“Mənim günahım” yenidən səhnədə

Azərbaycan dramaturgiyasında özünəməxsus dəst-xətti olan, yaratdığı psixoloji dramatik obrazlarla tamaşaçıları düşündürməyi bacaran Xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri  öz mövzu aktuallığı və estetikası ilə bu gün də seçilir. Dramaturqun 100 illik yubileyi ərəfəsində  “Mənim günahım” əsərinin Akademik Milli Dram Teatrında yeni quruluşda premyerası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşa səhnə tərtibatı, aktyor oyunu, musiqi tərtibatı ilə də seçilirdi.

Əsərin baş qəhrəmanı,  səhnədə balerina kimi tamaşaçıların rəğbət və məhəbbətini qazanan Nurcahan, təəssüf ki, mənəvi cəhətdən naqis insanların olduğu cəmiyyətdə öz saf sevgisi ilə xoşbəxt ola bilmir.  Vəzifə, var-dövlət hərisi olan insanların fitnələri, şayiələri Nurcahan və Sahibin xoşbəxt ailə həyatlarında getdikcə dərin uçurum yaradır. Tamaşada baş rolu—Nurcahan xanım obrazını ifa edən Xalq artisti Məleykə Əsədovanın parlaq oyunu tamaşanın ana xəttini təşkil edir. Nurcahan xanımın və Əməkdar artist Elşən Rüstəmovun oynadığı, vaxtilə kimsəsiz tələbə olmuş Sahibin monoloqları ən təsirli səhnələrdəndir  Tamaşada ikinci maraqlı obraz gənc ikən dara düşdüyü vaxtlarda ona kömək əlini uzatmış, indi isə bunun əvəzini gözləyən “dost”larının təzyiqinə məruz qalan Sahibdir. Lakin o, bütün maneələrə baxmayaraq, öz vəzifəsində namusla, ədalətlə işləyir, tapşırıqları vicdanla yerinə yetirir.       Tamaşada həmçinin digər rolları Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov (Tahir), Əməkdar artistlər Əjdər Həmidov (Almurad), Hicran Nəsirova (Gözəl), Əsgər Məmmədoğlu (Ceyranzadə), aktyorlar Günel İmanova (Ayqız), Elnar Qarayev (Xansu), Rüstəm Rüstəmov (Səxavət),  Ləman İmanova (Natəvan) və başqaları ifa ediblər.

 Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşaya əlavə edilən balet elementləri, baş rol ifaçısının zərif libaslarda görünməsi də bir yenilik idi. Balerina olmaq arzusu ilə yaşayan Ayqız obrazının sonda, maneələrə baxmayaraq, öz arzu və səadətinə qovuşması gəncliyin uğurlu tipik obrazlarındandır.

Qeyd edək ki, “Mənim günahım” pyesi 1967-ci ildə qələmə alınıb, ilk dəfə olaraq, həmin ilin mayın 5-də Əşrəf Quliyevin rejissorluğu ilə səhnəyə qoyulub. Tamaşanın rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Soltan Hacıbəyov olub. Sözügedən quruluşda Nurcahan rolunu Leyla Bədirbəyli və Şəfiqə Məmmədova canlandırıblar.

Final səhnəsi tamaşaçıların alqışları ilə yekunlaşdı. Səhnəyə çıxan yaradıcı heyətə təqdim edilən gül dəstələri və xoş sözlər  tamaşaçı sevgisinin, eləcə də “Mənim günahım”ın uğuru idi.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında