin öz oxu ətrafında tam fırlanma vaxtıdır. Hər bir təzə ay Ayın doğulduğu gündən başlanır. Bir “Ay il” 12 aydan, yəni 354,36 (12 ay 29,53 gün) gündən hesab edilirdi. Ay ili 354, uzun il olduqda isə 355 gündən ibarət olurdu. Buradan da görürük ki, Ay ili Günəş ilindən düz 11 gün qısa olubdur. Bu səbəbdən də Ay ilinin başlanğıcı hər il irəli sürüşürdü. Bu sürüşmə və çatışmazlıqlar Ay təqviminin qüsurlarını açıq-aşkar göstərirdi. Konkret qüsurların əzabını çəkən insanlar yeni təqvim yaratmaq haqqında fikirləşməli oldular. E.ə. VI əsrdə “Avesta” təqviminə və e.ə. II minillikdə Babilistanda Günəş təqviminə keçməli olmuşlar. Günəş təqvimi Günəşin hərəkət xəttinə əsaslanır. Bu təqvimin əsas zaman komponentləri sutka və tropik ildir. Günəş (tropik) ilinin uzunluğu 365, 25 gün qəbul edilirdi. Daha dəqiq desək, 365 gün 6 saat idi. Bu da 12,4 ay (12 ay, 12 gün) təşkil edirdi ki bir neçə ildən bir Ay ilinə 3 ay da əlavə olunurdu. Bu əməliyyatı aparmaqda məqsəd Ay təqvimi ilini Günəş ilinə yaxınlaşdırmaq idi. Bununla da, Ay-Günəş təqvimi yaradılmışdır. Ay-Günəş təqvimini Babilistandan başqa, Çin, Yunanıstan, Roma və başqa qədim ölkələrdə də tətbiq etmişlər. Bu günün özündə belə, bir çox ölkələrdə hələ də Ay-Günəş təqvimindən istifadə olunur.

Açıq-aydın görünür ki, haqqında söhbət açdığımız hər iki təqvim sistemi - Ay və Ay-Günəş sistemi qüsurlardan xali deyildir. Həmin təqvimlərdə günlər (tarix) və dini bayramlar fəsil və mövsümlərdə yerlərini dəyişirdi. Bu nöqsanlar Günəşin ekliptika dairəsi üzrə hərəkəti və dövrləri əsasında hazırlanmış təqvimlərin, daha doğrusu, Günəş təqvimlərini meydana gətirmişdir. Vaxtın Günəşin hərəkəti ilə hesablanması eramızdan hələ dörd min əvvəl qədim Misirdə yaradıldığı ehtimal olunur. Günəş təqvimi daha mükəmməl və geniş yayılmış bir təqvimdir. Qeyd edildiyi kimi, Günəş ilinin uzunluğu 365 gün qəbul edilmişdir. İl 12 aydan, hər ay isə 30 gündən ibarət olmuşdur. Yerdə qalan 5 gün isə ilin sonuna əlavə olunmuşdu.

Yerin Günəş ətrafında illik qət etdiyi məsafə orbit üzrə 940 milyon kilometrdir. Bu məsafəni Yer saatda 107 min kilometr və yaxud 29, 8 kilometr/saniyə sürəti ilə qət edir. Yerin Günəş ətrafında tam dövr etməsi 365 sutka 5 saat 48 dəqiqə 46 saniyəyə başa gəlir. Bu müddət il adlanır. Yer kürəsi öz oxu ətrafında tam hərəkətini 24 saata (daha dəqiqi 23 saat 56 dəqiqə 48 saniyə) başa vurur.

Yerin öz oxu ətrafında tam fırlanmasına bir gün (sutka)  gecə-gündüz deyilir.  Yerin fırlanması nəticəsində gecə ilə Gündüz növbələşir və vaxt vahidi yaranır. Bu harmoniyanın sayəsində Yer səthində işıq-isti və soyuğun dəyişməsi - atmosfer sirkulyasiyası yaranır. Bununla bərabər, Yerin saat qurşaqlarını ayırmaq, vaxtı dəqiq hesablamaq mümkün olur. Yer öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət edir. Elə bu səbəbdən də Günəş şüaları Yer üzünü şərqdən qərbə doğru meridianlar üzrə işıqlandırır. Hər bir meridian xətti üzərində yerləşən ərazilər eyni vaxt ərzində Günəş işığına qərq olur. Coğrafi enliyindən asılı olmayaraq, coğrafi uzunluqları eyni olan bütün coğrafi məkanlarda vaxt fərqlənmir. Bu, “yerli vaxt” adlandırılır.

Yerin Günəş ətrafında fırlanması nəticəsində fəsillərin yaranması da astronomik elmi əsaslarla sübuta yetirilmişdir. Sırf Novruz mövzusu ilə bağlı olduğuna görə elə ilin başlanğıc günü olan 21 martdan başlayaq. Aydındır ki, 21 martda Günəş qütblərdən eyni məsafədə yerləşən ekvator xətti üzərində zenitdə olur. Günəşin bu mövqeyi nəticəsində onun şüaları Yer kürəsinin şimal və cənub yarımkürələrini eyni vaxtda bərabər işıqlandırır və qızdırır. Bu vaxt gecə ilə gündüz bərabərləşir. Martın 21-nə yaz gecə-gündüz bərabərliyi deyilir. Martın 21-dən Yer kürəsi də elə bir mövqe tutur ki, Günəş tədricən şimal yarımkürəsinin üzərinə doğru meyillənir. Bu zaman şimal yarımkürəsində gündüzün uzunluğu tədricən artır, temperatur yüksəlir. Bu astronomik hadisəyə görə 21 mart şimal yarımkürəsində yaz fəslinin başlanğıc günü hesab olunur.

Bir sıra Şərq ölkələrində martın 21-i yeni ilin başlanması kimi qeyd olunur. Üç aydan sonra 22 iyunda Günəş ekvatordan 23° 27’şimal enliyi (paraleli) üzərində zenitdə olur. İyunun 22-si şimal yarımkürəsində ən uzun gün və ən qısa gecə olur. Ona görə də 22 iyuna yay gündönümü deyilir. 22 iyun şimal yarımkürəsində yay, cənub yarımkürəsində isə qış fəslinin başlandığı gündür. Bu müddətdə Yerin şimal yarımkürəsində 4,6 dəfə istilik artır.

Sentyabrın 23-də yenidən Yer kürəsi fəzada elə bir mövqedə olur ki, Günəş şüaları ekvator xəttinin üzərində zenitdə olur. Ötən vaxt müddətində şimal yarımkürəsində günün uzunluğu tədricən qısalır, gecə uzanır, istilik artır. Bu dəyişikliyin nəticəsidir ki, 23 sentyabr şimal yarımkürəsi üçün payız, cənub yarımkürəsi üçün isə yaz fəslinin başlanması günüdür.

23 sentyabrda Günəş 21 martda olduğu kimi, Yerin şimal və cənub yarımkürələrini bərabər səviyyədə isidir və işıqlandırır. Bununla yanaşı, sutka ərzində gecə və gündüzün uzunluğu tam bərabər olur. Elə bu kainat hadisəsinə görə 23 sentyabra payız gecə-gündüz bərabərliyi deyilir. Günəşin şimal və cənub yarımkürəsində olduğu müddətlərdə gecə ilə gündüzün uzunluqlarında müəyyən vaxt fərqləri nəzərə çarpdığı halda, Günəş ekvator xətti üzərində, zenitdə olduğu zamanda (21 mart və 23 sentyabr) gecə ilə gündüz arasında heç bir fərq müşahidə olunmur. Elə yaz və payız gecə-gündüz bərabərliyi məfhumu da bununla bağlı yaranmışdır.

23 sentyabrdan başlayaraq Günəş cənub yarımkürəsi üzərinə keçməklə üç aydan sonra, yəni 22 dekabrda 23,5° cənub enliyinə çatır. Bu vaxt şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Bu zaman yerin cənub qütb sahəsi Günəşə daha çox meyillənmiş olur. Günəşin cənub yarımkürəsi üzərində 23,5° cənub paralelində, zenitdə olduğu 22 dekabra qış gündönümü deyilir.

Günəş 22 dekabrda, 23.5° cənub enliyindən ekvatora doğru dönərək üç aydan sonra, yəni 21 martda yenidən ekvator xətti üzərində, zenitdə olur. Bununla da, yenidən şimal yarımkürəsində bir daha yaz fəsli başlanır. Yerin Günəş ətrafında hərəkəti ilə əlaqədar olaraq fəsillərin əmələ gəlməsi və növbələşməsi dövrü bir il müddətinə başa çatır. Yer kürəsində il ərzində bir-birini müntəzəm əvəz edən 4 fəsil - yaz, yay, payız və qış yaranır.

Yuxarıda göstərilənlər fəsillərin ardıcıl bir-birini əvəz etməsi haqqında astronomiya elminin qəti qənaətidir. Ancaq eramızdan xeyli əvvəl yaradılmış Novruz sistemindən qidalanan təqvimlərlə elmin son texnologiyası əsasında yaradılan müasir təqvimlər arasında elə bir ciddi fərq yoxdur. Əslində, bütün təqvimlər mahiyyətcə bir-birinə çox yaxındırlar. Onlar yalnız bəzi zahiri dəyişikliklərlə fərqlənirlər. Ona görə ki, bütün təqvimlər (lap qüsursuzlar belə) kainat qanunauyğunluqlarına söykənir. Burada bir məsələyə toxunmaq gərəkli olardı. Yuxarıda gördük ki, fəsillərin bir-birini ardıcıl və müntəzəm əvəz etməsi, ilin martın 21-də dəyişməsi sırf kainat hadisəsidir. Bu, əbədi və əzəli, pozulmaz və dəyişilməz kainat hadisəsi astronomik elmi əsaslarla sübuta yetirilib. Bu məsələ artıq birmənalı həllini tapdığından heç kəsdə şübhə doğurmur. Sırf astronomik elmi şərhini tapmış illərin bir-birini əvəz etməsi məsələsinə Novruz sistemində olduğu kimi, rəvayətlə bağlamaq istəmişlər. İlin müəyyən bir heyvanın (at, it, pələng, dovşan və s.) üstündə təhvil olmasına da insanlar inanmışlar.

Cəfər Quluzadə “Bahar nə zaman başlanır?” məqaləsində yazır ki, ilin nə üstə təhvil olmasının heç bir elmi əsası yoxdur. Akademik Fuad Qasımzadə də onun bu mülahizəsi ilə razılaşmışdır. Onun qənaətincə, il heç bir heyvan üstə təhvil olmur. Bunun ardınca F.Qasımzadə yazır ki, məsələnin özünün doğmasının müəyyən dərəcədə elmə, təqvimə, astronomiyaya aidiyyəti var və bunu izah etmək lazımdır. F.Qasımzadə bu mülahizəsində də tamamilə haqlıdır.

Fikrimizcə, qədim insanlar əsassız, maddi-mənəviyyatsız heç nə yaratmayıblar. İlin hər hansı heyvan və həyati ünsürlər üstündə təhvili məsələsi də tamamilə maddi-mənəvi əsassız ola bilməz. Çox böyük ehtimalla deyə bilərəm ki, ilin heyvanlar və həyat ünsürləri üzərində təhvili kainat (kosmos) və planet (yer) münasibətlərinin əvəzsiz, dəyişilməz olduğuna, təbiət və cəmiyyət münasibətlərinin qarşılıqlı harmoniyasına açıq işarədir. Bir qədər də açıqlasaq, belə qənaət hasil olur ki, insan bütövlükdə kainat və planetdən kənarda yaşaya bilməz. Kosmos və Yer dəyişilməz və əbədi vəhdətdədir. Kosmosdakı bütün dəyişikliklər, xüsusən Günəş və Ayın qarşılıqlı harmonik astronomik asılılığı insan həyatına, hətta hər bir insanın şəxsi taleyinə birbaşa təsir göstərir. Həmin təqvimlərin yaradıcılarının da məqsədi “kodlaşdırılmış” insan bioqrafiyalarının əyani surətdə oxunmasına yardım etmək olubdur. İnsafən də deyək ki, müəyyən mənada bu niyyətə — yaxın gələcəyin proqnozlaşdırılmasına qismən nail də olublar. Göyü (səmanı) planetin və bütövlüklə kainatın aynası, güzgüsü bilən türklər Yer üzərindəki həyatlarını göylərə(səmaya) nəzərən qururdular. Orijinal tədqiqatlar müəllifi olan Razim Əliyevin bu məsələyə yanaşması olduqca məntiqlidir. O, “Məxfilik qrifi, yaxud mif, fəlsəfə, din və dil düyünü” əsərində yazır: “Əcdad Boz qurd heç də Yer üzərindəki qurd deyil, Səmadakı, göydəki qurddur, bürcdür (çox vaxt qurdu göy dərili təsvir edirlər). Türklərə öz yurdlarına qayıtmaq üçün bələdçilik edən də göydəki qurddur - Qurd bürcüdür. Belə ki, qədim türklər səmada qurd bürcünü istiqamət tutaraq hərəkət etmişlər”.

Qədım Çin mənbələri bu barədə özündə xeyli bilgi saxlayır. Bu bilgiləri çinlilər türklərdən mənimsəyiblər.  Qədim Çin düşüncəsinə görə, dünya 5 əsas ünsürdən ibarətdir. Bunlar su, od, metal, ağac və torpaqdır. Bu ünsürlər hərəkətdə,  sıx əlaqədə və bir-birləri ilə dövri şəkildə qarşılıqlı asılılıqda mövcuddur. Su odu söndürür, od metalı əridir, metal ağacı kəsir, ağac da torpaqda boy atır, torpaqda su yaranır. Bu ünsürlərin hər biri özündə iki səma kötüyünü birləşdirir və iki halda (erkək və dişi) olurlar. Səma budaqları 10, Yer budaqları 12 silsiləli, 60 illik dövrü təşkil edir.

Dünya xalqlarının, demək olar ki, hamısında heyvan kultu bu və ya digər dərəcədə aparıcı olmuşdur. “Qədim dövr allahlarının əksəriyyəti heyvan simalarında təqdim olunurdu.

İlin heyvan və ünsürlər üstündə təhvil verilməsinin özündə elmi izahını hələ dəqiq bilmədiyimiz dərin bir mətləb gizlənir. Əfsanələrə bələnmiş əsl həqiqət tarixin hansı dönəmindəsə, çox güman ki, açıqlanacaqdır. İlin müəyyən heyvanlar üstündə təhvil olmasını bir çox orta əsr mütəxəssisləri də qəbul etmişlər. Zodiak (zodiak yunan sözüdür — “heyvanlar dairəsi” deməkdir) bürclərinin adları şərti olsa da, Günəşin il ərzində hərəkət trayektoriyası həmin bürclərlə əhatə olunur. Günəş il ərzində - 12 ay müddətində zodiak adlanan — Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar bürclərində qərbdən şərqə öz yerini dəyişir. Bu zodiak bürcləri göy sferasının böyük dairəsi boyunca yerləşir. Həmin dairə ekliptika adlanır. Ekliptika müstəvisi ekvator müstəvisi ilə 23 dərəcə 27 dəqiqə bucaq altında sferanın mərkəzindən keçən xətlə kəsişirlər. Yuxarıda qeyd etdik ki, həmin kəsişən nöqtələr bərabərlik nöqtələri adlanır . Bunları qeyd etməkdə məqsədimiz Günəşin zodiak düzümündə hərəkət ardıcıllığını göstərməkdir. 12 zodiak astronomik hadisənin təzahürüdür. 12 zodiakda heç bir fərqlilik yoxdur. Yalnız zodiakların adlarında müəyyən şərtilik ola bilər.

Bütün dünyada tanınmış böyük özbək alimi Uluqbəy (1394-1449) tərtib etdiyi astronomik cədvəllərdə və “Yeni astronomik cədvəllər” əsərində yaz gecə-gündüz bərabərləşməsi vaxtını həmin heyvanların adları ilə 12 yerə bölmüşdür və hərəsinə 2 saat ayırmışdır. 24 saatdan ibarət olan sutkanın hər iki saatı bir heyvanın adı ilə adlanır.

Dəqiq koordinatlar və təsdiqini tapmış astronomik müşahidələr vasitəsilə Novruzun astronomik hadisə olduğu qəbul edilibdir. Martın 21-də Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçməsi, bunun nəticəsində kainat və təbiətdə köklü dəyişikliklərin baş verdiyi gözləgörüləsi, hissolunası, duyulası gerçəklikdir. Kainatın əzəli-əbədi qanunlarına söykənən Novruz sistemi əfsanə və dinlə bağlılığı qəbul etmir. Novruz sistemi kainat qanunlarına əsaslandığından ən qədim dinlərdən olan zərdüştlikdən belə çox-çox əvvəl yaranıb. Novruz bayramının nəinki islam dinindən, hətta atəşpərəstlikdən də əvvəl meydana gəldiyini tarixi fakt və mənbələr təkzibolunmaz dəlillər və sübutlarla təsdiqləyibdir. Görkəmli Azərbaycan şairi N.Gəncəvi “İskəndərnamə”də yazır ki, İskəndər İran və Azərbaycana gəlməmişdən əvvəl buralarda Novruz və Sədə bayramları keçirilirdi. Novruz sisteminin uca nöqtəsi sayılan bayram hissəsi ayın, günün dəyişdiyi astronomik hadisə olduğundan hər hansı dini baxışa və ya digər düşüncəyə  ehtiyacı yox idi. Biruninin dediyi kimi, “bayram var ki, səbəbi dini işlərdir, bayram da var ki səbəbi qeyri-dini işlərdir”. O, Novruzu qeyri-dini bayramlar sırasına aid etmişdir.

İ.S.Braginski “Bahar bayramı haqqında” məqaləsində yazır ki, Novruz bayramından yazan orta əsr müəllifləri Şərq ölkələrində, hətta islam dini yaradıldıqdan sonra da bu bayramda yaz əmək ənənələrinin möhkəm yer tutmasını qeyd etmişlər. “Avesta” Novruz sistemindən kifayət qədər bəhrələnibdir. Zərdüşt dinində od müqəddəs sayılıb. Bu özəl inam Novruzdan gəlirdi. Ancaq Novruzdakı oda inancla “Avesta” inamı arasında kəskin fərq də duyulur. Novruz düşüncəsində odun üstündən tullanmaq, odda təmizlənmək adəti olduğu halda, zərdüştlükdə bu hərəkət qəbahət sayılırdı. Müqqədəs hesab edilən şeyin üstündən tullanmaz, ağırlıq-uğurluğu, azar-bezarı onun üstünə tökməzlər.   Ümumən, vahid bir sistem olan Novruzun son günü astronomik hadisəyə təsadüf etdiyindən təntənəli qeyd olunubdur. Həmin gün - martın 21-i sabitdir. Hər il eyni astronomik hadisə baş verir. Novruz bayramı günü dəyişilməzdir. Tarixin müxtəlif dönəmlərində bu bayramın təntənəsinə, şöhrətinə göz dikilib, şərik çıxılıbdır. Dini bayramlar qəməri təqvimi ilə keçirildiyindən sabit qala bilmir, yerini hər il dəyişir. Qəməri ildə aylar 28-29 gündən ibarət olduğundan il 354 gündən artıq olmur. Günəş təqvimi də bundan 11 gün artıqdır. Elə bu səbəbdəndir ki, qəməri təqviminə əsaslanan dini bayramlar Günəş təqviminə nəzərən hər il 10-11 gün irəli çəkilir. Məsələn, bu il Qurban bayramı aprelin 10-da keçirilibdisə, gələn il fevralın sonuna düşəcəkdir. Daha bir il sonra isə fevralın 20-sinə təsadüf edəcəkdir. Digər dini mərasimlər də (orucluq, məhərrəmlik və s.) bu taleyi yaşayır. Hər il 11 gün fərq olmaqla, hər 33 ildən bir qəməri il, Günəş ilindən düz bir il geri qalır. Bu müqayisə bir daha sübut edir ki, Novruz dini bayram deyil. Dini bayramlar qəməri təqvim, Novruz isə Günəş təqviminə əsaslanır. Novruz bayramı sabit bayram olduğundan İslam din xadimləri rişxəndlə ona “topal bayram” demişlər.

Novruzun İslam dininə bağlılığını açıq-aşkar inkar edən daha bir “əşyayi-dəlil” vardır. 1897-ci ildə F.A.Brokhauz və İ.A.Yefromin Sankt-Peterburqda nəşr etdirdikləri “Ensiklopedik lüğət”də deyilir ki, Novruz baharda gecə və gündüzün bərabərləşdiyi gün şərəfinə keçirilən yeni il bayramıdır, mey və qızılgüllər bayramıdır. Adıçəkilən “Ensiklopedik lüğət”də daha çox diqqətiçəkən Novruzun mey bayramı kimi qeyd olunmasıdır. Mifik şah olan Cəmşidin meyin yaradıcısı olması barədə əfsanə də elə bu fikirdən qidalanır. Novruz bayramında mey (şərab) içilməsi onun islamdan çox əvvəl yarandığını bir daha təsdiqləyir.

Novruz və dinlərin xronologiyasına azacıq nəzər saldıqda görürük ki, bu bayram dinlərdən çox əvvəl meydana gəlib və onun  qanunauyğunluqları tədricən insanların həyat normalarına çevrilibdir.

Xeybər GÖYYALLI

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında