“Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası maraqla qarşılanıb

Martın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib. Bu dəfə tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim  Fərzəlibəyov, quruluşçu rəssamı  İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşanın təqdimatından əvvəl jurnalistlərə müsahibə verən, xalq yazıçısı Elçin İlyas Əfəndiyevin sənət dünyasından söz açıb.

Bildirib ki, 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunub. Yubiley tədbirləri UNESCO və TÜRKSOY tərəfindən də möhtəşəm şəkildə keçirilib. Görkəmli ədibin əsərləri tamaşaya qoyulub və ölkəmizdə elə bir teatr qalmayıb ki, onun əsərlərinə müraciət etməsin. Akademik Milli Dram Teatrı da bu tamaşanı həmin Sərəncama uyğun olaraq hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Mərahim  Fərzəlibəyov uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib və onun yaradıcılığına yaxından bələd olan bir sənətkardır. Bu səbəbdən də teatr əsərin yeni quruluşda hazırlanmasını ona həvalə edib.

Hələ tamaşaya baxmadığını deyən xalq yazıçısı Elçin, böyük səbirsizlikdə səhnə əsərinin premyerasını gözlədiyini bildirib: “Bilirsiniz ”Mənim günahım" İlyas Əfəndiyevin əsərləri içərisində seçilən bir pyesdir. Düşünürəm ki, bu səhnə əsəri tamaşaçıların da marağına səbəb olacaq. Əsərdə rol almış istedadlı aktyor seçimi də bunu deməyə əsas verir".

Tamaşanın quruluşçu rejissoru Mərahim  Fərzəlibəyov deyib ki, bu gün mənim üçün böyük bayramdır. Ona görə ki, İlyas Əfəndiyevin 10-cu əsərinə quruluş verirəm. Bunlardan səkkizi ədibin sağlığında, ikisi isə vəfatından sonra baş verib. Bu əsər balerinanın taleyindən bəhs edir.

Rejissor deyib ki, əsəri yeni quruluşda təqdim edərkən pyesdəki bütün gerçəkliklərin tamaşaçıya çatdırılmasına çalışıb.

Sonra tamaşa təqdim edilib.

Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əsgər Məmmədoğlu, Hicran Nəsirova aktyorlar Günel İmanova, Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları canlandırıblar.

İki hissəli dramatik, etiraf dolu tamaşa böyük maraqla qarşılanıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında