Azərbaycan Moskvada keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” sərgisində təmsil olunur

Martın 17-də Moskvadakı “Metropol” otelində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə ikinci “Conde Nast Traveller Luxury Travel Fair” ilk qlobal lüks səyahət sərgisi açılıb. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edib.

Azərbaycan üçün ayrılmış 304 kvadratmetrlik sahədə qonaqlara ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunub. Bundan əlavə, sərginin  dəvətnamələrində, rəsmi elektron poçt yazışmalarında, döş nişanlarında və reklam lövhələrində Azərbaycan turizm loqosu, 6 ay ərzində tədbirin www.cntfair.com rəsmi internet səhifəsində Azərbaycanın turizm potensialına dair baner yerləşdirilib, həmçinin, ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi təşkil olunub.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirdi ki, “Conde Nast Travelle” jurnalının Moskvada təşkil etdiyi sərgi Rusiya bazarında ölkəmiz üçün mühüm rol oynayan bir seqmenti əhatə edir. Sərgidə dünya turizm sənayesinin yüksək səviyyəli 500-dən çox aparıcı şirkəti iştirak edir.

Nazir deyib: “Hazırda zəngin və imkanlı turistlərin ölkəmizə cəlb olunması bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycana gələn hər bir turist təxminən 700 dollar vəsait xərcləyir və biz bu rəqəmin artmasında maraqlıyıq”.

Ə.Qarayev vurğulayıb ki, Azərbaycan Turizm Assosiasiyası və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində sərgidə ölkəmizin 27 ən böyük oteli təqdim olunur. Əlbəttə, viza tətbiq olunmaması, nəqliyyat strukturunun rahatlığı Rusiya bazarının Azərbaycan turizmi üçün önəmini artırır. Biz bu sərgi ilə yanaşı, Moskva Beynəlxalq Turizm sərgisində, Rusiya regionlarında keçiriləcək sərgilərdə də iştirak etməyi planlaşdırırıq. Lakin bu sərgi bizim üçün daha önəmlidir. Belə ki, “Conde Nast Travelle” dünyanın ən nüfuzlu turizm jurnallarından biridir. Jurnal dünyanın 12 ən böyük şəhərində yerləşən qərargahları ilə yanaşı, lüks səviyyəli turizmin maraq dairəsində olan “Vogue” “GQ”, “Architectural digest” kimi nəşrlərdə təmsil olunur.

Qeyd edək ki, martın 16-da Moskvada  “Conde Nast Travelle” jurnalının oxucuları arasında keçirilən sorğuda “Ən qonaqpərvər şəhərlər” nominasiyasında 5 şəhər – Paris, Poma, Banqkok və Dubayla yanaşı, Bakının da namizədliyi irəli sürülmüşdü. Sorğuda  bu nominasiyada  İtaliyanın paytaxtı Roma qalib gəldi. Mükafatı Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təqdim edib. Nazir həmçinin qeyd edib ki, Bakının namizədliyinin dünya turizminin aparıcı şəhərləri ilə eyni siyahıda irəli sürülməsi, Azərbaycanın turizm industriyasında özünəməxsus yer tutmasından xəbər verir.

Ə.Qarayev deyib: “Qarşıda bizi Birinci Avropa Oyunları gözləyir. Oyunlar zamanı turistlərin ölkəmizə cəlb olunması üçün Azərbaycanın müasir görkəminin, tarixinin, mədəniyyətinin, adət və ənənələrinin təbliği əsas vəzifələrdəndir”.

Sərgidə Azərbaycan üçün ayrılmış sahədə ölkəmizin qabaqcıl turizm obyektləri, o cümlədən “Gilan tourism”, “İmprotex travel”, “Khazar travel” turizm şirkətləri, “Absheron hotel Group”, “Caspian Sea Resort hotel”, “Four Seasons hotel Baku”, “Hilton Baku”, “Hyatt Regency Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski hotel Badamdar” və başqaları təmsil olunub.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında